İlham Əliyevin dostunun oğlunu necə öldürdülər?

Maştağada törədilən bir qətlin tarixçəsi

 

“Iki gündən sonra oğlumun toyu olacaqdı. Ancaq evimizə gələn, çörəyimizi yeyən adam övladımın qatilinə çevrildi” – ah-naləsi ərşə dirənən Hatəm Quliyev ürəkağrısı ilə başına gələnləri bizə danışır…

 

“Get, sabah gələrsən”

2010-cu il avqustun 3-də Quliyevlər ailəsinin tək oğlu – Maştağa sakini Həmidağa öldürülüb. Atası Hatəm dayı həmin günü belə xatırlayır: “Oğluma maşın almışdım. Hara getsəydi, evdəkilərə xəbər verirdi. Sonuncu gün də belə oldu. Tez-tez bizə gələn dostu Rəsul Babayev zəng elədi, onunla təcili görüşməli olduğunu söylədi. O gedəndə axşam saatlarıydı, bir neçə dəqiqə sonra zəng edib harada olduğunu və evə nə zaman gələcəyini soruşdum. Ölümündən 10 dəqiqə əvvəl danışdıq. Mənə dedi ki, Rəsulun evindədir. O da Maştağada qalır, bizdən o qədər də uzaqda yaşamır. O, evə tez gəlməli idi. Çünki gedəcəyimiz yer var idi. Az sonra yenidən ona zəng elədim, ancaq bu dəfə telefonu götürmədi”.

Hatəm dayı oğlunun telefon zənglərinə cavab verməməsindən nigaran qalır və Rəsulun yaşadığı mənzilə gedir: “Darvazanı döydüm, açan olmadı. Bacısı oğlu mənə yalandan dedi ki, guya Rəsul evdə yoxdur. Mən də inandım. Oğlumu axtardım, tapa bilmədik. Bu halda Suraxanı rayon Polis Idarəsinin 14-cü polis bölməsinə müraciət etdim. Burada növbətçi ”get, sabah gələrsən” dedi. Çarəsiz qalıb, övladımızı özümüz axtardıq. Hətta yollarda quraşdırılan videokameralara baxıb maşının hərəkət istiqamətini mənə demədilər. Gecədən xeyli keçəndən sonra maşını tapa bildik”.

“Otur yerində,  sən danışma!”


Oğlunun ölüm xəbərini ondan gizlədənlər “Həmidağa sağdır, sakit ol. Prezident Maştağaya gələcək. O gəlib-getsin, oğlunu verəcəyik. Narkotik üstündə həbs olunub”- ataya belə deyirlər. Hadisədən bir neçə gün keçsə də ondan heç bir xəbər çıxmır. Rəsul isə Hatəm kişiyə oğlunu axtarmağı məsləhət görür: “Bakı Şəhər Baş Polis Idarəsinə apardı. Dedi ki, burada adamı var. Yaman canfəşanlıq edirdi. Ancaq az müddətdən sonra işin üstü açıldı. Polis yanımdaca Rəsulu həbs etdi”.
Hatəm dayı Həmidağanın öldürülməsi planının çoxdan hazırlandığını deyir: “Qatillər vaxt axtarıb planı həyata keçirməyi düşünüblər. Həmidağaya dost deyə müraciət edən Rəsul qardaşımdan və başqa yaxın adamlardan onu dəfələrlə soruşub. Ölüm işində Rəsulla yanaşı, onun qaynı Ceyhunun da əli var. Pul verib Ceyhunu cinayət işindən uzaqlaşdırıblar. Sonradan onunla qarşılaşanda hadisənin səbəbini soruşdum. Cavabı bu oldu ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına xəbər verə bilməyib, guya qorxub. Halbuki Həmidağanın meyitini onun maşınında aparıb kanala atıblar”.
Avqustun 3-də öldürülən oğlunun meyitini ata 14 gündən sonra kanalda tapır.
Faktla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi açılır. Ancaq sonradan nələrinsə müqabilində qatillər gizlədilir.
“Oğlumun il mərasimində, iştirakım olmadan məhkəmə keçirilib. Rəsulu dəlixanaya göndəriblər, qətldə adı keçən, lakin bizim tanımadığımız Fəttah Abbasova isə 14 il iş veriblər. Oğlumun meyitini kanala atanda görənlər olub. Şahidlərin dediklərinə görə, 6 nəfər olublar. Həmin şəxslərin məhkəməyə gətirilməsini xahiş etdim, ancaq hakim mənə ”otur yerində, sən danışma!” dedi”.

Həbs edilməmək  üçün “ruhi xəstə”

“Rəsul Həmidağanı evinə dəvət edib. Oğlum hansı səbəbdən görüşə çağırıldığından xəbərsiz olub. Məhkəmədə isə deyilib ki, Həmidağanın öldürülməsinə səbəb guya Rəsul və başqalarından dəfələrlə pul tələb etməsi olub. Onu reket kimi qələmə verirlər. Bu ittihamların heç biri məhkəmədə təsdiqini tapmadı. Ancaq əvəzində Rəsulu ruhi xəstə adı ilə cinayət məsuliyyətindən yayındırıblar. Məhkəmə bu qərarını onun hərbi xidmətə getməməklə bağlı aldığı ”ruhi xəstə” arayışı ilə əsaslandırdı. Əslində bu sənəd qanunsuzdur. Atası imkanlı olduğundan, oğlunun cinayətləri ört-basdır edilir. Onların Maştağanın mərkəzində ticarət mərkəzi var” – deyir ata.
Həmidağaya 6 bıçaq vurulduqdan sonra başına torba keçirib əl-qolunu bağlayırlar. Bütün sənədlərdə bu, öz əksini tapıb. Onda sual yaranır, niyə məhkəmə bir nəfəri cinayət məsuliyyətinə cəlb edir? Axı belə bir qətli bir nəfər törədə bilməz. Quliyevlər ailəsi Rəsulu çox yaxşı tanıdıqlarını deyirlər. Onlar əmindirlər ki, onun səhhətində heç bir problem yoxdur. Belə bir planı həyata keçirən adamın ruhi xəstə olması heç inandırıcı görsənmir. Və Rəsulun olaydan sonra mərhumun evinə gələrək meyiti tapmaq üçün çabalar göstərməsi həm izi itirmək anlamına gəlir, həm də ruhi xəstə olmadığını üzə çıxarır. Üstəlik, Sabunçu rayon Polis Idarəsinin 14-cü polis bölməsinin də cinayətə biganə yanaşması müəyyən mətləblərə aydınlıq gətirir.
Məsələ ilə bağlı Rəsul Babayevin atası Hüseynqulu ilə görüşmək üçün qəsəbədəki dükanına gedirik. Obyekt sahibinin iş yerində olmadığını deyən satıcılara onunla əlaqə yaratmasını xahiş edirik. Xahişimiz qəbul olunur. Dəstəyin o başında olan Hüseynqulu müəllim gəlişimizin səbəbini bildikdən sonra getməyimizi məsləhət görür və dəstəyi asır. Təkrar əlaqə saxlayıb olaya münasibət bildirməsini istəyirik və bu dəfə bizə xəbərdarlıq edir: “15 dəqiqəyə dükanı tərk etməsəniz, polis çağıracam. Mənə təzyiq göstərirsiniz, sizi həbs etdirəcəm”. Ona mövqe öyrənmək istədiyimizi desək də, heç bir nəticəsi olmadı. Əksinə, o, hədələməyində davam etdi.

Son söz əvəzi

Ilham Əliyev Hatəm dayının nəinki prezidenti, həm də dostudur. Ölkə başçısı hər dəfə Maştağaya gələndə onu qarşılayanlardan biri də bu insandır. Birgə olduqları şəkli isə maşınında gəzdirir. O maşını ki, oğlu üçün almışdı, övladına qismət olmadı, özü sürür. Və həmin maşında gəzdirilən şəkil belə, qatili “üzə çıxara” və həbs etdirə bilmir…

Ramin DEKO