Türkiyə Sarkisyanı soyqırım iştirakçısı adlandırdı

Cəmil Çiçək: “Yaxın tarixin ən böyük qırğınlarından biri  Xocalıda törədilib”

Ankarada, Azərbaycanın Türkiyədəki səfirliyində keçmiş ölkə başçısı Heydər Əliyevin vəfatının 8-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Ermənistan hökumətinin, bu ölkənin rəhbəri Serj Sarkisyanın ünvanına işlətdiyi sərt sözlərlə medianın diqqətini cəlb edib.
C.Çiçək çıxışı zamanı deyib ki, hazırda Azərbaycanın  ən əhəmiyyətli problemi torpaqlarının beşdə birini ermənilərin işğal altında saxlamasıdır. “Ermənistan işğal altında saxladığı torpaqlardakı təbii ehtiyatları məhv edərək,bir başqa insanlıq cinayəti törədir”, – deyə C.Çiçək bildirib.
TBMM sədri Ermənistanın  davamlı təkrarladığı “soyqırım” iddiası ilə Türkiyəni suçlamasının yersiz olduğunu qeyd edib. O, əslində ermənilərin Azərbaycan torpaqlarında soyqırım törətdiyini yada salıb. “Yaxın tarixin ən böyük qırğınlarından biri dünyanın gözləri qarşısında 1992-ci ildə Xocalıda törədilib. O qırğına bu gün Ermənistanın dövlət başçısı vəzifəsini icra edən Sarkisyan da qatılıb”, – deyə vurğulayıb.
C.Çiçək  ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycana hər cür yardım göstərməyə davam edəcəyini də diqqətə çatdırıb: ”Dağlıq Qarabağda Azərbaycanın hüquqlarının qorunması bizim xarici siyasət prioritetlərimiz arasındadır. Dağlıq Qarabağ problemi Qafqazdakı sülh və sabitliyi təhdid edən ən əhəmiyyətli problemdir. Bu mövzu ilə əlaqədar bütün dövlətləri və beynəlxalq təşkilatları ermənilərin haqsız işğalını dayandırmağa çağırırıq. Ermənistan-Türkiyə əlaqələrinin normallaşmasının vacib şərti Azərbaycan torpaqlarındakı işğalın qətiliklə sona çatmasıdır”.