Masallının meri Laçın Sadıqzadənin qayınatası «Azadlıq»a danışdı
Bir neçə gün əvvəl rüşvət ittihamı ilə həbs edilən Masallı şəhərinin icra nümayəndəsi Laçın Sadıqzadənin qayınatası Hacı Abı Nadirov kürəkəninin təqsirsiz olduğunu bildirir. Hacı Abı “Azadlıq”a açıqlamasında bildirib ki, Laçın Əsgərzadə heç kimdən rüşvət tələb etməyib və onun həbsi hansısa anlaşılmazlıqdan irəli gəlir:
“Laçın Sadıqzadənin rüşvət aldığı iddia edilən obyekt əslində mənim şəxsi mülkümdür. Biz ehtiyac üzündən obyekti satmaq istəyirdik. Mən də bu işi Laçına tapşırmışdım. Mən həmin obyektin sənədlərini də sizə təqdim edə bilərəm. Obyekt bacanağım Əhliman Nurullayevin adınadır. Həmin gün Laçın icra hakimiyyətində iclasda olub. Rasim adlı şəxs ona zəng vuraraq obyekti almaq istədiyini bildirib və qiymətini soruşub. Laçın deyib ki, obyekt 3000 manata satılır. Rasim də cavabından bildirib ki, 2000 manatını indi, yerdə qalanını isə sonra verə bilər və Laçınla görüşmək istədiyini deyib. Laçın iclasda olduğunu, iclas bitdikdən sonra görüşə biləcəyini söyləyib. Laçın, həmçinin mənim oğluma zəng edərək Rasim adlı şəxsin obyekti almaq istədiyini, lakin pulun yarıdan çoxunu indi, qalanını isə sonra verəcəyini deyib. Oğlum razılaşıb. Iclas bitdikdən sonra Laçın həmin Rasimlə görüşüb, pulu alanda onu tutublar. Mənə aydın deyil ki, bu nə məsələdir. Mən öz şəxsi obyektimi sata bilmərəm məgər?! Obyekt satmaq cinayətdir?!”
Hacı Abı Nadirov əlavə edib ki, Rasim adlı şəxs Laçına qurulmuş oyunun iştirakçısı olsa da, səhvini anlayıb: “Mən bilmirəm nə baş verir və Laçına qarşı bu tələnin əsl səbəbi nədir. Onu bilirəm ki, Rasim də, onun ağsaqqalları da mənim evimə gəlmişdilər. Bu hadisəyə görə məndən üzrxahlıq etdilər”.
Hacı Abı Nadirovun oğluna gəlincə, müsahibimiz deyib ki, onu şikayətçini döyməkdə suçlamışdılar: “Amma sonradan bu sübut olunmadı. Polisdə dedilər ki, bəs bu uşağı bir gün şöbədə haqsız yerə saxlamışıq, bizə söz gələ bilər. Ona görə də düzüb-qoşub 7 sutka verdilər”.
Xatırladaq ki, Laçın Sadıqzadə dekabrın 9-da axşam saatlarında həbs edilib. Ona qarşı rüşvət ittihamı irəli sürülüb. Laçın Sadıqzadə Masallının icra başçısı Qəzənfər Ağayevin kadrı hesab edilir. Onun qayınatası Hacı Abı Nadirov isə Daşkəsənin icra başçısı Əhəd Abıyevin yaxın qohumudur.
Informasiya şöbəsi


