Vaşinqton isə Tehrana qarşı sanksiyaları daha da sərtləşdirir
ABŞ prezidenti Barak Obamanın Iranın ələ keçirdiyi “RQ-170 Sentinel” pilotsuz kəşfiyyyat təyyarəsini rəsmi olaraq Tehrandan tələb etməsindən sonra dövlət katibi Hillari Klinton Tehran rejimindən müsbət cavab gözləmədiklərini bildirib. Iranın müdafiə naziri Əhməd Vahidi Obamanın müraciətinə cavab olaraq deyib ki, kəşfiyyat təyyarəsi artıq onun ölkəsinə aiddir.
Iranın Xarici Işlər Nazirliyi də bir neçə gün əvvəl ölkənin Silahlı Qüvvələri tərəfindən vurulan ABŞ-ın kəşfiyyat təyyarəsinin geri qaytarılmasıyla bağlı müraciəti cavabsız qoyub. Nazirliyin sözçüsü Ramin Mehmanpərəst ABŞ-ın onun ölkəsinin daxili işlərinə müdaxilə etdiyini bildirib. O, təyyarənin ABŞ-a geri qaytarılması ilə bağlı Obamanın Irana müraciətinə toxunaraq bildirib ki, ABŞ rəhbəri ölkənin hava məkanının pozulduğunu, casus əməliyyatı həyata keçirildiyini və beynəlxalq nizamnamələrin pozulduğunu unudub: “Amerikalılar rəsmi üzr istəməkdən və qanun pozuntusuna yol verdiklərini etiraf etməkdənsə, irəli gedərək bu cür müraciət ediblər. ABŞ bilməlidir ki, bizim hava məkanımıza müdaxilə beynəlxalq sülh və təhlükəsizliyi təhlükə altında qoya bilər. Onlar bu cür addımların məsuliyyətini və nəticələrini qəbul etməlidir”.
Mehmanpərəst Iranda ABŞ-ın virtual səfirliyi məsələsinə də toxunub. Onun sözlərinə görə, ABŞ rəsmiləri həqiqətən də əvvəlki davranışına görə peşmançılıq hissi keçirirsə və Iranla əlaqələrin mövcudluğunda maraqlıdırsa, rəsmən üzr istəməli və Tehranla keçmiş əlaqələri boyunca cinayətlər törətdiklərini etiraf etməlidir: “Onlar davranışı dəyişməlidirlər. Əgər belə etsələr, Iran xalqı ABŞ-la istənilən əlaqələrlə bağlı yenidən qərar verə bilər”.
Iran prezidenti Mahmud Əhmədinejad isə Venesuela dövlət televiziyasına müsahibəsində bildirib ki, ölkəsi, ABŞ-ın pilotsuz təyyarəsini idarə edə biləcək. Onun sözlərinə görə, Iran müdafiə sistemi bu tip təyyarələrin idarə oluna biləcəyi qədər müasir texnika ilə təmin edilib.
Bu arada, ABŞ-a məxsus raket əleyhinə müdafiə sisteminin (RƏM) Gürcüstan ərazisində yerləşdirilməsinin gündəmə gəlməsi bu ölkənin keçmiş prezidenti Eduard Şevardnadzenin ciddi narahatlığına səbəb olub. Eks prezidentin fikrincə, RƏM Gürcüstanda quraşdırılarsa, ölkəsi ciddi təhlükə ilə üz-üzə qalacaq. Eduard Şevardnadzenin sözlərinə görə, raketdən müdafiə sistemi Qara dənizdə yerləşdirilsə, Gürcüstan Iranın zərbələri altında qalacaq: “Iranın məqsədi Gürcüstanı vurmaq deyil. Iran Gürcüstana qarşı silah işlətmir, amma raketdən müdafiə sistemləri ölkədə yerləşdirilsə, Gürcüstan istər-istəməz bu prosesə daxil olacaq. Əgər bu məsələni mən həll etməli olsaydım, Amerikanı bu sistemi Qara dəniz zonasında yerləşdirməyə qoymazdım”.
Yeri gəlmişkən, ABŞ Konqresinin bir qrup üzvü Iranın Mərkəzi Bankına sanksiya qoyulması haqda razılığa gəlib. Konqresmenlərin birgə açıqlamasında bildirilir ki, Iran Mərkəzi Bankına sanksiya qoyulması üçün hazırlanan yeni layihə bu həftə Konqresin hər iki palatasında (Nümayəndələr Palatası və Senat) qəbul edilib imzalanmaq üçün prezident Barak Obamaya göndəriləcək. Demokratlar Partiyasından olan senator Karl Levinin sözlərinə görə, yeni layihənin mətni çox kəskindir: “Biz qərara gəldik ki, layihənin mətni kəskin olsun. Yeni layihədə Iran Mərkəzi Bankı ilə əməkdaşlıq edən xarici maliyyə qurumlarına cəzalar nəzərdə tutulub”.