Kürü daşdıran korrupsiya (VİDEO)

Təkcə evlərin tikintisindən 80 milyon manata yaxın vəsait mənimsənilib

2004-2011-ci illərdə isə bəndbərkitmə işlərinə 1 milyard 35 milyon manat “xərclənib”

 

“Daşan Kürün suyu yox, korrupsiyanın səviyyəsidir” – bunu parlamentin 2010-cu il mayın 11-də keçirilən iclasında millət vəkili Pənah Hüseyn deyib. Onun sözlərinə görə, son 3 ildə Kür ətrafında işlərin görülməsi üçün ayrılan vəsait 30 ildə ayrılan vəsaitdən artıq olsa da,  heç bir iş görülməyib.

2010-cu ilin mayında Kür və Araz çaylarının daşması nəticəsində Azərbaycanın 30-a yaxın rayonunda 20 mindən çox yaşayış binası, 110 min hektar əkin və örüş sahəsi su altında qalması ilə insanlara, təsərrüfatlara, iaşə və məişət obyektlərinə, tədris-təhsil ocaqlarına, infrastruktura, böyük həcmdə ziyan dəydi. Daşqının nəticələrinin aradan qaldırılması, əhaliyə dəyən ziyanın ödənilməsi, dağılmış, uçulmuş evlərin tikilməsi, qəzalı vəziyyətə düşən evlərin bərpası istiqamətində təxirəsalınmaz tədbirləri nəzərdə tutan sərəncam imzalandı. Daşqından  2 ay sonra. Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli 197s saylı sərəncamı. Bu sərəncamla müxtəlif komitə və nazirliklərə daşqının nəticələrini aradan qaldırmaq tapşırığı verilirdi ki, ən qısa zamanda – 3 ay müddətində işləri yekunlaşdırsınlar. Komissiya müəyyən etmişdi ki, 3205 fərdi yaşayış evi tikilməli, 3222 fərdi yaşayış evi təmir edilməli, 700 fərdi yaşayış evində isə bərpa-gücləndirilmə işləri aparılmalıdır. Nazirlər Kabineti əhaliyə ev tikəçək şirkətlərlə də tendersiz müqavilə imzalanmasını əsaslandırmışdı:.“İşlərin təxirəsalınmadan icrasının vaciblİyini” nəzərə alaraq sifarişçi təşkilatlara birbaşa müqavilələr bağlamağa icazə verilirdi (tender barədə ətraflı bir qədər sonra). Sərəncamın verilməsindən artıq bir il ötdü. Nəinki evlərin tikilməsi, bərpası yekunlaşıb, heç əhaliyə çatacaq kompensasiyalar da hələ tam verilməyib. Səbəblərini axtaraq.

Niyə Fövqəladə Hallar Nazirliyi?


Söhbət kompensasiyaların verilməsinin və tikintinin bu nazirliyə həvalə olunmasından gedir. Çoxları bu suala hələ də cavab tapa bilməyib: Niyə Nazirlər Kabineti sərəncamda nəzərdə tutulan işləri Fövqəladə Hallar Nazirliyinə tapşırdı?
Bunun qanuni əsası var idimi? Fövqəladə hallara cavabdeh quruma həm pul paylamaq, həm tikinti aparmaq, həm də tikintinin təhlükəsizliyinə cavabdeh olmaq səlahiyyətinin verilməsinin arxasında nə dayanır?

İqtisadçı ekspert Rövşən Ağayev:
“FHN-nin səlahiyyətləri bu qurumun dövlət başçısının təsdiqlədiyi 19 aprel 2006-cı il tarixli Əsasnaməsi ilə tənzimlənir. Həmin Əsasnaməyə görə Nazirliyin fəaliyyət sahələrinə daxildir:
1) mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlamaq və həyata keçirmək;
2) mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək;
3) Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət-yoxlama funksiyalarını həyata keçirmək;
4) mülki müdafiəni, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, dövlət material ehtiyatları fondlarının yaradılmasını və idarə olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil etmək və həyata keçirmək;

2-ci madddəyə diqqət yetirsək, orada Nazirliyin vəzifəsi kimi «fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək» göstərilir. Nəzərə alsaq ki, evlərin tiikntisi və bərpası  «fövqəladə halların nəticələrinin aradan qaldırılması» hesab oluna bilər, bu halda Əsasnamə bu işi FHN-nin bilavasitə özünün görməsini yox, ayrı-ayrı qurumların (xüsusilə yerli idarəetmə orqanlarının) görməli olduğu bu işə nəzarət etməli, fəaliyyətləri əlaqələndirməli idi. Amma indiki şəraitdə söhbət 100 milyonlarla manat üzərində sərəncamvermə huququndan gedirsə, FHN-nin bunu başqa qurumlara həvalə etməsi, təbii ki, ağlabatan deyildi – artıq hüququn burda nə dediyi nazir K.Heydərov üçün 2-ci dərəcəli məsələdir – həmişə olduğu kimi.  
Bir şeyi deyim ki, bu qurum əvvəlcədən meqanazirlik (hökumət içində hökumət) kimi nəzərdə tutulub. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin saytında  dünya ölkələrinin hamısının hökumətlərinin strukturu verilib. Bir müddət əvvəl mən həmin saytın məlumatları əsasında araşdırma apardım və məlum oldu ki, bir sıra MDB ölkələri (məsələn, Rusiya, Belarus, Ukrayna) istisna olmaqla dünyanın heç bir ölkəsində bu qədər geniş səlahiyyətləri olan (ölkənin strateji obyektlərinin qorunmasından tutmuş sel köçkünlərinə ev tikməyədək) FHN yoxdur”.
Göründüyü kimi, Əsasnaməni də Azərbaycan “reallıqlarına” uyğunlaşdırıblar.
İqtisadçı ekspert Vüqar Bayramov: “Fövqəladə Hallar Nazirliyinə tikintilərin aparılması səlahiyyətinin verilməsi Azərbaycan qanunvericiliyinə zidd deyil. Əslində FHN-nin əsasnaməsində də göstərilib ki, fövqəladə hallar baş verən zaman nəticələrinin aradan qaldırılmasının nazirliyin səlahiyyətində olduğu göstərilib. Digər MDB ölkələrində də bu cür fəaliyyət fövqəladə hallar nazirliyi tərəfindən aparılır.  Bu fəaliyyət FHN-nə deyil, digər dövlət qurumuna tapşırılsaydı, o zaman bu, praktik olaraq doğru olmazdı”.
Fikirlər müxtəlif olsa da fakt odur ki, bu qurum ona həvalə edilən işin öhdəsindən gəlməyib. Kompensasiyaların paylanması və evlərin tikintisində şəffaflıq gözlənilməyib.

