“Bu hakimiyyəti yalnız ailə mənafeləri maraqlandırır”

Sabiq YAP-çı «Azadlıq»a müsahibəsində şok faktlar açıqladı

«Cəlal Əliyev Əli İnsanova görə Əmir Mustafayevi möhkəm danlamışdı, baş redaktor gələndə əsim-əsim əsirdi»

Son parlament seçkilərindən bir ildən çox vaxt keçir. Ötən il hakimiyyət bütün beynəlxalq təzyiqləri nəzərə almayaraq növbəti dəfə kobud qanun pozuntusuna getdi. Bugünkü müsahibimiz Ictimai Palatanın üzvü, “Azərbaycan” qəzetinin keçmiş əməkdaşı, sabiq YAP üzvü Yeganə Əmiraslanovadır. Ilk sualımız ötən il bu vaxtda təsdiq olunan parlamentin bir illik fəaliyyətinə qiymətin verilməsi ilə əlaqədar oldu:

– Bu parlament xalqın seçdiyi parlament deyil. Öncədən məlum olan insanlar, sadəcə olaraq, noyabrın 7-də təyinat aldılar. Hazırda bu kürsüdə oturanlara millət tərfindən seçilmiş vəkil ünvanı çox yaddır. Həmin şəxslərin adı dəfələrlə mətbuatda vurğulanırdı ki, kimlər kürsüdə əyləşəcəklər. Sadəcə olaraq, hakimiyyət imitasiya oyunu apardı və Avropanın gözünə kül üfürmək üçün bu seçkini keçirdi. Azərbaycanda bu qədər sosial problemli insanlar olduğu halda saxtalaşdırılan seçkilərə böyük pullar xərcləndi. Bu parlament xalqın iradəsi əsasında yox, hakimiyyət kabinetlərində formalaşdırılmış bir qurumdur.

– Nüfuzlu beynəlxalq təşkilatlar bəyanatlarında bildirir ki, Azərbaycanda 17 vicdan məhbusu var və onlar dərhal azadlığa buraxılmalıdır. Hakimiyyət hələ də ölkədə siyasi məhbusların olduğunu inkar edir.
– Azərbaycan hakimiyyəti vətəndaşı insan olmaqdan usandırıb. Mən özüm də artıq Azərbaycanda insan olmaqdan yorulmuşam. Dövlət başçısı və hakimiyyət ona nail oldu ki, vətəndaşlarını insanlıqdan usandırdılar. Insan olmaqdan yorulan şəxslərin gələcəkdə hansı addımlar atacağı məlum məsələdir. Amma biz demokrat dostlarımızla siyasi mübarizədən yorulmamışıq. Insanlıqdan yorulmaq, hələ siyasi mübarizədən yorulmaq demək deyil. Azərbaycanda siyasət deyilən heç nə qalmayıb. Azərbaycanda siyasi mübarizəni kişiliyinə, dövlətinə və mənliyinə sahib çıxan şəxslər aparırlar. Hazırda siyasi məhbus problemi bizi narahat etsə də, bu siyahının artmayacağına da zəmanət yoxdur.

