Rusiyanın hakim partiyası müxalifətin 100 minlik mitinqinə 25 minlə cavab verə bildi
«Vahid Rusiya»ya dəstək aksiyasına qatılmaq üçün adamlara pul və pivə paylanıb
Rusiyada parlament seçkilərinin nəticələrinə etiraz edən müxaliflərin dekabrın 10-da paytaxt Moskvanın “Bolotnaya” meydanında keçirdiyi və 100 mindən çox insanın qatıldığı mitinqə hakim partiya analoji tədbirlə cavab verib. Lakin hakim “Vahid Rusiya” partiyasının Moskvanın “Manejnaya” meydanında təşkil etdiyi, prezident Dmitri Medvedev və baş nazir Vladimir Putinə dəstək nümayişinə 25 min adam qatılıb.
Ictimai fəallar hakim partiyanın keçirdiyi aksiya zamanı biabırçı halların baş verdiyini təsdiqləyən faktları sosial şəbəkələrdə yayımlayıb. “Manejnaya” meydanına toplaşan insanların müxalif fəallara verdiyi açıqlamalara görə, onlar aksiyaya pul qarşılığında çıxıblar. “blogOmega” internet şəbəkəsinin əməkdaşları aksiya iştirakçıları arasında video-sorğu keçirib.
Hakim partiyaya və baş nazir Vladimir Putinə dəstək vermək üçün meydana toplaşan insanlar onlara pul paylandığını etiraf edib. Sosial şəbəkələrdə yayımlanan video-kadrlardan görünür ki, hakim partiyanın fəalları əllərində dəftərlər tutaraq, mitinqə gələnləri qeydə alır və onlara pul verir. Hakim partiya rəsmiləri bu faktları təkzib etsə də, mitinq zamanı əlində Putin və Medvedevin şəkillərini tutan aksiya iştirakçısı etiraf edib ki, onlara mitinqə qatılmaları üçün pul veriblər. Hətta aksiyaya qatılan bomjlara pulsuz pivə və çörək də vəd ediblər.
Putin ofisiantların ümidinə qalıb
Mitinqdən reportaj hazırlayan xarici jurnalistlər də analoji faktları qeydə alıb. Kamera önünə çıxan Putin “tərəfdarı” müxaliflərin ünvanına təhqir səsləndirib. Aksiyanın təşkilatçılarından biri xarici jurnalistlərin mitinqi çəkməsinə mane olmağa çalışıb. Video-kadrlarda hakimiyyətə dəstək aksiyasına Moskva restoranlarında çalışan ofisiantların iş paltarında gətirildiyi də öz əksini tapıb.
Hakim partiyanın rəhbərliyində parçalanma
“Vahid Rusiya” partiyasının seçki uğursuzluğundan və ölkənin müxtəlif yerlərində keçirilən etiraz aksiyalarından sonra Rusiyanın hakim elitası daxilində parçalanmalar olacağına dair iddialar təsdiqlənib. Rusiya hökumətində Putinin birinci müavini, hakim partiyanın Primorski vilayəti üzrə namizəd siyahısında birinci olan Iqor Şuvalov deputat mandatından imtina etdiyini açıqlayıb. Şuvalovun deputat mandatından imtina etməsinin səbəbləri haqda ətraflı məlumat verilmir. Lakin dolaşan xəbərlərə görə, baş nazirin birinci müavini Iqor Şuvalovun istefası hakim partiyanın parlament seçkilərindəki uğursuzluğu ilə bağlıdır.
Qeyd edək ki, seçkidən əvvəl Iqor Şuvalovun ölkə parlamentinin sədri postuna gətiriləcəyi deyilirdi. O, Dumanın hazırkı rəhbəri Boris Qrızlovu əvəzləyəcək ən şanslı namizəd kimi görünürdü. Çünki Şuvalov baş nazir Vladimir Putinin ən yaxın kadrlarından sayılır. Onun istefasını şərh edən ekspertlər bildirib ki, Şuvalovun deputat mandatından imtina etməsi yaxın günlərdə hakimiyyət elitasında ciddi parçalanmaların olacağından xəbər verir.
Ağ ev 10 dekabr mitinqlərini dəstəklədi
Bu arada, ABŞ Rusiya müxalifətinin dekabrın 10-da keçirdiyi etiraz aksiyalarına münasibət bildirib. Ağ evin mətbuat katibi Con Karni qeyd edib ki, Vaşinqton Rusiyanın müxtəlif yerlərində baş tutmuş mitinqlərin dinc xarakter daşımasına görə məmnundur. Sözçü mitinqlərin keçirilməsinə hakimiyyətin imkan yaratmasını ölkədə demokratik ənənələrin inkişafına və möhkəmləndirilməsinə yönəlik addım kimi dəyərləndirib: “Moskva və Rusiyanın digər bölgələrində keçirilən etiraz aksiyaları demokratik prosesi dəstəkləyənlər üçün müsbət faktdır”.
Karni bildirib ki, ABŞ Rusiya hakimiyyətinin və cəmiyyətinin dialoq imkanlarından yaxşı istifadə edəcəyinə inanır.
“Putinin hakimiyyəti qəsb etmək planları cəmiyyəti oyadıb”
ABŞ-da yayımlanan “The Wall Street Journal” Rusiyadakı etirazlarla bağlı məqalə dərc edib. Məqalədə qeyd olunur ki, Sovet Ittifaqının dağılmasından bəri dünyada ən böyük faciələrdən biri Rusiyanın Bonapartizmə sürüklənməsi oldu. Şənbə günü bütün Rusiya boyu düzənlənən nümayişlər azacıq da olsa, ümid hissi yaradır ki, rus xalqı siyasi əsarətə əbədi boyun əyməyəcək: “Nümayişlərin miqyası o qədər böyük idi ki, hətta funksiyası hökumətə yaltaqlanmaq olan dövlət telekanalları da etiraz aksiyaları haqda məlumat verməyə məcbur oldular. Nümayişçilərin arasında rus cəmiyyətinin bütün zümrələri təmsil olunurdu: kommunistlər, liberallar, yaşlılar, gənclər. ”Putin, get!” şüarı hamını birləşdirmişdi”.
“The Wall Street Journal” daha sonra yazır ki, rus xalqını qəzəbləndirən əsas amil Putinin Rusiyanın dövlətçilik ənənələrini oyuncağa çevirmək cəhdi və xalqın istəklərini amiranə şəkildə öz məqsədlərinə tabe etdirmək niyyətidir: “Ilk dəfə olaraq Putin və onun güc strukturları artan xalq etirazının qarşısında aciz qalıblar. Əvvəlcə Putin və onun əlaltıları adətlərinə uyğun olaraq anti-Amerika kartını ortaya atdılar. Amma şənbə günü Kremlin mövqeyində geriləmə oldu. Nümayişlər Rusiyada demokratiyanın mövcudluğuna işarədir. Bu dəfə Rusiyada etiraz dalğasını söndürmək o qədər də asan olmayacaq. Hər halda, ruslar ərəb inqilablarından öyrəndilər ki, nümayişlərin miqyası böyük olanda hökumət üçün onları əzməyin qiyməti də xeyli bahalaşır. Putin əmin idi ki, xalqın rifah halına minimum diqqət yetirməklə, onun siyasi azadlıqlarını boğa biləcək. Amma reallıq göstərir ki, Putinin növbəti 12 illiyə hakimiyyəti qəsb etmək planları rus cəmiyyətini fundamental şəkildə oyadıb”.
HƏMÇİNİN BAX: