Hakimiyyət Hillari Klintonun açıqlamasına görə yenə şantaja keçdi
YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı Hillari Klintonun 10 Dekabr Beynəlxalq Insan Hüquqları Günü ilə bağlı açıqlamasında Azərbaycanın adının çəkilməsini qeyri-obyektivlik kimi qiymətləndirib. Klinton açıqlamasında bildirmişdi ki, Azərbaycandan tutmuş Zimbabveyə qədər siyasi məhbuslar öz ideyalarını, fikirlərini ifadə etdiklərinə görə hələ də həbsxanalarda saxlanırlar. Xanım Klinton bütün hökumətlərə müraciət edərək siyasi məhbusları dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırmışdı.
M.Qurbanlı isə hesab edir ki, ABŞ-ın rəsmi şəxslərinin və ya beynəlxalq təşkilat nümayəndələrinin bu tipli açıqlamalarının arxasında insan hüquqlarını qorumaq deyil, başqa məqsədlər dayanır: “ABŞ insan hüquqları sahəsində nümunə göstəriləcək ölkə sayılmır. Çünki ABŞ 1948-ci ildə qəbul edilən Insan Hüquqlarına Dair Bəyannaməni indiyədək ratifikasiya etməyib və rəsmi sənəd kimi qəbul etməyib. Indi sual olunur, beynəlxalq səviyyədə insan hüquq və azadlıqlarının təməl prinsipləri olan sənədləri qəbul etməyən bir ölkənin başqa ölkələri insan hüquq və azadlıqlarını pozmaqda ittiham etməsi nə dərəcədə məntiqidir? Əgər ABŞ da bu sənədlərə qoşulmuş olsaydı, onda bu gün sosial hüquqları uğrunda mübarizə aparan və Nyu-Yorkda aksiyalar keçirən ABŞ vətəndaşları atların təpikləri altına salınmazdı və bir gündə 600 nəfər həbs olunmazdı”.
YAP-çı deputat hesab edir ki, ABŞ insan hüquqları və demokratiya məsələlərindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir və məqsəd Azərbaycanın bölgədə yürütdüyü müstəqil xarici siyasətə təsir göstərməkdir. M.Qurbanlı onu da əlavə edib ki, bu, YAP-ın yox, onun şəxsi mövqeyidir.
Siyasi ekspertlər isə M.Qurbanlının bu fikirlərinin absurd olduğunu deyirlər: “Insan Hüquqları Bəyannaməsi ABŞ-da hazırlanıb və dünyaya təqdim olunub. ABŞ bu sənədi qəbul etməsəydi, dekabrın 10-da Amerika rəsmiləri bu barədə heç nə danışmazdılar. Hər il ABŞ hökuməti ümumdünya insan hüquqları gününə bütün başqa dövlətlərdən daha çox diqqət göstərir. Əslində Mübariz Qurbanlının bu açıqlması təəccüblə qarşılanmamalıdır. Bütün seçkilərin saxtalaşdırıldığı, insan hüquq və azadlıqlarına heç bir hörmət olunmadığı, korrupsiya və qanunsuzluğun bütün hallarının tüğyan etdiyi ölkənin rəsmisindən başqa cür mövqe gözləməyə dəyməz. O ki qaldı Azərbaycan hakimiyyətinin müstəqil siyasət yürütməsinə, bunun gerçək vəziyyətlə heç bir əlaqəsinin olmadığı hamıya, elə Mübariz Qurbanlının özünə də bəllidir. Balans siyasəti iflasa uğrayandan sonra müstəqil xarici siyasət yürütmək haqqındakı arqumentin elə balans siyasəti qədər heç bir siyasi və diplomatik əsası yoxdur. Rusiyadan qorxduğuna görə, ”NABUCCO” kimi Azərbaycan üçün böyük iqtisadi və siyasi əhəmiyyət kəsb edən layihəyə “hə” deməyə cəsarəti çatmayan hakimiyyətin müstəqil xarici siyasətdən danışması qətiyyən ciddi fikir deyil”.
Bu, Hillari Klintonun açıqlamasına ikinci rəsmi münasibətdir. Mübariz Qurbanlıdan əvvəl Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov ABŞ-ı ikili standartda ittiham etmişdi. Hakimiyyətin ABŞ rəsmisinin açıqlamasına bu şəkildə münasibət bildirməsi bir daha göstərir ki, Ilham Əliyev demokratik islahatlara getmək niyyətində deyil. Əliyev ciddi-cəhdlə çalışır ki, müstəqil siyasət yürütdüyünü, guya “sözəbaxan” olmadığını isbat etsin. Bu isə Azərbaycan-ABŞ münasibətlərində gərginliyin daha da artmasını şərtləndirir.
Yeri gəlmişkən, Klintonun açıqlaması hakimiyyətin ABŞ-da lobbi axtarışına çıxdığı bir ərəfəyə təsadüf edir. ARDNŞ prezidenti Rövnəq Abdullayevin ABŞ-a səfəri, Ziya Məmmədovun oğlu Anar Məmmədov vasitəsilə ABŞ-da lobbi təşkilatı yaratmasını nümunə olaraq göstərmək olar. Belə bir vaxtda Ağ Ev rəsmisindən kifayət qədər sərt açıqlamanın gəlməsi göstərir ki, artıq lobbi təşkilatları da hakimiyyətin ABŞ-la münasibətlərində müsbətə doğru ciddi dönüş yarada bilməyəcək.
Analitik informasiya şöbəsi