Tender keçirilməməsinin əsası varmı?

Sərəncamın 12-ci bəndində deyilir: “Yerİnə yetiriİləcək işlərin təxirəsalınmadan icrasının vaciblİyini və icraçıların mövcud qaydalara əsasən müəyyən edilməsinin vaxt tələb etdiyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın 6-cı, 8-ci və 9-cu bəndlərində göstərilən işlərin işçi cizgilər əsasında, birbaşa müqavilələrlə yerinə yetirilməsinə sifarişçi təşkilatlara icazə verilsin”. Nazirlər Kabineti operativliyi əsas gətirir, amma işin icrasına nəzarəti “yaddan” çıxarır.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin cavabında da tendersiz görülən işlərə aydınlıq gətirilir. “Nazirlər Kabinetinin 05.05.2010-cu il 127s, 29.10.2010-cu il 325s, 07.03.2011-ci il 76s saylı sərəncamlarına əsasən müstəsna hal kimi podratçı təşkilatla birbaşa müqavilə bağlamaqla işlərin görülməsinə razılıq verilmişdir”.
Cavaba irad yoxdur. NK həqiqətən bu icazəni verib, amma bu, məlumatların ictimaiyyətdən gizlədilməsinə icazə sayılmasın gərək.
Daşqınlarla bağlı işlərin tendersiz yerinə yetirilməsinə münasibət də birmənalı deyil. Bəzi ekspertlər Nazirlər Kabinetinin qərarını məntiqli sayır. Daşqınların nəticələrinin aradan qaldırılması üçün tender  keçirilməsi operativliyə əngəl ola bilərdi. Bir qism ekspert isə tender keçirilməməsini qanun pozuntusu saymaqla yanaşı, eyni zamanda korrupsiyaya yol açan əməl kimi dəyərləndirir. Belə ki, işlər yüksək çinli məmurların şirkətləri arasında bölüşdürülüb və operativlikdən əsər-əlamət olmayıb. Aradan keçən bir ilə yaxın müddət və operativliyin təmin olunmaması əks fikirdə olanların arqumentlərini təsdiqləyir.

İqtisadçı ekspert Rövşən Ağayev: Bu məsələdə qanunvericilikdəki boşluqlar məmurların işinə yarayır. Belə ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununun 21.1.2 və 21.1.3-cü maddələrinə əsasən,  mallara (işl və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda, həmçinin tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri – mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda, fövqəladə hallarla əlaqədar həmin mallara (iş və xidmətlərə) təcili təlabat yarandıqda, satınalmanın digər metodlarından istifadə, onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda tender keəirilməyə bilər və bu halda satınalmanın «Bir mənbədən satınalma» metodundan istifadə olunur.  Burada artıq müddət qoyulmur ki, «fövqəladə halların nəticələrilə bağlı satınlama proseduru» maksimum hansı dövrdə başa çatdırılmalıdır. 
İqtisadçı ekspert Vüqar Bayramov isə bunun qanuni və qanunsuz tərəfləri olduğunu deyir: “Dövlət Satınalmaları haqqında qanuna görə Nazirlər Kabineti bəzi hallarda vəsaitlərin bölüşdürülməsinin tendersiz keçirilməsinə dair sərəncam vermək hüququna malikdir. Tenderlərin keçirilməmə səbəbi kimi operativliyin təminatı  göstərilsə də operativlik təmin edilməyib. Bu baxımdan vəsaitlərin tendersiz paylanması və buna baxmayaraq operativliyin təmin edilməməsi iqtisadi qanunlara uyğun deyil”.

“Qaraçay”ın qaranlıq işləri

Tendersiz seçilən, daha doğrusu, iş tapşırılan şirkətlərdən biri “Qaraçay”dır. Baş direktoru Azər Yusifov olan bu şirkət 1995-ci ildə yaradılıb. Arxasında “fövqəlnazir”in dayandığı “Qaraçay” yeni yaranandan iş sarıdan korluq çəkməyib. Bu şirkət həmişə dövlət qurumlarının tenderlərinin qalibi ola bilib. Şirkətin saytının http://www.qarachay.az ingiliscə versiyasında (nədənsə Azərbaycan dili versiyasnda heç bir məlumat yerləşdirilməyib) özləri əsas partnyorlarının dövlət qurumları olduğunu yazıblar. Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi və s. Yeri gəlmişkən, bir problem də ondadır ki, neçə illərdir müəssisə və şirkətlərin reyestr məlumatlarının ictimaiyyətə açıqlanması barədə ekspertlərin təklifləri qulaqardına vurulur. Bu məlumatlar məqsədli şəkildə ictimaiyyətdən gizlədilir, o sadə səbəbə görə ki, həmin şirkətlərin sahibləri dövlətdə yüksək post tutan məmurlar, məmur övladlarıdır.

Saatlı rayonu Dəllər kənd sakini Lazım Umudov deyir ki, Dəllər, Musalı və Nərimankənddə tikintini əvvəlcə “Qaraçay” şirkəti aparıb. Konkret adları çəkilən kəndlərdə “Qaraçay”ın mənfi imici formalaşıb. Belə ki, bu kəndlərdə hətta qəzalı olmayan evlər tikilib. Qəzalı evlərdən də “tanışlıqla” növbəsiz tikilənləri olub ki, yaranan narazılığın nəticəsi kimi “Qaraçay”ı “Kirs” şirkəti əvəzləyib.
Yeri gəlmişkən, L.Umudov bu kəndlərdə 500 ev tikiləcəyinin nəzərdə tutulduğunu deyir. Amma indiyi kimi cəmi 310 ev tikilib. 45 qəzalı evəsə hələ də baxış keçirilməyib.