Bir daşın qarşısında baş əymək, vətəni sevmək deyil

– Siz özünüz də Ictimai Palatanın keçirdiyi aksiyaların iştirakçısı olmusunuz. Hazırda həbsdə saxlanılan şəxslər də bu aksiyalarda iştirak edib, hüquqlarını tələb etdiklərinə görə indi azadlıqdan məhrum ediliblər. Konstitusion hüquqdan istifadəyə görə insanları bu qədər müddətdə həbsdə saxlamaq nəyə hesablanıb?
– Bu aksiyalara övladlarımla qatılırdım. Mənim məktəb yaşlı qızım daxili qoşunların komandirinə aksiyaların birində yaxınlaşaraq sual vermişdi ki, nəyə görə sərbəst toplaşmaq azadlığının təmininə imkan vermirlər. Çünki məktəbdə onlara Konstitusiya dərsi keçirlər və həmin dərsdə hər bir vətəndaşın sərbəst toplaşmaq hüququnun olduğu izah olunur. Həmin şəxsdən qızım soruşdu ki, hansı düzdür bizə öyrədilən, yoxsa sizin indi törətdikləriniz? Bu gün Azərbaycanın gələcəyi olan bu gənclər bilmirlər nəyə inansınlar. Həmin komandirin və dəstənin bu qızcığaza reaksiyası ona üz çevirmək oldu. Maraqlısı odur ki, öncə mənim qızım daxili qoşunların bu dəstəsinə yaxınlaşmaq istəyərkən bəyan olundu ki, beş metrdən yaxın gələrsə, atəş açılacaq. Bu qədər aciz insanlara yazığım gəldi. Axı onlar hər gün evdən çıxanda “mən bu evin kişisiyəm, qürur ünvanıyam” deyib çıxırlar.
12-15 yaşında uşaqlara “yaxın gəlmə, vuraram” deyirlər.
Bu uşaqlar onlara nə edəcəkdilər?
Mən insanlıqdan usansam da, siyasi mübarizədən usanmamışam. Tapdanmış haqqımın sona qədər arxasındayam. Siyasi təcavüzə məruz qalan, haqqı üçün mücadilə aparmaqdan usanmayan, öz milli kimliyinə sahib çıxan insanlara ehtiramım böyükdür və onları öz siyasi əqidəmlə dəstəkləyirəm. Vətənini, ailəsini sevmək gedib bir daşın qarşısında baş əymək, tər tökmək  demək deyil. Heç kim bilmir ki, sabah onların taleyi necə olacaq. Eyni tale onları gözləyir, onlar öz qazdıqları quyuya düşəcəklər. Bu gün Azərbaycan qadınının adına ləkə gətirən çox amillər var. Bu belə davam edə bilməz. Azərbaycan cəmiyyəti hələ yatmış şiri xatırladır. Amma cəmiyyət oyananda qarşısında dayanan olmayacaq. Hazırda hamı proseslərin nəyə görə bu cür cərəyan etdiyi ilə bağlı suallar verir. Hər kəs gözləyir ki, nə isə olacaq. Amma hər kəs hazırkı vəziyyətlə barışmadığını açıq şəkildə bəyan etsə, situasiya dəyişər.
Azərbaycanın müstəqilliyinin 20 illiyində Arif Hacılının həbs olunması nə deməkdir? Bu, millətə xəyanətdir. Arif Hacılı övladlarının yanında başını dik tutaraq haqqını istəyib. Digər siyasi məhbuslar da haqlarını tələb ediblər. Azərbaycan Demokratik Cümhuriyyətinin banisi olan Rəsulzadənin bu məmləkətdə bir heykəli belə, yoxdur. Bundan böyük biabırçılıq ola bilərmi? Bu, qısqanclıq və xəstə təfəkkürdür. Cümhuriyyətin qurucusunun adı heç yerdə çəkilmir. Bu dövlətin yaradıcısı Rəsulzadədir, Heydər Əliyev yox. Bu gün hakimiyyətdə olanların rahat kreslolarda oturmalarına səbəb Məmməd Əmin Rəsulzadədir.

Azərbaycandakı inqilabın sədası bütün dünyanı bürüyəcək

– Əli Əhmədov mətbuata son açıqlamasında yenidən bəyan edib ki, Azərbaycanda siyasi məhbus problemi yoxdur və hazırda həbsdə olanlar da siyasi məhbus deyillər.
– Əli Əhmədov YAP-ın gerçək simasıdır. Onun dedikləri də reallıqdan uzaqdır, nağıldır. Əli Əhmədovun ömründə bircə dəfə insanlıq adına normal bir əməlin sahibi olduğuna inanmıram. Mən inanmıram ki, o, küçədə gözü yaşlı bir uşağı görəndə ayaq saxlasın və onun problemləri ilə maraqlansın. Əli Əhmədovun birinci, sonuncu və bütün açıqlamaları YAP-ın mövqeyini əks etdirir. Sadəcə olaraq YAP mövqeyini Əli Əhmədovun dilindən səsləndirir. Biz hər dəfə Şərqdən, Qərbdən, hazırda da Şimaldan gələn inqilab havalarına uyğunlaşmaq istəyirik. Amma Azərbaycandakı inqilabın sədası bütün dünyanı bürüyəcək. Çünki Azərbaycan vətəndaşı insan olmaqdan yorulub. Bu, əli əhmədovların hegemonluq etdiyi cəmiyyətin böyük bir faciəsidir.

