Əli Kərimli Rusiya mətbuatında

“2012 Azərbaycan və Rusiya üçün çətin olacaq; qeyri-demokratik rejimlərə geriyə sayım başlayıb”

Əli Kərimli: “Rusiya ilə münasibətlərin yaxşı olmasına çox önəm veririk”

Rusiyanın populyar “Regnum” agentliyi AXCP sədri Əli Kərimlidən 2011-ci ilin yekunları ilə bağlı müsahibə alıb. Müsahibənin tərcüməsini təqdim edirik.

“Ərəb baharı” məni haqlı çıxardı

–  2011-ci il sona çatır və ilə yekun qiymət vermək bir növ ənənəyə çevrilib. Bu il tanınmış siyasətçi və müxalifət liderlərindən biri kimi şəxsən Sizin üçün necə keçdi?
– 2011-ci il bütün çətinlikləri ilə bərabər çox maraqlı və ümüdverici bir il oldu. Xüsusilə, şahidi olduğumuz “Ərəb baharı” nəinki il ərzində, hətta yaxın gələcəkdə də bütün dünyada siyasi proseslərə təsir göstərə biləcək bir hadisə idi. Mənim üçün bu hadisələri izləmək xüsusilə maraqlı idi. Belə ki, 2010-cu il ərzində mən dinc mübarizə ilə əlaqədar silsilə məqalələr yazmışdım. 20-yə qədər ölkədə avtoritar, totalitar və xunta rejimlərinə qarşı aparılmış dinc mübarizəni araşdırdıqdan sonra yazdıgım bu məqalələrdə xalqımızı inandırmağa çağırırdım ki, azadlıq, demokratiya, ədalət həqiqətən də universal dəyərlərdir, bütün xalqlar bu dəyərlərə can atır, bu dəyərləri öz cəmiyyətində bərqərar etmək bütün xalqların haqqıdır. Hansısa xalqın mentalitetinin guya demokratiyaya uyğun olmadıgı barədə “nəzəriyyələr” rejim nökərlərinin uydurduğu nağıldan başqa bir şey deyil. Əsaslandırmağa çalışırdım ki, məğlubedilməz rejimlər, diktatorlar yoxdur, hələlik azad olmaq haqda hamılıqla qərar verməmiş xalqlar var və bu xalqlar nə zaman elliklə mübarizəyə qalxsalar, heç bir rejim onların qarşısında duruş gətirməyəcək və s. Bu ilki “Ərəb baharı” məni haqlı çıxardı.

Hakimiyyət xalqla ünsiyyətimi kəsmək üçün xeyli tədbirlər görüb

Avtoritar rejimlərdə azad insanlar üçün hər zaman özünü realizə problemi olur. Mən də  öz həyatımda belə problemlərlə üzləşirəm. Belə ki, 2005-ci ildə həmtəsisçisi olduğum “Azadlıq” bloku parlament seçkilərində hökumətə faktiki qalib gəldikdən sonra hakimiyyət mənim siyasi fəaliyyətimi məhdudlaşdırmaq, xalqla ünsiyyətimi miniuma endirmək üçün xeyli tədbirlər görüb. 2006-cı ildən sədri olduğum AXCP-nin ofisi əlindən alınıb, yeni ofis icarəyə götürməyə də heç cür imkan verilmir (obyekt sahiblərini hədələyib, onları məcbur edirlər ki, yerlərini bizə icarəyə verməsinlər). Yenə həmin vaxtdan bütün yerli televiziya və radiolara real müxalifətə efir vaxtı ayırmaq qadağan olunub. Artıq 6 ildir ki, hökumət mənə xarici pasport da vermir və mən heç bir ölkəyə səfər edə bilmirəm. Hətta  ölkə daxilində regionlarımıza səfər edib xalqla kütləvi görüşlər keçirməyimə də qadağa var. Amma bütün bu məhdudiyyətlərə baxmayaraq  yeni mediyanın vasitəsilə ətrafımdakı mühasirə həlqəsini yara bilmişəm. 2011-ci il ərzində şəxsi blogum vasitəsilə 50-dən artıq məqalə və vidiomüraciətlərim yayılıb. Deməli, özümü  qismən də olsa realizə edə bilmişəm.