İmişli rayonunda  205 evin tikintisini “Bakıenerjitikinti” ASC aparıb. Başqa şirkətlər kimi onun da necə seçilməsi, hansı üstün keyfiyyətləri olması barədə heç bir məlumat verilmir. Nəzərə alsaq ki, bu qurumun işi, adından da göründüyü kimi, məftil çəkməkdir. Əslində bu şirkətlər işi ələ keçirəndən sonra onu ikinci, bəzən üçüncü-dördüncü ələ ötürüblər. Bu ötürmələrdə iştirak edən hər şirkət də öz payını götürüb. Adının çəkilməsini istəməyən bir firma rəhbəri deyir ki, ona da Kür qaçqınlarına ev tikməyi təklif ediblər. Amma o, sıralamada üçüncü olub. Faktiki işi görən firma kimi təklif olunan məbləğ onu qane etməyib. “Məndən  əvvəlki şirkətlər vasitəçi funksiyası yerinə yetirir, həm də işi heç bir müqaviləsiz gördürürlər”.

İmişlidən Azər Əliyevin aşkara çıxardıqlarının bir qismini diqqətinizə çatdıraq: “FHN-in podratçı kimi seçdiyi “Bakıenerjitikinti” ASC bu işdə sadəcə dəllallıq edib. Belə ki, evləri ucuz qiymətə ayrı-ayrı tikinti, reklam firmalarına, yaxud fiziki şəxslərə tikdirib, “hazır məhsulu” isə öz adından baha qiymətə təhvil verib. Həmin vaxt 15-dən artıq evin tikintisini aparmış iş adamlarından biri işə cəlb olunmasını belə xatırlayır: “Mən Bakıda tikinti firmasında işləyirəm. Bir gün Knyazın (“Bakıenerjitikinti” ASC-nin sədri Knyaz Hacıyev nəzərdə tutulur – red.) adamlarından xəbər gəldi ki, təcili gəl İmişliyə, burada “yağlı” iş var. Gəldik. Məndən başqa da tikinti və reklam şirkətlərindən olanlar vardı, ya da bina tikintisi ilə məşğul olan ayrı-ayrı fiziki şəxslər. Heç kəslə müqavilə bağlanılmadı. Knyaz dedi ki, tikintiyə dair bütün sənədləşmə “Bakenerjitikinti” ASC-nin adınadır, siz sadəcə işləyib haqqınızı alacaqsınız. Mal-material təchizatı, tikintiyə cəlb edilən işçilərə vaxtaşırı haqq ödənilməsi ilə bağlı “qara mühasibatlıq” yaradılmışdı. Bizə verilən smetaya görə, 2 otaqlı yaşayış evininin ümumi xərci 19 min 483 manat idi. Amma deyilənə görə, “Bakıenerjitikinti” ASC bu evləri 37 min manata təhvil verib. 3 otaqlılar üçün bizə 24 min 376 manat ödənilib, Knyaz isə həmin evlərə görə 42 min manat alıb.”
Dövlət hesabına bundan qabaq da Qarabağ qaçqınları və müharibə əlilləri üçün fərdi evlər tikilib. Sifarişçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub. Həmin evlərin də qiyməti şişirdilib və eyni qaydada məmurlara yaxın şirkətlər podratçı təşkilat olub, evlərin tikintisini ikinci-üçüncü, bəzən dördüncü əllər aparıb. Hər firma da öz payını götürüb.
Uzun müddət tikinti işləriylə məşğul olan iş icraçısı Kür qaçqınları üçün tikilən evlərdə rəqəmlərin həddindən artıq şişirdildiyini deyir. Onun sözlərinə görə, bu tip proyektlərdə 2 otaqlı evin tikintisi 16 min manatdan artıq ola bilməz.

Saatlı rayonu Dəllər kənd sakini Lazım Umudovun evi qəzalı vəziyyətdə olsa da tikintiya məhkəməyə müraciətdən sonra nail ola bilib. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 19 iyul qərarıyla L.Umudovun evinə baxış keçirilməsi, vəziyyəti yerində araşdırması Saatlı Rayon Məhkəməsinə həvalə edilib. Bu il iyulun 30-da evin özülü qazılıb, avqustun 1-dən tikintiyə başlanıb. Amma L.Umudovu razı salmayan məqamlar yetərincədir: “Mənim evimin ümumi sahəsi 190, yaşayış sahəsi isə 176 kv.m olub. İndi mənə cəmi 88 kv.m. sahəsi olan ev tikilir. Bundan əlavə, dəfələrlə tələb etsəm də tikilən evin layihə-smetasını da mənə vermirlər. Kənddə artıq tikintisi başa çatan evlər var. Keyfiyyətsiz və bizə vəd edilən evlər deyil. Hər materialından kəsilməsi (oğurlanması)göz önündədir. Üstəlik, hamam-tualet də yoxdur. Bu evlərin tikintisinin, tutaq ki, 3 otaqlı evin 40-60 min manata rəsmiləşdirildiyi deyilir. Tikintiyə məsul olan Fövqəladə Hallar Nazirliyi isə qiymətləri açıqlamır. Biz fərdi evlərin tikintisini aparan iş icraçılarıyla birgə hesablama aparmışıq, pərakəndə satışda olan tikinti materialları (topdansatış qiymətləri xeyli aşağıdır) ilə hesablayanda usta və fəhlə pulu da nəzərə alınmaqla bizə tikilən 3 otaqlı evin tam başa gəlməsi heç 16 min manata gedib çatmır. Hər cür şəraiti olan ev bizim hesablamalarımızla 14 min 550 manata başa gəlir”.

Evlərin real qiyməti

Evlərin tikintisində yeyinti hallarını həm də şəffaflığın olmaması təsdiqləyir. 
İqtisadçı ekspert Rövşən Ağayev də şişirtmənin göz qabağında olduğunu deyir:
“Mənim dostum 120 kvadratmert sahəsi olan 4 otaqlı evi son 4 ayda 30 min manata tam hazır vəziyyəti gətirib. Nəzərə alaq ki, o, bütün keyfiyyət standartlarına tam əməl edib (bünövrəyə qalın karkaz-beton, binanın yuxarısı dövrələmg qalın beton). Onu da nəzərə al ki, rayonlarda ustanın qiyməti Bakıdan təxminən 50% ucuzdur. Həmin evlərin tam keyfiyyət standartlarına, keyfiyyətli materiallarla tikilməsinə şübhələri nəzər alsaq, onlar daha ucuz tikilməlidir.Digər tərəfdən, dostumun evinin içərsində tikdiyi hamam-tualetə çəkdiyi xərc təxminən 3 min manat olub. Yəqin ki, həmin evlər bu xərcdən azad olub, ya da buna daha az vəsait xərclənib. 
Tikinti mütəxəssisləri ilə apardığım araşdırmaların nəticələri göstərir ki, istənilən 1 mərtəbəli evin 1 kvadratının maya dəyəri (evin yaşayış üçün tam hazır olmasınadək olan mərhələlər keçilənədək- məsələn, divarların, tavanın, döşəmənin rənglənməsinədək) 250-300 manatdan çox ola bilməz. Məsələn, 3 otaqlı ev 75-80 kvadratdan çox ola bilməz. Bu halda onun real qiyməti 22-25 manat aralığında dəyişilmirsə, deməli, şişirtmə göz qabağındadır”.

Dövlət hesabına tikilən fərdi yaşayış binalarını  “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu (495-88-52) layihələndirilib. Layihəyə görə, 2 otaqlı evin sahəsi 73,78 kv.m., 4 otaqlıların isə 100,57 kv.m.-dir. Binalar daş konstruksiyalıdır, damı çardaq tipli, dam örtüyü isə metal kirəmitdəndir. Binaların bünövrəsi lentvari formalı monolit betondandır. Fasadlar və otaqların divarları suvanıb və boya ilə rənglənib. Binaların möhkəmliyi zəlzələ təhlükəsizliyinə görə 8 balla qiymətləndirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ əlillərinə tikdiyi evlərin proyekti də, demək olar, eynidir. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun layihələşdirdiyi bu tip 2 otaqlı evin qiyməti 60 min manatdır. Bu işə cəlb olunmuş tikinti firmalarından birinin rəhbəri deyir ki, layihə və tikinti fərqli şeylərdir. Nazirlik tikinti şirkətlərinə bu işi 20 min manata gördürür, 60 min manata imza atdırır. “20 min manata evi necə tikməyin onu maraqlandırmır. Bunun sosial ödəmələri, vergisi, fövqəladəsi var. Şərtə razılaşan şirkət qazanc əldə etmək üçün ucuz işçi qüvvəsinə və ucuz materiallara üstünlük verir, Bu vaxt layihə heç yada düşmür…”.

Tikinti zamanı layihəyə əməl olunmadığını iş icraçıları da etiraf edir. Eyni zamanda ucuz materiallardan istifadə olunduğunu sakinlər də təsdiqləyir. Məsələn, İmişli şəhərinin Şıxəli Qurbanov küçəsindəki 8 saylı evdə yaşayan Səfurə Əliyeva bildirir ki, ona yeni tikilmiş evin dam örtüyü zədələndiyindən, yağış suları divar boyu içəri axır.
Sabirabadın Şıxlar kənd sakini isə yeni tikilmiş evin pəncərəsinin yöndəmsiz olduğunu, həm də örtülmədiyini deyir: “Evə suvaq vurulan vaxt bizə sənədə qol çəkdirdilər ki, guya tikinti başa çatıb. İndi heç kimi tapa bilmirik ki, dərdimizi deyək”.

Azər Əliyevin fikrincə, Fövqəladə Hallar Nazirliyi ictimai obyektlərlə fərdi yaşayış evlərinin tikintisinə ayrılmış məbləği birləşdirməklə dolaşıqlıq yaratmaq niyyəti güdüb. Əslində sosial və infrastruktur obyektlərinin yenidən qurulmasına sərf olunacaq vəsaiti 202,3 milyonun tərkibindən çıxarmaq olardı. Bununla belə, ekspertlərin qiymətləndirmələrinə görə, son illərdə hökumətin dövlət büdcəsinin investisiya xərcləri çərçivəsində kənd yerlərində məktəb, bağça, tibbi məntəqəsi, kitabxana və başqa sosial obyektlərin tikintisi, təmiri və yenidən qurulması, həmçinin kənd yollarının bərpası ilə bağlı xərcləri nəzərə alsaq, qeyd olunan vəsaitin ən yaxşı halda 15-16 milyon manatı həmin məqsədə yönəldilib. Yerdə qalan təxminən 185-186 milyon manat hesabına 3205 mənzilin tikintisinə sərf olunması o deməkdir ki, bir mənzil dövlət büdcəsinə orta hesabla 57-58 min manata başa gəlib. Nəzərə alsaq ki, daşqınlardan ziyan çəkənlərə 2, 3 və 4 otaqlı evlər tikilib, onda həmin evlərin təxmini qiymətləndirilməsini bu şəkildə aparmaq olar: 2 otaqlılar – 42-43 min manat, 3 otaqlılar – 54-55 min manat, 4 otaqlılar – 63-64 min manat”.

Alternativ hesablamalar mənimsəmənin gözlə göründüyünü deyir. “3205 evin hər birinə görə orta hesabla 20-25 min manat mənimsənilibsə, bu, ümumilikdə 80 milyon manat deməkdir”.
“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Ermənistan və Qarabağ qaçqınları, eyni zamanda Qarabağ əlilləri üçün dövlət hesabına tikilən fərdi evlərin layihəsini hazırlayıb. 2-3-4 otaqlı bu evlərin qiyməti 60-120 min manat arasındadır.

Evlərin qiyməti ilə bağlı suallarımızı  FHN-in tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin sədr müavini Elxan Əsədov cavablandırmaqdan yayındı. Quruma göndərdiyimiz sorğuyasa hələ də cavab verilməyib.