Səyyad Aran bir həmləylə bataqlığa qayıtdı

– Son zamanlar YAP daxilində baş verən proseslər mətbuatın gündəmindədir. Informasiyalara görə köhnə qvardiyanın tərəfdarlarına qarşı ciddi sıxışdırma siyasəti aparılır?
– YAP-da hazırda da dostlarım, tanışlarım var. Mən bilirəm ki, onlar ruhən, qəlbən həqiqi YAP-çı deyillər. YAP-ın bir neçə rayon şöbəsi var ki, orada ciddi fəaliyyət göstərmək istəyənlər partiyadan çıxıblar. Çünki YAP bir ailə məclisidir. Mən ailə deyəndə Əliyevləri nəzərdə tutmuram. Əgər bu partiyada səni övladlığa qəbul etməsələr, irəli gedə bilməyəcəksən. Övladlığa qəbul isə o deməkdir ki, deyilən hər şeyə baş əyməlisən. Hazırda mətbuatda YAP-da sıxışdırıldığı bildirilən Səyyad Arana böyük hörmətim var. Çox təəssüf ki, o, bir həmləylə çıxdığı bataqlığa yenidən  qayıtdı və başladı onların ətəklərindən öpməyə.
YAP-ın yaranmasında canını qoyan insanlardan biri Əli Insanovdur. Əli Insanovun bu gün müxalifət liderlərindən üzr istəməsi onun günahlarının yuyulması demək deyil. Məgər akademik olan bu insan görmürdü ki, YAP-çılar millətin qanını sorur?! Sonda gördü, təpki göstərdi və cavabını aldı. Hazırda YAP-da bu cür mövqeni sərgiləyən insanlar dəyərsiz insanlardır. Bu hakimiyyətin məni Milli Məclisə buraxması mümkün deyildi. Çünki parlamentdə öz mövqeyimi bildirəcəkdim. Namizədliyimi irəli sürdüyüm dairədən təyin olunan şəxs bu günə qədər bir dəfə də olsun parlamentdə ağzını açıb danışmayıb, bir gədəbəylinin səsinə səs verməyib.

YAP Heydər Əliyevə qarşıdır

– YAP-çı deputat Eldar Ibrahimov söyləyib ki, hazırda partiyalarının Idarə Heyətində vaxtı ilə Heydər Əliyevə qarşı olan adamlar var…
– Heydər Əliyev artıq yoxdur. Bu insanlar xəstədir. Heydər Əliyevin daşdan olan heykəlinə qarşı çıxırlar? Sabah Eldar Ibrahimovun əleyhinə partiyada bir balaca sərt mövqe sərgilənsə, görün o nə danışacaq. Əli Insanovla bağlı olay da bu cür baş verdi. Əli Insanova qarşı bir az təzyiq edilən kimi, o bütün həqiqətləri ortaya atdı. Dövlət çevrilişi və digər məsələlər yalandır. Bu gün YAP-da Əli Əhmədov və onun yanında olsa-olsa iki nəfərdən başqa bütün partiya üzvləri daxildən YAP-a qarşıdırlar. Amma heç kim bunu səsli şəkildə dilə gətirmir. Azərbaycandakı vəziyyəti görməmək mümkün deyil. Azərbaycana “Evrovision”un hansı bəlalar gətirdiyini hamı görür. Millətin pulu sağa-sola xərclənir. Amma Qarabağı heç kim xatırlamır. Azərbaycan kişisinə ən böyük üzqarası olan bu problem niyə çözülmür? “Lazım kişi” də artıq rəhmətə gedib. Övladımın 17 yaşı var. Amma problem hələ də çözülməyib. YAP Qarabağla bağlı hansı sərt mövqe nümayiş etdirib? Əsrin əvvəlində gedən torpaqlarımız kimi Qarabağ da itirilir. Çünki bu hakimiyyəti yalnız ailə mənafeləri maraqlandırır. Təkrar edirəm, burda təkcə söhbət Əliyev ailəsindən getmir. Başqa xırda ailələr də var ki, onların da maraqları bu gün qəbul olunan qərarlara təsir edir. Hakimiyyətin Qarabağ siyasəti heç bir nəticə verməyəcək. Amma bu o demək deyil ki, Azərbaycan xalqı münaqişənin həllini görməyəcək.

