Batmış əmanətləri necə qaytarmaq olar?

Sənədi Iqtisadi Tədqiqatlar Mərkəzi hazırlayıb

Əksər MDB ölkələrində SSRI-nin əmanət bankındakı əmanətlərin bərpası və qaytarılmasına prosesi artıq başa çatıb. Azərbaycanda isə bu proses hələ ki, ləngiyir. Iqtisadi Tədqiqatlar Mərkəzi vəziyyəti araşdırarkən məlum olub ki, bununla bağlı müxtəlif dövrlərdə təşəbbüslər olub və müvafiq qanunvericilik aktları təsdiq olunub. Hələ 27 mart 1992-ci ildə Nazirlər Kabineti Azərbaycan Respublikasının Əmanət Bankında əmanətlərin saxlanmasına vətəndaşların marağını artırmaq və müdafiəsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Əmanət Bankında əmanətlərin saxlanılmasına vətəndaşların marağının artırılması haqqında” 151 saylı qərar verib. Qərarda vətəndaşların əmanətlərinə dövlət tərəfindən təminat verilməsi əksini tapıb. Bundan sonra 3 iyun 1992-ci ildə Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dağlıq Qarabağ hissəsindən və Goranboy rayonunun keçmiş Şaumyan (kənd) ərazisindən didərgin düşmüş vətəndaşların əmanətlərinin ödənilməsi haqqında” 310 saylı qərar verib.
17 iyun 1992-ci ildə isə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanun qəbul olunub. Qanunla vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin təşkilati-hüquqi əsasları müəyyən edilib. Bu qanunun tələblərinə uyğun olaraq 1993-cü il iyunun 3-də Nazirlər Kabinetiÿ”Azərbaycan Respublikasında əhalinin əmanətlərinin indeksləşdirilməsi üçün faiz tariflərinin artırılması barədə” 23 saylı qərar qəbul edib. Nəhayət, 6 may 1993-cü ildə inflyasiyanı nəzərə alaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və əmanət banklarında olan əmanətlərin qiymətsizləşməsinin qarşısını almaq üçün “Azərbaycan Səhmdar-Kommersiya Əmanət Bankında əhalinin əmanətləri üzrə kompensasiyalar verilməsi haqqında”  prezident fərmanı imzalanıb. Fərmanda Əmanət Bankında saxlanan əmanətlərin 1992-ci il yanvarın 1-dək olan qalığına 1993-cü il iyunun 1-dən 100 faiz hesabı ilə kompensasiya verilməsi nəzərdə tutulub. Qeyd edilib ki, verilmiş kompensasiya məbləğləri əmanətçilərin adına açılan xüsusi hesablarda saxlanmalı və saxlanan əmanətlər üzrə müvafiq qaydada faiz hesablanmalıdır. Xüsusi hesablarda saxlanan əmanət məbləğlərinin əmanətçilərə 1995-ci il iyunun 1-dən etibarən ödənilməsi nəzərdə tutulurdu. Uzun fasilədən sonra əmanətlərin bərpası və qaytarılması məsələsinə 2005-ci ildə yenidən qayıdılıb. 26 oktyabr 2005-ci ildə “Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRI Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətləri haqqında”ÿprezident sərəncamı imzalanıb. Sərəncamla ölkə vətəndaşlarının 1 yanvar 1992-ci il tarixinə keçmiş SSRI Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin indeksləşdirilməsinə hazırlıq aparmaq üçün dövlət komissiyası yaradılıb. Lakin indiyə qədər Milli Məclisə baxılmaq üçün müvafiq qanun layihəsi təqdim olunmayıb.
Azərbaycanda əmanətlərin qaytarılması nəhayət, 2012-ci ilin dövlət büdcəsi layihəsinin parlament müzakirəsi zamanı  yenidən gündəmə gətirilib.

Iqtisadi Tədqiqatlar Mərkəzinin hesablamaları

Iqtisadi Tədqiqatlar Mərkəzi hazırda gündəmdə olan əmanətlərin bərpası və qaytarılması ilə bağlı hesablamalar  aparıb. Həmin araşdırmanın nəticələrinə görə, “Kapital Bank”ın apardığı inventarizasiya zamanı 1 milyon 986 min əmanətçi aşkar edilib. Onların əmanətlərinin ümumi həcmi 4,8 milyard sovet rublu təşkil edir. Əski əmanətlərin struktur təhlili göstərir ki, əmanətlərin 70 faizə qədəri 2000 rubla qədər olan əmanətlərdir. Məbləği 10000 rubldan çox olan əmanətlərin xüsusi çəkisi isə 10 faizə qədərdir.
Hökumətin hazırkı maliyyə imkanları şəraitində  bu vəsaitlərin 5 il ərzində (2013-2017-ci illər) 3 mərhələdə qaytarılması təklif olunur:
Əmanətlərin birinci mərhələdə (2013-2014-cü illərdə), 1942-cı ilə qədər anadan olanlara və ya onların vərəsələrinə, müharibə əlillərinə, birinci və ikinci qrup əlillərə, qaçqın və məcburi köçkünlərə, ikinci mərhələdə (2015-2016-cı illərdə), 1943 -1972-cı illərdə anadan olanlara və onların vərəsələrinə, üçüncü mərhələdə (2017-ci ildə) 1973-1991-ci illərdə anadan olanlara  qaytarılması təklif olunur.
Göründüyü kimi, əmanətlərin ilk növbədə yaşlı nəslin nümayəndələrinə qaytarılması, eyni zamanda, bu hüququn bəzi güzəşt qruplarına (müharibə əlillərinə, birinci və ikinci qrup əlillərə, qaçqın və məcburi köçkünlərə) şamil olunması təklif olunur.
Iqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri əmanətlərin indeksləşdirilərək bərpası ilə əlaqədar olaraq hökumətə 3 ssenari təklif edirlər.

Nəticə və tövsiyələr

Ekspert qiymətləndirmələrinə görə, bu vəsaitlərin  3 ssenari üzrə  indeksləşdirilərək sahiblərinə qaytarılması Azərbaycan büdcəsinə təxminən 1,5-1,8  milyard manata başa gələcək.
Mərkəzin ekspertlərin bu layihənin icrası zamanı bəzi çətinliklərin olacağını bildirir.