Kağız üzərində bərkidilən bənd

2004-2011-ci illərdə 1 milyard 35 milyon manat bəndləri “bərkidib”

Son illərdə ayrılan vəsaitlərlə bağlı iqtisadçılar maraqlı rəqəmlər ortaya qoyub. Belə demək mümkünsə, Kür və Araza nəzarət (bəndlərin hündürlənməsi və genişlənməsi) Meliorasiya və Su Təsərrüfatı ASC-yə həvalə olunub. Bu quruma hər il dövlət büdcəsindən milyon manatlarla vəsait ayrılıb. Ayrılan vəsaitlərin necə və hara xərclənməsi isə “dövlət sirri” olaraq qorunur. İstər müxtəlif tədbirlərdə bununla bağlı verilən suallar, istərsə də ünvanlanan sorğular cavablandırılmır. Daşqın zamanı ərazidə yerli sakinlərlə söhbətdən də bəlli oldu ki, bəndbərkitmə işlərinin sonuncu dəfə nə vaxt görülməsini xatırlamırlar.
Amma maraqlıdır ki, sənədlərdə bəndbərkitmə işlərinin hər il tam gücü ilə “aparıldığının” şahidi oluruq. İqtisadçıların ortaya qoyduğu rəqəmlərə diqqət yetirək.
2004-cü il – 39,4 milyon manat
2005 – 48,6 milyon manat
2006 – 67,3 milyon manat
2007 – 141,1 milyon manat
2008 – 153,3 milyon manat
2009 – 199,2 milyon manat
2010 – 205,8 milyon manat
2011-ci ii  – 219,2 milyon manat.

Ümumilikdə 2004-2011-ci illərdə bu quruma dövlət büdcəsindən 1 milyard 34 milyon 500 min manat vəsait ayrılıb. Onu da bildirək ki, investisiya xərcləri və beynəlxalq kreditlər bura daxil deyil.
Deməli, “xərclənən” məbləğ bundan da artıqdır. “Bərkidilən” bəndlərin yaxınlığında yaşayanlarsa, maraqlıdır ki, o işlərin nə vaxt yerinə yetirildiyini görməyiblər. (Video)

Sabirabadın daşqın suları altında qalan Ulacalı kəndinin sakini Hüseynağa Hüseynovun evi iki bənd arasında yerləşir. O da son illər bəndbərkitmə işlərinin aparılmasının şahidi olmayıb: “SSRİ-də yeganə olan bəndatma idarəsi Sabirabadda yerləşirdi. O idarənin müdiri son dərəcə məsuliyyətli bir adam idi. Günü bu bəndlərin üstündə keçərdi. Zəif yerlər bərkidilirdi. Nə görmüşüksə  sovetin vaxtında görmüşük. Sonrakı illərdə təhlükə olanda da camaat öz gücünə bəndləri bərkidib. Dövlət səviyyəsində işlərin şahidi olmamışıq”.

Daşqından ziyan çəkən Saatlının Dəllər kənd sakini Lazım Umudov son illər bəndlərdə hər hansı texnikanın işlədiyini görmədiyini deyir:”Yalnız 2010-cu ildə, daşqından sonra bəndlərdə texnikanın işlədiyini görmüşük”.

Sabirabadın daşqından ziyan çəkən Şıxlar kəndinin 69 yaşlı, evləri lap bəndin yaxınlığında olan Kamran Ramazanov deyir ki,  bu bənddə 2010-cu ilə qədər nə vaxt iş görüldüyünü xatırlamır. O, yalnız 2010-cu ildə daşqınlardan sonra bu işlərin başlandığını deyir: ”Bu yaşıma qədər bu bəndin üstündə bir traktor işləsin, fəhlə gəzsin, görməmişik. İkinci bəndin üstündə hərdənbir traktor görünüb”.

“Kür” qərargahınin aydınlatdıqları

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev bu il aprelin 22-də Meliorasiya və Su Təsərrüfatı ASC-yə sorğu göndərdiklərini deyir. Onu da vurğulayaq ki, bu qurumun saytında dövlət büdcəsindən su təsərrüfatı üçün ayrılan vəsaitlərin necə xərclənməsiylə bağlı hər hansı məlumat yerləşdirilməyib.

Səhifənin lap başında Heydər Əliyevin müdrik kəlamı dayanmadan “irəliləyir”:
“Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”.
Səmərəli istifadə olunub-olunmamasını kimsə bilmir. Yuxarıda dediyimiz kimi, qurumun saytında layihələr, vəsaitlər və bu vəsaitlərdən hara, nə qədər  xərclənməsi barədə məlumat verilmir.
“Kür”ün sorğusuna 2 aydan sonra – iyulun 28-də sədr müavini Zakir Quliyevin imzaladığı məktubla cavab verilib. Amma O.Gülalıyev cavabı natamam sayır və bununla bağlı məhkəməyə müraciət olunduğunu deyir. Məsələn, sorğuda bəndbərkitmə işlərinə cəlb olunmuş şirkətlər barədə məlumat istənilir.
Sədr müavini Zakir Quliyevin cavabına diqqət yetirək: “Kür-Araz çaylarında podratçı təşkilatlar(?!)2010-2011-ci illərdə bəndlərin hündürlənməsi və genişləndirilməsi işlərinin 1 km məsafəsinə məsafədən və iş həcmindən asılı olaraq 110-125 min manat vəsait xərclənib”.
Cavabdan o da bəlli olur ki, 2010-2011-ci illərdə 324,5 km məsafədə bəndbərkitmə işləri aparılıb.
Ulacalı sakini Hüseynağa Hüseynov 110-125 min manat vəsaitin xərclənməsini mümkün sayır. Konkret onların yaşadığı ərazidə bu işlər üçün torpaq kənardan yox, elə yaxınlıqdan gətirilib. Bu məsafə isə o qədər sərfiyyat, xərc eləmir.

Cəmiyyətin şirkətlərlə bağlı cavabı da maraqlıdır. “2010-cu ildə 28, 2011-ci ildə 38 müəssisə və şirkət bəndlərin hündürlənməsi və genişləndirilməsi işlərinə cəlb olunmuşdur”. Bunların hansı müəssisə və şirkətlər olduğunu müəyyənləşdirmək sanki sorğu göndərənin borcudur. Eyni zamanda bu müəssisə və şirkətlərlə bağlanan müqavilələr, onların dəyəri barədə ictimaiyyətə hər hansı məlumat verilmir.

Hər işdən pay alan “Akkord”

Kür və Araz çayları sahillərində yaşayan sakinlərin sözlərinə görə, onlar “Akkord”, “Qamma”, “Qafqaz Holdinq”, “Körpü-Bina-Tikinti” və başqa şirkətlərin maşın və texnikasının işlədiyini görüblər ki, bu işlər də daşqından sonranı – 2010-2011-ci illəri əhatə edir. Yeri gəlmişkən, bu şirkətlərin sahibləri hakimiyyətin ən yüksək eşelonunda təmsil olunan şəxslərdir. Dövlətin yüz milyonlar, milyardlar xərclədiyi müxtəlif layihələr məhz bu şirkətlərin əli ilə gerçəkləşdirilir.
Körpü, yol qovşağı, yeraltı və yerüstü keçidlər, bəndbərkitmə və s. saymaqla qurtarmayan, hətta profilinə uyğun olmayan işləri belə “Akkord” həmişə tenderdə “udur”. Daha doğrusu tendersiz-filansız. Son illər “Akkord”a 2001-ci ildə təsis edilmiş “Körpü-Bina-Tikinti” (KBT) şirkəti qoşulub. Qısa zamanda “böyük uğurlara” imza atıan şirkətin saytında KBT-nin gördüyü işlərlə bağlı məlumat yerləşdirilib. İşlərin hansı illərdə, hansı məbləğə görüldüyü göstərilməsə də “sifarişçi adı” çox mətləblərə aydınlıq gətirir. Siyahıda yerinə yetirilmiş 77 iş, yəni layihə var. Bu işlərin 25-də, əsasən də sonuncularda sifarişçi Nəqliyyat Nazirliyi – “Azəryolservis”dir. Qalan sifarişçilərin də əksəriyyəti dövlət qurumlarıdır. Göründüyü kimi, KBT bütün “tenderlərin qalibi” olmağı bacarıb… Yüksək çinli məmurlara məxsus, ölkədə, xüsusilə paytaxtda həyata keçirilən layihələrin əksəriyyətində “tenderin qalibi” olan, bənbərkitmə işlərindən də pay alan “Akkord” şirkəti bağlanan müqavilə, onun dəyəri, görülən işlərlə bağlı sorğumuza cavab vermədi.

640 min manat hara getdi?!

Evlərin sökülməsi üçün sərəncamla ayrılmış 640 min manatın taleyi qaranlıq olaraq qalır. Çünki evləri sökülmüş sakinlərin əksəriyyəti bu işi özləri görüblər və buna görə haqq almayıblar. Onlar bunu qarşılıqlı anlaşma əsasında görüblər. Belə ki, həmin evlərdən çıxan materialları sonra yardımçı tikililərdə işlətməyi nəzərdə tutduqlarından söküntü üçün pul tələb etməyiblər. Bu variant FHN-in də işinə yarayıb. Nə yoğurdum, nə yapdım…

Niyə Rabitə Nazirliyi?

Kompensasiyaların vaxtında çatdırılmamasının səbəbini Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin məsul şəxsləri Fövqəladə Hallar Nazirliyinin bu vəsaiti onların hesabına köçürməməsiylə izah edirdi. Amma baş verən pozuntular, vətəndaşlara qəbz verilməməsinin səbəbinə nazirlik rəsmiləri aydınlıq gətirmədi, dəfələrlə müraciət olunsa da.

Bu vaxta qədər əhaliyə çatdırılan kompensasiyalar üçün Poçt xidməti xərcləri 121 min 734 manat olub. Bankomatlar vasitəsilə verilsəydi xərclər nə qədər olardı?  Banklar (yəni kartlar) ucuz başa gəlməzdimi?

İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, Kompensasiyaları Rabitə Nazirliyinin verməsi iqtisadi baxımdan qanuna uyğundu: “Nazirliyin poçtları vasitəsilə prosesin reallaşdırılması daha ucuz başa gəlir, nəinki kommersiya bankları vasitəsilə vəsaitlərin verilməsi. Çünki kommersiya banklarından vəsaitlərin paylanması daha çox xərc tələb edir. Banklarda xidmət haqqı 1 faizdir. Eyni zamanda vəsaitin banklar vasitəsilə ödənməsi üçün ödəniş kartlarının hazırlanması müddət və vəsait tələb edir.O baxımdan vəsaitlərin Rabitə Nazirliyi vasitəsilə bölüşdürülməsi daha məqsədəuyğundur. Lakin bunula belə poçtlar əhaliyə vəsaitləri verərkən onlara qəbz verməyiblərsə, bu, qanunvericiliyə ziddir. Bütün hallarda ödəniş edilən zaman vətəndaşın imzaladığı qəbzin bir nüsxəsi və ya sürəti vətəndaşın özündə qalmalıdır. Qəbzdə ödənilən məbləğ həm sözlə, həm də rəqəmlə yazılmalıdır. Kompensasiya alan vətəndaşlara qəbzlər verilməyibsə və orada ödənilən məbləğ sözlə deyil, yalnız rəqəmlə yazılıbsa, bu, qanunvericiliyə ziddir”.

İqtisadçı ekspert Rövşən Ağayev də kompensasiyanın poçtlar vasitəsilə verilməsinin sərfəli olduğunu deyir: “Bir bankomat kartının xərci təxminən 10 manatdır. Prinsipcə, poçtun əhalini aldatma faktını nəzərə alıb, bankomatlar vasitəsilə paylamanı təklif edirsənsə, bunun qarşısını almaq mümkün idi. Bunun üçün hər bir ailəyə çatacaq ödəniş əvvəlcədən rəsmi bidirişlə ailələrə çatdırılmalı, həmin ailələrin siyahısı FHN-nin saytında dərc olunmalı, rayon və kəndlərin ərazilərində hamının görə biləcəyi ictima yyerlərdə asılmalı idi. O halda bankomatsız da keçinmək olardı”.