Rusiyada baş verənlər bütün regiona təsir edir və edəcək

– Ötən il regionda və dünyada hansı hadisələr, proseslərlə yadda qaldı?
– 2011-ci il dünya tarixinə daha çox Yaxın Şərqin bir çox diktatorlarının məğlub olduğu, ərəb xalqlarının azadlıqları uğrunda kütləvi mübarizəyə qalxdıqları, qlobal demokratikləşmə prosesinin ciddi uğurlar qazandığı il kimi düşəcək. Məhz bu il dünya ictimai fikrində demokratik idarəetmənin heç bir ağlabatan alternativinin olmadığı qənaəti möhkəmləndi. Regionumuzda da mühüm proseslər başlanmışdır. İranla Qərb dünyası arasında qarşıdurmanın artması, irimiqyaslı hərbi əməliyyatların mətbuatda açıq müzakirə olunması regionda hər kəsi narahat edən hadisədir və gələn 2012-ci ilin də regionumuz üçün gərgin keçəcəyinin anonsudur. Bu il Azərbaycan və Ermənistanda baş verenlərdən belə qənaət hasil oldu ki, hər 2 ölkədə qeyri-demokratik hakimiyyətin çox ömrü qalmayıb. Bu ölkələr də köklü demokratik dəyişikliklər ərəfəsindədir. Rusiyada keçirilən Dövlət Dumasına seçkilər sizin ölkədə də siyasi həyatı canlandırıb. On minlərlə Rusiya vətəndaşının azad seçki tələbi ilə keçirdiyi mitinqlər Azərbaycanda da maraqla izlənilir. Rusiyada baş verənlər isə şübhəsiz ki, bütün regiona təsir edir və edəcək.

Hökumət xalqdan qorxmağa başlayıb

– Bəs bu il Azərbaycan üçün nə ilə yadda qaldı?
– Xalq tərəfindən seçilmiş və xalq qarşısında məsul olan bir hakimiyyət, azad rəqabət mühüti, hər bir fərd üçün özünü realizə imkanları  Azərbaycanda olmadığından bizim son illərimiz hələ də bir-birinə çox bənzəyir. İllər gəlib keçir, neft satışından əldə olunan 10 milyardlarla pullar korrupsiya yolu ilə mənimsənilir, ölkə problemləri isə həllini tapmır. Azərbaycan torpaqlarının 20%-i hələ də Ermənistanın işğalı altındadır, 1 milyona qədər insan isə hələ də qaçqın həyatı yaşayır. Hər bir il korrupsiyanın, dövlət səviyyəsində kriminalın, qanunsuzlugun daha böyük miqyas alması ilə xarakterizə olunur. Amma bütün bunlarla yanaşı, bu il bizim ölkəmizdə də siyasi proseslər dinamizmini artırıb. Il ərzində müxalifət daha güclü qüvvəyə çevrilə bilib. 4-5 illik fasilədən sonra hökumət yenidən xalqdan qorxmağa başlayıb.
Bu il Azərbaycanın beynəlxalq aləmdə 2 mühüm uğurunu da qeyd etmək lazımdır. Azərbaycanın istedadlı gəncləri “Eurovision” mahnı yarışmasının qalibi oldular və ölkəmizə 2012-ci ildə “Eurovision” yarışmasına ev sahibi olmaq hüququ qazandırdılar. Bu il azərbaycan BMT TŞ-na qeyri-daimi üzv seçildi. Düzdür, hələlik hər 2 hadisədən hökumət ölkə daxilində öz təbliğatı üçün istifadə edir. Amma biz hesab edirik ki, hər 2 hadisə nəticə etibari ilə dünya ictimaiyyətinin və mediyasının diqqətini ölkəmizə daha çox cəlb edəcək. Bu da öz növbəsində bir tərəfdən Azərbaycanın özünün və mədəniyyətinin dünyada daha yaxşı tanınmasına, digər tərəfdən də  ölkəmizdə şəffaflığın artmasına kömək edə, ölkədə donub qalmış daxili islahatların önünün açılmasına  təkan ola bilər.