Əli Nağıyev hakimiyyəti hədələmək istəyir

– Mətbuatda Əli Nağıyev və Məhərrəm Əliyevin yeni partiya yaratmaq niyyətində olduğu barədə informasiyalar yayılır. Əsasən bu partiyanın hakimiyyətdəki narazılardan təşkil olunacağı bildirilir. Sizcə, bu şəxslər ətraflarında adam toplaya bilərlərmi?
– Əgər Əli Nağıyev və Məhərrəm Əliyev alternativ fikir daşıyan partiya yaratmağa cəsarət etsələr, o təşkilata yazılaram. Amma bu partiya YAP-ın bir əlavəsi olmamalı, milli mənafeyə xidmət edən demokratik fikir ünvanı olmalıdır. Amma qətiyyən inanmıram ki, bu şəxslər belə bir addım atsınlar. Sadəcə olaraq, Əli Nağıyev hakimiyyətə müəyyən dərəcədə hədə gəlmək istəyir. Onlar partiyada özlərinə layiq bir yer almaq istəyirlər. YAP-ın bədbəxtçiliyi odur ki, bu təşkilatda üzdə olan insanların əksəriyyəti özünü partiyanın birinci şəxsi kimi görür. Bu, YAP-ı iflasa uğradacaq ən böyük səbəb olacaq. Bu partiya  Ictimai Palatanın həbsdə olan fəallarından belə, qorxur.

Cəlal Əliyev Əli Insanova görə əsəbiləşmişdi

– Uzun illər “Azərbaycan” qəzetində çalışmısınız. Hakimiyyət daxilində gedən mübarizə iqtidar mətbuatından necə görünür?
– Qəzetdə çalışanda mənim konkret mövzularım vardı və həmin mövzuları özüm müəyyən edirdim. Amma qəzetdə digərlərindən daha çox məvacib alan və bir qayda olaraq müxalifətdən yazan xüsusi jurnalistlər var idi. Mən işlədiyim dövrdə “Azərbaycan” qəzetinin baş redaktoru olan mərhum yazıçımız Əmir Mustafayev hakimiyyətlə bağlı yazılara görə iki dəfə beyin iflici keçirmişdi. Qəzetdə partiyadan gələn xüsusi sifarişli yazılar da gedirdi. Bu yazılar bir qayda olaraq məmurlar və nazirlər barədə olurdu. Bir dəfə Əli Insanovun əleyhinə Bəxtiyar Sadıqov kəskin tənqidi yazı yazmışdı. O zaman Cəlal Əliyev Əmir Mustafayevi bu yazıya görə möhkəm danlamışdı. Əmir Mustafayev həmin görüşdən gələndə əsim-əsim əsirdi. Sonunda bilirsinizmi nə oldu? Ömrünün ən azı on ilini Heydər Əliyev hakimiyyətinə xidmət etməklə keçirən bir baş redaktorun istefa ərizəsi xəstəxanada olarkən alındı…

– Ictimai Palata hazırda mülkiyyət hüquqlarının qorunması ilə bağlı yeni kampaniyaya başlayıb. Bu addımı necə dəyərləndirirsiniz?
– Bu reallığın tələb etdiyi addımdır. Ictimai Palata həmişə xalqın yanında olub. Bu addım bir daha onu göstərir ki, Ictimai Palata xalqın problemləri barədə düşünür. Hazırda mülkiyyət hüququnun pozulması kütləvi hal alıb. Halbuki yalnız dövlət əhəmiyyətli obyektlərin tikintisi zamanı veriləcək kompensasiyanı hökumət müəyyən edə bilər. Digər allarda isə mülkiyyətçinin maraqları yüksək səviyyədə qorunmalıdır.

Xəyal