Azərbaycanda daşqınlardan ziyan çəkən vətəndaşlara kompensasiyaların ödənilməsinə 2010-cu ilin avqust ayından başlanıldı və pullar yerli poçt şöbələri vasitəsilə əhaliyə çatdırılırdı. Avqust ayına qədər vətəndaşların zəruri xərclərinin ödənməsi üçün heç bir vəsait ayrılmadı. Onlar yalnız ərzaqla təmin olundu ki, bu ərzaqların bir qisminin keyfiyyətsizliyini və köhnə olmasını fəlakət zonasında olan QHT təmsilçiləri də dəfələrlə vurğulayıb. Kompensasiyaların verilməsində  isə saysız problemlər olub. Məsələn, vətəndaşlara heç bir qəbz verilmir, onların aldıqları pulun təyinatı bilinmirdi. Üstəlik, Sabirabadın Azadkənd, Xankeçən kəndlərinin bir qrup sakini 01 sentybar 2010-cu ildə FHN- də olarkən məlum olub ki, onlara ayrılan vəsaitin həcmi ilə faktiki verilmiş vəsaitin həcmi arasında böyük fərq var. Həmin ərəfədə Respublika Baş Prokurorluğunun məsələyə müdaxiləsindən sonra kompensasiyaların qalığı bir gecənin içində verilsə də bu qanunsuzluğa və korrupsiya faktına görə heç kim məsuliyyətə cəlb olunmadı. Sabirabadın Azadkənd, Xankeçən, Poladtuqay kəndlərində vətəndaşları aldadan, sənədlərdə saxtakarlıq edən, əhaliyə çatacaq kompensasiyaları mənimsəyən vəzifəli şəsxlər haqqında ölçü götürülməsi üçün Respublika baş prokurorluğuna bir qrup QHT-nin müraciəti hələ də cavabsız qalıb.

Rusiya təcrübəsi

Təbii fəlakətlərdən daim ziyan çəkən Rusiyada Azərbaycanda baş verənlər, əhaliyə çatacaq kompensasiya və yardımların yeyilməsi – korrupsiya, mənimsəmə halları, demək olar, təkrarlanmır. 2010-cu ildə Rusiyada baş verən yanğınlar nəticəsində 53 adam ölüb, çox sayda xəsarət alanlar olmuşdu. 2 minədək ev yanmışdı. Baş nazir Putin dərhal hadisə yerinə baş çəkmiş, dövlət təxirəsalınmaz tədbirlər görmüşdü. Əhalinin yerləşdirilməsində və onlara zəruri yardımlar edilməsində, denək olar, problem yaşanmamışdı. Əhaliyə ayrılmış kompensasiyalar onların bank hesabına köçürülmüş və zərərçəkənlər pullarını bankomatlardan almışdı. Kənar müdaxilə olmadan…
Amma cüzi problemlər, Rusiya prezidentini razı salmayan hallar da oldu. Məhz buna görə Medvedev əhalinin təhlükəsizliyinə məsul qurumlara ciddi xəbərdarlıq etdi. Prezident Dmitri Medvedev deyib ki, 2010-cu ildəki səhvlər təkrar olunarsa, yanğın söndürməyə bilavasitə məmurlar göndəriləcək.
“Məsələnin öhdəsindən gələ bilmədiyiniz təqdirdə – yanğın söndürməyə Moskva vilayəti və Rusiya Federasiyasının hökuməti göndəriləcək ”.

Delta balıq mafiyasının nəzarətindədir

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Mehman Əliyev fəlakətin süni yaradıldığı qənaətindədir: “Biz əvvəldən də hesab edirdik ki, bu daşqın təbii fəlakət deyil, bu süni fəlakətdir və pis idarəetmənin nəticəsidir. Məsələn, iyul ayının sonunda Kür çayının deltasından lil təmizləyən gəmilər çıxarılmışdı. Bizdə olan məlumata görə, həmin gəmiləri oradan məcbur edib, onları təzyiq və qorxu altından ərazidən çıxarıblar. Mənbənin bizə verdiyi məlumata görə, bu təzyiqi edən balıq mafiyasıdır”.

O, Kürün deltasında vəziyyətin ürəkaçan olmadığını deyir: “Ekoloqlar da bildirirlər ki, əgər delta lildən təmizlənməsə bir və ya iki ilə yenidən iri miqyaslı daşqınlar baş verəcək. Çünki deltada cəmi 1 metr dərinliyində lil təmizlənib və bu da tezliklə dola bilər. Bu məsələ ilə bağlı da biz müvafiq dövlət qurumlarına sorğular göndərmişik və təəssüf ki, hələ cavab almamışıq. Amma bu istiqamətdə işimizi davam etdirəcəyik, əlimizdən gələn bütün qanuni vasitələrdən istifadə edəcəyik. Deltanı təmizləyən gəmilərin yenidən deltaya qaytarılmasına və orada işlərini davam etməsinə çalışacağıq. Bu mənada əlbəttə, təhlükə var və biz əminik ki, əgər tədbirlər görülməsə, yenidən daşqınlar olacaq”.
Yada salaq ki, Kürün deltasının lildən təmizlənməsinə 2003-cü ildən başlanıb. “Azərenerjitikintiquraşdırma” Səhmdar Cəmiyyəti Şəmkirdən “İnam” gəmisini gətirib işə başlasa da bütün işlər əsasən “kağız üzərində” gedib. Ərazidə olarkən adının çəkilməsini istəməyən işçilərdən biri 2008-2009-cu illərdə lilsoran gəminin ümumiyyətlə, işləmədiyini dedi..
Hər il pullar ayrılıb və mənimsənilib. Son illər görülən işlər və xərclənən vəsaitlərlə bağlı sorğumuza da təəssüf ki, “Azərenerjitikintiquraşdırma” SC cavab vermədi. Yeri gəlmişkən,  «Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 2  dekabr tarixli 646 nömrəli Fərmanı ilə ləğv edilmiş dövlət şirkətləri 16 iyul 1998-ci il 851 saylı prezident sərəncamıyla səhmləri tamamilə dövlətə məxsus olan Səhmdar Cəmiyyət kimi yenidən yaradılıb. Bir sıra müəssisə və təşkilatlar yenidən yaradılan bu cəmiyyətin tabeliyinə verlib.
SC-nin imkanları geniş olsa da yerinə yetirdiyi işlər imkanları ilə müqayisəyə gəlməz.

