İntiqam Əliyev: «Kimsə onun-bunun qabağında əyilməyə hazırdırsa, bu, bir şərəf məsələsidir…»
«Ləyaqətlə yaşamağa və şərəfsiz təklifləri rədd etməyə öyrəşdiyimdən, rədd cavabı verdim»
Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyevin Istanbulun Atatürk hava limanında üzləşdiyi özbaşınalıqla bağlı jurnalistlərin sualını cavablandıran Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev deyib ki, Intiqam Əliyev adlı vəkil tanımır, o, sadəcə, hüquqşünasdır.
“Vəkil olmaq xüsusi status tələb edir. Bunun üçün gərək ali təhsil aldıqdan sonra şəxs üç il ixtisas üzrə işləsin, qanunla müəyyən olunmuş qaydada vəkillik imtahanları versin. Qəbul olandan sonra vəkil and içir. Intiqam Əliyev bizə vəkilliklə bağlı müraciət etsə də, qəbul olunmayıb. Bu barədə, hətta məhkəmə mübahisələrimiz də olub, məhkəmələr bizi haqlı sayıblar”, – deyə Tağıyev bildirib.
Ölkənin ən nüfuzlu hüquq müdafiəçilərindən olan Intiqam Əliyev isə bunu cavab olaraq deyir ki, Azər Tağıyev kimisinin onu vəkil kimi tanıyıb-tanımamasının onun üçün qara qəpiklik qiyməti yoxdur. Əsas məsələ insanların etibarını qazanmaq, onlar tərəfindən vəkil kimi qəbul olunmaqdır. Çünki vəkil peşəsinin mahiyyətində məhz insanların hüquqlarının müdafiəsi dayanır.
“Kimsə hansısa imtiyazlar qazanmaq üçün dövlət qurumunda çalışmağı öz vəkil qüruruna sığışdırırsa, bu, bir peşə etikası məsələsidir. Şərəfli vəkil adını daşıyan şəxs seçkiləri saxtalaşdırmaq kimi şərəfsiz bir işlə məşğul olan qurumda üzvlüyü özünə sığışdırırsa, bu bir ləyaqət məsələsidir. Yaxud da kimsə hansısa üfunət iylənən kürsüdə qalmaq və ya daha da qalxmaq üçün onun-bunun qabağında əyilməyə hazırdırsa, bu, bir şərəf məsələsidir. Insanları gerçəkdən müdafiə edən vəkillərin özünü müdafiə etmək, onlara dəstək vermək əvəzinə, onları təqibə məruz qoymaq isə bir vicdan məsələsidir”, – deyə Intiqam Əliyev bildirib.
Kollegiyanın üzvü olmayan şəxsin vəkil hesab olunmadığına dair Azər Tağıyevin söylədiklərilə bağlı da Intiqam Əliyevin tutarlı arqumenti var: “Azərbaycan hökuməti bir müddət əvvəl Avropa Məhkəməsinə müraciət etmişdi ki, bu qurumda hüquqi təmsilçiliyi öz ölkəsində vəkil statusu olan şəxs həyata keçirə bilər. Yəni, mən Vəkillər Kollegiyasının üzvü olmadığım üçün Avropa Məhkəməsinə şikayətlər üzrə insanları təmsil edə bilmərəm. Lakin Məhkəmə ”Təbiəti Mühafizə Cəmiyyəti”lə bağlı qərarında məsələyə nöqtə qoydu ki, şəxsin vəkil sayılması üçün onun hansısa qurumda, xüsusən də dövlətin nəzarətində olan qurumda üzv olması əsas deyil. Əsas onun gördüyü işin məzmunu və keyfiyyətidir”.
Intiqam Əliyevin Kollegiyaya üzvlük üçün müraciət etsə də qəbul olunmaması barədə Tağıyevin söylədiklərinə gəlincə, hüquq müdafiəçisi deyir ki, lisenziyalı hüquqşünas kimi o da 2004-cü ildə 200-ə yaxın həmkarı imtahansız-müsahibəsiz avtomatik olaraq Vəkillər Kollegiyasına üzv olmalı idi. Lakin Kollegiyanın rəhbərliyi onun bu haqqını tanamaqdan imtina etdi. Intiqam Əliyev bunun da səbəblərini açıqlayır: “Kollegiyaya üzv olmaq üçün dilimizi dinc saxlamağı, Vəkillər Kollegiyasının rəhbərliyinin fəaliyyətini tənqid edən çıxışlardan imtina etməyi, bu qurumda üzvlük haqqı pozulan digər tanınmış hüquqçumuz Ənnağı Hacıbəyli ilə birgə Avropa Məhkəməsinə ünvanladığımız şikayətlərdən imtina etməyi tələb edirdilər. Ləyaqətlə yaşamağa və şərəfsiz təklifləri rədd etməyə öyrəşdiyimizdən təbii ki, hər ikimiz rədd cavabı verdik”.
Aytən Məmmədova


