Rəsmi qəzetlərin abunəsi ilə bağlı ilginc sənəd

Hökumət mətbu orqanlarını necə satdırır və qəzetlərin abunəsi hansı firmanın inhisarındadır?

Rəsmi və iqtidaryönlü qəzetlərin məcburi abunəsi ilə bağlı redaksiyamıza maraqlı sənəd daxil olub. Həmin sənəd Suraxanı Rayon Icra Hakimiyyətinin rəsmi blankıdır. Sənəddə rayonun büdcə təşkilatlarından birinin rəhbərinə “Azərbaycan”, “Xalq”, “Yeni Azərbaycan”, “Səs”, “Iki sahil”, “Bakinskiy Raboçi”, “Palitra”, “Paritet”, “Kaspi”, “Həftə içi” və “Iqtisadiyyat” qəzetlərinin qəzetlərin 2012-ci øilin 1-ci yarımilliyi üçün abunəsini təşkil etmək tapşırılır.
Sənədi icra başçısının birinci müavini Hüseyn Həsənov imzalayıb.
Burada bir neçə maraqlı məqam da var. Onlardan biri qəzetlərin abunəsinin inhisara alınması ilə bağlıdır. Əvvəllər rəsmi və iqtidaryönlü qəzetlərin abunəsi bir neçə yayım firması tərəfindən həyata keçirilirdisə, bu sənəddə göstərilir ki, abunə “Kaspi” Mətbuat Yayımı vasitəsilə təşkil olunmalıdır. Yeri gəlmişkən, bu firma Prezident Administrasiyasının (PA) şöbə müdiri Əli Həsənova məxsusdur.
Digər maraqlı məqam isə Nazirlər Kabinetinin mətbu orqanı olan “Respublika” qəzetinin siyahıya salınmamasıdır. Bunun da səbəbi təbii ki, bu qəzetin rəhbərliyi ilə PA rəhbəri Ramiz Mehdiyev arasında ziddiyyətlərin olması ilə bağlıdır. PA rəhbəri bir neçə dəfə qəzetin rəhbərliyini tutduğu vəzifədən uzaqlaşdırmağa çalışıb. Hətta bunun üçün qəzetin çapına belə, əngəl yaradılıb.

Informasiya şöbəsi