Kompensasiya müəmması

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 mart 2011-ci il tarixli 71s nömrəli Sərəncamına əsasən Kür və Araz çaylarının daşması nəticəsində əhalinin əkin sahələrinə dəymiş ziyana görə 13177 ailəyə 6004170 manat məbləğində birdəfəlik yardım ödənilmişdir”.

“NK-nın 03.03.2011-ci il tarixli 17/17/R-102-12 nömrəli göstərişi ilə Sabirabadda 1065 ailəyə 1120000,0 manat məbləğində yardım ayrılmışdır” – rəsmi məlumatlar bundan o yana keçməyib, bu yardımların verilməsində də şəffaflıq olmayıb.

Əvvlki sərəncamla əhaliyə (təmir, bərpa-gücləndirmə, qəzalı) ödənilməsi nəzərdə tutulan 13 milyon 500 min manat vəsaitin indiyə qədər 8 milyon 608 min 684 manatı verilib (FHN-in saytında belə yazılıb). Qalan 4 milyon 891 min 316 manatın nədən verilməməsi barədəsə rəsmi qurumlardan hər hansı məlumat almaq mümkün olmadı.

Nazirlər Kabinetinin 97s sərəncamıyla ziyan çəkmiş və bərpası mümkün olmayan fərdi yaşayış evlərinin əvəzinə həmin evlərin sakinlərinə müvafiq rayonların ərazilərində, zəruri sosial və infrastruktur obyektləri (məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt məntəqəsi, elektrik, su və təbii qaz təchizatı, avtomobil yolları və sair) də nəzərə alınmaqla, 3205 yeni fərdi yaşayış evinin, həmin əhaliyə məxsus istehsalat, məişət, iaşə və xidmət obyektlərinin tikintisi, köçürülməsi tələb olunmayan yaşayış məntəqələrində sosial obyektlərin, əhaliyə məxsus istehsalat, məişət, iaşə və xidmət obyektlərinin təmir-bərpası və ya yenidən tikintisi üçün 202,3 milyon (iki yüz iki milyon üç yüz min) manat vəsait ayrılıb.
FHN-in saytından bəlli olur ki, sosial obyektlərin siyahısında 28 məktəb, 10 məscid, 8 uşaq baxçası, 8 tibb məntəqəsi, 3 xəstəxana, 9 inzibati bina (bələdiyyə, ica nümayəndəliyi, klub, kitabxana) var. Yalnız 8 məktəb, 3 baxça, 3 tibb məntəqəsi, 3 inzibati bina, 1 xəstəxana yenidən tikilib,  qalanları təmir olunub. Tikinti ilə təmirin qiymətinin fərqli olduğunusa kimsəyə izah etməyə ehtiyac yoxdur. 11 obyekt isə hələ də təmirini gözləyir.

Niderlandın “Deltares”  şirkəti ilə bağlanmış 2 milyon manatlıq layihədə nəzərdə tutulan işlərin yerinə yetirilib-yetirilməməsi ilə bağlı suallarımıza da nə FHN-dən, nə də Deltares”  cavab ala bildik.

Arazın suya həsrət yeni qolu

Sərəncamda Arazın yeni qounun çəkilməsi də nəzərdə tutulub ki, hələ o zaman mütəxəssislər buna ehtiyac olmadığını deyirdi. Ötən ilin daşqınları zamanı əkinləri susuzluqdan quruyan İmişli sakinləri də buna etiraz edirdi. Onlar Arazın suyunun təsərrüfatlara yetmədiyini, sahil boyu yaşayan əhalinin hətta içməli sudan əziyyət çəkdiyini deyirdi. Amma yeni qol açıldı və bu qola buraxılan su heç 1 km irəliləyə bilmədi, O sadə səbəbə görə ki, Arazda bu qolu da təmin edəcək su yox idi. Yaxınlarda həmin əraziyə yenidən baş çəkdik. Artıq iki körpü tikilib istifadəyə verilib. Amma yeni qola buraxmağa bu il də su olmayıb. Körpülərin tikintisi üçün Nəqliyyat Nazirliyinə 15 milyon, yeni qolun çəkilməsi üçün 15 milyon manat da Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdı. Nazirlər Kabinetinin 26 iyul 2011-ci il tarixli  201s saylı sərəncamına əsasənAraz çayında yeni qolun tikintisinə əlavə olaraq 3,8 milyon manat ayrılıb.

Son

Azərbaycan məmurlarının onlara həvalə edilən işin öhdəsindən gəlmədiyinin şahidi oldunuz. Daşqınlardan keçən 1 ildən artıq müddət və hələ də görülməyən işlər, sahiblərinə çatdırılmayan kompensasiyalar var. Rəsmi statistikadan da göründüyü kimi sökülüb təzədən tikilməsi nəzərdə tutulan 3205 evdən hələ 2714-ü istifadəyə verilib (bir daha xatırladaq ki, bu işlər 2010-cu ilin oktyabrında tamamlanmalıydı). 491 ev gözləyir. Bu, 491 ailə deməkdir. Deməli, bu adamlar hələ də çadırda, kiminsə himayəsində, ya da qəzalı evdə yaşayır. Baxmayaraq ki, daşqından ziyan çəkən əhaliyə yeni evlərə köçürülənə qədər verilməsi nəzərdə tutulan yardımlar çoxdan, lap çoxdan paylanmır…

Rövşən Hacıbəyli

Yazı SCOOP CAUCASUS-un maliyyə dəstəyi ilə hazırlanıb