Müxalifət hakimiyyəti qorxuda biləcək qədər güclənib

– Bu il Azərbaycanın müxalifət düşərgəsində nə baş verdi? Müxalifət nələrə nail ola bildi, nələrə nail ola bilmədi?
– Müxalifətin 2011-ci ildəki fəaliyyətini dəyərləndirmək üçün əvvəlki illərə də qısa bir nəzər yetirmək lazımdır. Əvvəldə qeyd etdiyim kimi, 2005-ci il parlament seçkilərindən sonra ölkəmizdə faktiki olaraq elan edilməmiş fövqəladə vəziyyət rejimi tətbiq olunmağa başladı. Bütün siyasi hüquqlar məhdudlaşdırıldı. Hətta 50 nəfərlik piketlərin belə keçirilməsi qadağan olunmuşdu. Müxalifətə və azad mətbuata qarşı repressiya həyata keçirilird. İlham Əliyev rəsmən çıxışlarında 2008-ci ilə qədər real müxalifəti (o, real müxalifəti ənənəvi müxalifət adlandırır) yox edəcəyini deyirdi. Özünə senzura tətbiq etməyən xeyli sayda jurnalist də uydurma ittihamlarla həbs olundu. Əlbəttə, biz bütün bu repressiyalara rəğmən real müxalifəti və azad mətbuatı qoruyub saxlaya bildik. Lakin toplumdan ciddi dəstək ala bilmədiyimizə görə 2006-2010-cu illərdə yaddaqalan uğurlarımız da olmadı.
Beləliklə,  bir neçə illik fasilədən sonra  2011-ci il Azərbaycan müxalifətinin nisbətən daha aktiv mübarizə apardığı il oldu. Təsisçilərindən biri olduğum İctimai Palatanı müxalifətin, vətəndaş cəmiyyətinin, müstəqil medianın, gənclər hərəkatı fəallarının iştirakı ilə demokratiya uğrunda vətəndaş hərəkatı olaraq ötən il dekabrin 28-də yaratdıq. Bir il ərzində İctimai Palata özünü indiki hakimiyyətə qarşı real və tək alternativ olaraq təsdiq edə bildi. Azərbaycanda sərbəst toplaşmaq qeyri-rəsmi qadağan olunsa da, il ərzində minlərlə insanın iştirakı ilə dəfələrlə razılaşdırılmamış etiraz aksiyaları keçirə bildik. Repressiyalar bu il də davam edib. Amma bu repressiyalar müxalifəti taqətdən salmayıb. Bu il keçirilən mitinqlər hazırda iqtidar və müxalifət arasındakı qüvvələr nisbətini də ortaya qoydu. Məlum oldu ki, əvvəlki bir-neçə ildən fərqli olaraq, indi Azərbaycanda müxalifət hakimiyyəti qorxuda biləcək qədər güclənib (mitinqlərimizin keçirildiyi mart, aprel aylarında həyacanlanmış hökumət şəhərə Daxili Qoşunları yeritmişdi). Amma xalq hələ də siyasi mübarizəyə tam olaraq qoşulmayıb və ona görə də hökumət situasiyaya  hələlik nəzarət edə bilir.

