«Siz hələ görünən və görünməyən problemlərin çoxunu yazmamısınız»
Məzahir Şahvələdov: «Ismayıllıda seçkilər Novruz Aslanın xeyrinə saxtalaşdırıldı, bunu heç kim inkar edə bilməz»
86 saylı Ismayıllı seçki dairəsindən deputat seçilən Novruz Aslan bizi məhkəməyə verib. Buna səbəb bir neçə ay öncə Ivanovkadan hazırladığımız reportaj olub. Deputat yazıda işgüzar nüfuzuna zərbə vurulduğunu deyir. Qeyd edək ki, bu, birinci hal deyil. O, bir müddət öncə tia.az informasiya agentliyinin baş redaktoru olmuş Əlişir Əhədi də məhkəməyə verib, işgüzar nüfuzuna zərbə vurduğu üçün 20 min manat təzminat istəmişdi. Bundan başqa, deputat sonuncu parlament seçkisində opponenti olan bitərəf namizəd Məzahir Şahvələdovla problemi məhkəmə müstəvisində həll etmək istəyib. Doğrudanmı biz onun işgüzar nüfuzuna zərbə vurmuşuq? Yazıda nələr həqiqəti əks etdirmir? Bu və başqa suallara cavab tapmaq üçün Məzahir Şahvələdovla söhbətləşdik.
– Məzahir bəy, Novruz Aslan bizi məhkəməyə verib. Analoji halla siz də qarşılaşmısınız. Səbəb nə idi? Siz də onun “işgüzar nüfuzuna” zərbə vurmuşdunuz?
– 2010-cu il parlament seçkisi ölkənin hər yerində olduğu kimi, Ismayıllıda da saxtalaşdırıldı. Seçkidən sonra mətbuat konfransı keçirib vəziyyətin necə olduğunu mediaya açıqladım. O vaxt seçicilərin mənə dediyi sözləri orada səsləndirdim. Ancaq Novruz Aslan məhkəməyə üz tutub 50 min manat təzminat və üzr istəməyi tələb etdi. Bunun heç bir əsası yox idi. Hər şey göz önündə idi. Saxtakarlıq faktlarla sübut olundu.
– Novruz Aslan sizi mətbuat konfransında səsləndirdiyiniz hansı fikrə görə məhkəməyə vermişdi?
– O, seçicilərlə görüşəndə açıq-aşkar “siz mənə səs versəniz də, verməsəniz də qutudan mən çıxacam” demişdi. Mən də bunu mətbuata açıqladım. Deputat bu sözləri rayonun Lahıc və Göytəpə kəndlərində demişdi.
– Novruz Aslan məhkəmə iddiasında bu sözləri deyənin ad və soyadını sizdən tələb etmişdi?
– Yox. Sadəcə o mənə bildirdi ki, bütün görüşlərində çəkiliş aparıb və belə söz işlətməyib. Onda sual yaranır ki, seçicilər nədən belə sözləri özlərindən uydururlar? Axı hamı bilir ki, Ismayıllının da seçkilər Novruz Aslanın xeyrinə saxtalaşdırıldı. Bunu heç kim inkar edə bilməz.
– Novruz Aslan 2005-ci ildən deputatdır. Parlamentdə olduğu 6 il ərzində rayon üçün nə işlər görüb?
– Heç bir iş görməyib. Fəaliyyəti yox dərəcəsindədir. Mən 2008-ci ildə ona müraciət etmişəm. Indiki kimi o vaxt da icra hakimiyyəti sahibkarların mülkiyyətini yerlə-yeksan edirdi. Icra hakimiyyəti şənbə və bazar günləri heç bir yer işləməyəndə obyektlərə hücum çəkib sökürdülər. Məhkəməyə müraciət etdik. O cümlədən Novruz Aslandan yazılı surətdə xahiş etdik ki, bizim rayondan deputat seçilib və bu məsələni Milli Məclisdə qaldırsın. Əgər öz gücü çatmırsa, problemi qanunverici orqanda səsləndirsin. Deputata müraciətimizin heç bir effekti olmadı. Əksinə icra hakimiyyəti söküntü işlərini daha da sürətləndirdi. Ismayıllıda yenə həmin problemlər var. Icra nümayəndəliyi sahibkarlardan pul yığır. Novruz Aslana müraciətlərimizin heç bir effekti olmadığı üçün ona daha müraciət etmirik.
– Qeyd etdik ki, Novruz Aslan bizi məhkəməyə verib. Deyir ki, ona böhtan atmışıq. Halbuki kənd camaatı ilə söhbətdə onlar deputatdan şikayətçi olduqlarını deyiblər.
– Sizin yazılarınızı, istər rayon mərkəzindən, istərsə də Ivanovkadan hazırladığınız reportajı oxumuşam. Tam həqiqətdir. Siz hələ yazmamışdınız ki, orada hərbi hissəyə oxşar böyük bir malikanə var. Bunu kim üçün tikirlər? Nəyə lazımdır? Bunlar hamısı faktdır. “Azadlıq” qəzetində çıxan yazıda qərəzdən söhbət gedə bilməz.
– Bizim yazmadıqlarımızdan başqa siz nə deyə bilərsiniz?
– Rayonun yolları bərbad gündədir. Yalnız Ilham Əliyevin Qəbələyə getməsi üçün Ismayıllıdan keçən yol normaldı. Rayondaxili və kənd yolları xarabalığa bənzəyir. Sahibkarlar sıxışdırılır, rayonun abadlaşdırılması üçün pullar yığılır. Qış aylarında məktəblərə ayrılan yanacaqların belə, 10 faizini mənimsəyirlər. Rayonda sosial durum acınacaqlıdır. Siz hələ görünən və görünməyən problemlərin çoxunu yazmamısınız.
– Siz deputatlığa keçmiş namizəd kimi yox, bir seçici, rayon sakini kimi Novruz Aslandan, icra hakimiyyətindən razısınızmı?
– Təbii ki, yox. Əgər sadaladıqlarım problemlər varsa, həll edilmirsə, necə razı ola bilərəm?
Ramin DEKO