Sulutəpədə su yerinə qan axdı (VİDEO)

 Rövnəq Abdullayevin tabeçiliyindəki «qoçu dəstəsi» evləri uçurtdu

Binəqədi rayon Xocasən qəsəbəsi və qəsəbənin Sulutəpə yaşayış massivində yaşayan sakinlərlə Dövlət Neft Şirkətinin mühafizə qüvvələri arasında ötən gün toqquşma olub. 

Şirkətin mühafizə qüvvələrinin sözügedən ərazidə ağır texnika vasitəsilə fərdi yaşayış evlərini sökməsi qarşıdurmaya gətirib çıxarıb. Söküntü əsasən Sulutəpədə yerləşən 313 saylı orta məktəbin və yeni tikilməkdə olan Moskva Dövlət Universiteti kompleksi ətrafında həyata keçirilib.
Sakinlər deyirlər ki, evlərinin söküləcəyi haqda onlara öncədən hər hansı xəbərdarlıq edilməyib: “Sadəcə hərbi geyimli, rezin dəyənəkli xüsusi təyinatlılar evlərin pəncərə və ya qapılarını qıraraq içəri daxil olurlar, bizi döyərək evdən çıxardıqdan sonra uçururlar”. Şirkətin silahlı qüvvələri xeyli yeni tikilən evləri də söküb. Söküntü işlərini aparan şirkət nümayəndələri, sakinlərə “dövlət tədbirini həyata keçiririk” – deməklə kifayətləniblər.

Ərazidə çoxsaylı polis qüvvələri də gətirilib. Əvvəlcə asayiş keşikçiləri qarşıdurmanı kənardan seyr edib, bir müddət sonra aranı sakitləşdirməyə çalışıblar. Evlərin sökülməsinə etiraz edən sakinlərlə şirkətin mühafizə qüvvələri arasında ayrı-ayrı məhəllələrdə bir neçə dəfə qarşıdurma olub.
Ondan çox qəsəbə sakini xəsarət alıb. Hadisə yerindən reportaj hazırlayan “Ayna”-”Zerkalo” qəzetlərinin və RATI-nin əməkdaşı Idrak Abbasova da fiziki təzyiq göstərilib. Jurnalisti ölümlə hədələyən şirkətin işçiləri onu təhqir etməklə yanaşı avtomobilini də əziblər.

Ramin DEKO