Müzakirə mövzusu dəyişikliklərin nə zaman olacağıdır

Əvvəlki illərdən fərqli olaraq indi cəmiyyətin ən müxtəlif təbəqələri demokratiya uğrunda mübarizəyə qoşulur. Məsələn, əgər 2006-2008-ci illərdə qurama cinayət işləri əsasında həbs olunmuş16 nəfər siyasi məhbusun hamısı bizim partiyanın fəalları idisə, bu ilin əvvəlindən 40 nəfərdən artıq şəxs siyasi fəaliyyətinə görə həbs olunub və onun 10 nəfəri AXCP üzvüdür. Azərbaycan gəncləri daha fəal şəkildə siyasi mübarizəyə qoşulur. Ona görə də hazırda ölkədə tanınan 9 nəfər gənclər hərəkatı fəalları da siyasi məhbus həyatı yaşayır. Azərbaycanlı dindarlar da əvvəlki illərdən fərqli olaraq hüquqları uğrunda daha fəal mübarizə aparırlar. Son aylarda rejim cəmiyyətin ən müxtəlif təbəqələrindən də gözləmədiyi zərbələri alır. Əvvəlcə ölkənin tanınmış vəkillərinin, hüquqşünaslarının demokratik dəyişikliklərə dəstək verməsi rejimi narahat etmişdisə, son bir ayda tanınmış ziyalıların “daha susa bilmərik” bəyanatı və demokratik dəyişikliklərə açıq dəstək verməsi də rejimi xeyli həyacanlandırdı.
Fikrimcə, müxalifət üçün 2011-ci ilin ən mühüm siyasi yekunu isə ondan ibarətdir ki, bu il Azərbaycan ictimai fikri ölkəmizdə də demokratik dəyişikliklərin labüd olduğu qənaətinə gəldi. İndi cəmiyyətdə əsas müzakirə mövzusu köklü dəyişikliklərin mümkün olub- olmayacağı deyil, nə zaman olacağıdır.

Rusiyada baş verənlər Azərbaycana ciddi təsir edir

– 2011-ci il üçün Azərbaycan-Rusiya münasibətlərini necə xarakterizə edərdiniz və bu münasibətlərin növbəti ildəki perspektivini necə görürsünüz?
– Hər iki ölkənin rəhbərləri deyirlər ki, Azərbaycan – Rusiya münasibətləri çox yüksək səviyyədədir. (Yeri gəlmişkən qeyd edim ki, bu münasibətlərin qurulması yalnız dövlət rəsmilərinin preraqatividir. Azərbaycandakı Rusiya səfirliyi bir-neçə ildir ki, real müxalifət qüvvələri ilə, demokratik inkişaf tərəfdarı olan vətəndaş cəmiyyəti fəalları ilə əlaqələrini kəsib). İddia edirlər ki, aramızda heç bir problem yoxdur.  Biz də belə olmasını arzu edirik. Amma təəssüf ki, Rusiyada məskunlaşmış, Azərbaycanda yaşayan bəzi xalqları təmsil etdiyini iddia edən, separatçı əhval-ruhiyyəli kiçik qruplar bu ilin son aylarında yenidən fəallaşmağa cəhdlər etdi. Bu “fəallaşma” belə bir təəssürat yaratdı ki, münasibətlər Azərbaycan və Rusiya rəsmilərinin iddia etdiyi kimi, tam da problemsiz deyil, hələ də qarşılıqlı etimadsızlıq hiss olunur.
Biz Rusiya ilə münasibətlərin yaxşı olmasına çox önəm veririk. Biz bu böyük və güclü qonşumuzun daha da demokratikləşməsini və sabit inkişafını istəyirik. Rusiyada baş verənlər yaxşı və pisliyindən asılı olmayaraq, həmişə Azərbaycana ciddi təsir edir. Dövlətlərimiz arasındakı münasibətlərin daha da yaxşı olması üçün çox ciddi zəmin var. Xeyli sayda rusun Bakıda, milyonlarla azərbaycanlının Rusiyada yaşaması, tarixən formalaşmış iqtisadi əlaqələr, rus dilinin hələ də Azərbaycanda ən geniş yayılmış xarici dil olması, qarşılıqlı şəkildə bir-birimizin mədəniyyəti ilə tanış olmağımız münasibətlərin daha da yaxşı olmasına təkan verə bilən obyektiv faktorlardır.
Azərbaycanda bir-çox nəsillər böyük rus ədəbiyyatının təsiri ilə formalaşıb. Aleksandr Puşkin, Fyodor Dostoyevski, Lev Tolstoy, Anton Çexov, Mixail Bulqakov, Boris Pasternak, Aleksandr Soljenitsin və digər rus ədibləri bu gün də ölkəmizdə sevilə-sevilə oxunurlar. Son illərdə aparılan bir araşdırma isə Dostoyevskinin bu gün də Azərbaycanda ən çox oxunan müəllif olduğunu aşkarlayıb. Rus ədəbiyyatının Azərbaycanda necə populyar olduğunu təsadüfən vurğulamadım. Mən arzu edirəm ki, 2012-ci ildə də, sonrakı illərdə də Azərbaycan –Rusiya münasibətlərində azad ticarət, ədəbi-mədəni əməkdaşlıq, qarşılıqlı faydalılıq əsas prinsiplər olsun. Ölkələrimizdə demokratikləşmə prosesi dərinləşdikcə, insan azadlığı indeksi yüksəldikcə xalqlarımız arasındakı dostluğun daha da möhkəmlənəcəyinə əminəm.

