Rəsul Quliyev qayıtmağa qəti qərar verib

Sabiq spiker: «Hər ay, hər il qayıtmaq barədə düşünürəm, amma bu dəfə bunu hökmən həyata keçirmək niyyətim var»

Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bu yaxınlarda ABŞ-da müqavimət hərəkatı yaratdığını elan edib. O, Turan-ın Vaşinqton müxbiri ilə söhbətində bildirib ki, tezliklə Bakıya qayıtmaq niyyətindədir.  Lakin o, konkret vaxtı dəqiqləşdirməyib.
“Hər ay, hər il Azərbaycana qayıtmaq barədə düşünürəm, lakin bunu həyata keçirməyi, sadəcə olaraq bacarmamışam. Amma bu dəfə hökmən həyata keçirmək niyyətim var. Hər halda, bu 2013-cü ildən gec ola bilməz”, – deyə o vurğulayıb.
R.Quliyev ötən ay Vaşinqtonun siyasi dairələrində, o cümlədən Konqresdə keçirdiyi görüşlər barədə danışıb. Görüşlərin əsas müzakirə mövzusu Azərbaycanda mümkün demokratik dəyişikliklərə ABŞ-ın dəstəyi olub.
R.Quliyev hesab edir ki, Vaşinqtonun dəstəyi ilə xaricdə azərbaycanlılara öz dillərində TV və radio yayımı imkanının yaradılması bu prosesi sürətləndirər. “Ümid edirəm ki Konqres mənim düşüncələrimi dəstəkləyəcək”,- deyə o qeyd edib.
Eks- spiker habelə seçkilərin saxtalaşdırıldığı Azərbaycan kimi ölkələrdə səsvermənin nəticələrinin legitimliyinin Qərb tərəfindən tanınmamasını təklif edib. O hesab edir ki, belə ölkələrdə seçkiləri BMT keçiriməlidir.
R.Quliyev Naxçıvanda hazırkı vəziyyət barədə də düşüncələrini bölüşüb. “Əgər Azərbaycanın qalan hissəsində rejimin insanlara qarşı törətdiyi yaramaz hərəkətlər birdirsə, Naxçıvanda onu üçə vurmaq lazımdır.
Orada vəziyyət tamamilə dözülməzdir. Azərbaycanda feodal əlaqələri bərqərardırsa, Naxçıvanda quldarlıq əlaqələri mövcuddur”, – deyə o qeyd edib.