“Klinton Azərbaycanın adını ona görə çəkib ki…”
ABŞ-ın dövlət katibi Hillari Klintonun son bəyanatına Azərbaycan rəsmilərinin reaksiyası analitikləri təəccübləndirib.
Dekabrın 9-da dövlət katibi H.Klinton Beynəlxalq İnsan Haqları günü münasibətilə bəyanat yayaraq, Azərbaycanın adını insan haqlarının pozulduğu ölkələr sırasında ilk yerdə çəkib. “Azərbaycandan tutmuş Zimbabveyə qədər öz ideyalarını, fikirlərini ifadə və müdafiə etdiklərinə görə həbsxanada saxlanılan siyasi məhbusların olduğunu görürük. Bu gün biz bütün hökumətlərə müraciət edərək siyasi məhbusları dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırırıq”, – deyə o, bildirib.
Azərbaycan rəsmiləri və hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyindəki şəxslər isə Klintonun bəyanatını qərəzli, rəsmi Bakıya təzyiq adlandırıblar.
Azərbaycan rəsmilərinin reaksiyasına münasibət bildirən ABŞ-ın Ostin Universitetinin professoru Maykl Tkaçik “Turan” agentliyinə deyib ki, hakimiyyət bununla diqqəti öz problemlərindən yayındırmağa çalışır. Lakin bu səylər ilk növbədə Azərbaycanda daxili auditoriyaya hesablanıb.
Analitikin fikrincə, Azərbaycanın adının çəkilməsi ilə bağlı Klintonun qərarı bir sıra amillərlə əsaslandırılıb. Birincisi, ABŞ öz xarici siyasətində daim insan haqlarına toxunur. Vaşinqtonun insan haqlarına diqqəti ABŞ-ın dünyada mənəvi nüfuzunu təsdiqləyir və ABŞ-ın xarici siyasətində bu dəyərin prioritet olmasından xəbər verir. İkincisi, xanım Klinton Azərbaycanın adını ona görə çəkib ki, bu ölkədə həqiqətən insan haqları ilə bağlı problemlər var.
“Azərbaycanda kiçik yaxşılaşmalar ola bilsin ki, Freedom House-un siyahısında onu “azad olmayan ölkə”dən “qismən azad ölkə”yə çevirə bilsin. Əgər bu, baş versəydi, Klinton üçün Azərbaycanla Zimbabveni (insan hüquqlarının amansızlıqla pozulduğu ölkə) bir sıraya qoymaq çox çətin olardı”, deyə Tkaçik vurğulayıb.
Analitik deyib ki, ABŞ Azərbaycanda jurnalistlərin qorxudulmasından, polisin və hökumətin qəddarlığından, ədalətli kompensasiya olmadan mülkiyyətin zəbt edilməsindən (xüsusilə Bakıda), 2010-cu ilin noyabr seçkilərindəki pozuntulardan, toplaşma, vicdan azadlıqlarının, qadın hüquqlarının pozulmasından, korrupsiya faktlarından narahatdır.
Bu arada ABŞ-da fəaliyyət göstərən Demokratiya Uğrunda Azərbaycan-Amerika təşkilatı (AZAD) bəyanatla çıxış edərək dövlət katibi Klintonun insan haqlarının pozulduğu ölkələr sırasında Azərbaycanın adını Zimbabve ilə yanaşı çəkməsini alqışlayıb.
AZAD Azərbaycan XİN və Prezident Administrasiyasını dövlət katibi Klintonun obyektivliyini şübhə altına almaq cəhdlərinə görə tənqid edib.
“Amerikanın mənəvi liderliyi, başqa ölkələrdə azad və açıq cəmiyyətlərin inkişafına yardımı onun milli maraqlarına uyğundur, davamlı sülh və qlobal təhlükəsizliyə xidmət edir. Biz ABŞ hökumətini və bütün seçkili vəzifəli şəxsləri Azərbaycanda demokratiyanı dəstəkləməyə, fərqli düşünənlərə qarşı təzyiqlərə, insan hüquq və azadlıqlarının pozulmasına son qoyulması məqsədilə Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırırıq”, – deyə bəyanatda bildirilir.
AZAD hesab edir ki, nə Azərbaycan XİN-in, nə də Prezident Administrasiyasının bəyanatına Azərbaycan xalqının və ya dünya azərbaycanlılarının hislərinin ifadə olunması kimi baxıla bilməz: “İndiki rejimdə Azərbaycanda bütün seçkilər hakim partiyanın xeyrinə kobud şəkildə saxtalaşdırılıb və hakimiyyət vətəndaşların öz fikirlərini sərbəst ifadə etməsinə əngəl törətməkdə davam edir. Bakının indiki hökuməti hakim rejim üzvləri istisna olmaqla, Azərbaycan xalqının iradə və fikrinin ifadə olunmasında legitim deyil”.