2012-ci ilə böyük ümidlə gedirik

– Dünyada, regionda və Azərbaycanda proseslərin inkişafı baxımından gələn il üçün proqnozunuz nədir? Siz və Azərbaycan müxalifəti 2012-ci ilə hansı planlar və əhval-ruhiyyə ilə gedirsiniz?
– 2012-ci il Azərbaycan üçün də, Rusiya üçün də asan olmayacaq, daxili etirazlar artacaq. Azərbaycanda hər gün daha çox adam bu qənaətə gəlir ki, dəyişiklik zəruridir. Əminəm ki, gələn il yeni-yeni qrup və təbəqələr demokratikləşmə mübarizəsinə qoşulacaq. İctimai Palata daha fəal mübarizə aparacaq. Müxalifətin və vətəndaş cəmiyyətinin daha geniş spektri İctimai Palata ətrafında birləşəcək. Qlobal demokratikləşmə tendensiysının əldə edəcəyi yeni uğurlar da Azərbaycan demokratik qüvvələrini ruhlandıracaq.
Bu il ərzində baş verən inqilabi dəyişikliklər bir daha təsdiq etdi ki, demokratikləşmə qlobal prosesdir və bütün dünyanı əhatə edəcək. Dünyanın bütün xalqları azadlıq, ədalət, demokratiya istəyir və onlar buna layiqdirlər. Dünyadakı bütün qeyri-demokratik rejimlər üçün artıq geri sayım başlayıb. Mən deyə bilmərəm ki, hansı qeyri-demokratik rejim nə vaxt və necə çökəcək. Amma ona əminəm ki, xalqı ilə savaşan, xalqının qanını tökən, xalqdan mandat almamış rejimlər məğlubiyyətə məhkumdur. Heç şübhəsiz ki, bütün bu proseslər 2012-ci ildə də davam edəcək. Xeyli avtoritar rejimin mövcud olduğu bizim regionumuzda isə bu tendensiya daha qabarıq şəkildə müşahidə olunacaq.
Azərbaycan müxalifəti, o cümlədən şəxsən mən özüm 2012-ci ilə böyük ümüd və entuziazmla gedirik. Cəmiyyətin ən müxtəlif təbəqələrini dəyişiklik uğrunda mübarizəyə cəlb etmək, müxalifət partiyalarının, qeyri-hökumət təşkilatlarının , ziyalıların, azad mətbuatın, gənclərin, internet fəallarının –bir sözlə ölkənin bütün demokratik potensialının demokratik dəyişikliklər naminə daha optimal birlik və əməkdaşlıq modelini tapmaq cari vəzifəmiz olacaq. Ölkəmizdə dinc, demokratik, köklü dəyişikliklərə nail olmaq isə əsas hədəfimizdir.