Bir vaxt deyirdilər ki, Azərbaycan rusiyalı siyasi texnoloqların tövsiyələrilə idarə olunur. Həqiqətən də ölkə siyasətində elə tendensiyalar olurdu ki, azacıq fəhm nümayiş etdirməklə, onların Rusiyadan əxz edilmiş siyasi qəlib olduğuna çox asanlıqla əminlik hasil etmək olardı.
Mən bu sətirləri yazanda Rusiya etiraz aksiyalarına hazırlaşırdı. Amma ilk baxışdan bir sual meydana çıxırdı: Əcəba, etiraz aksiyasına kim daha çox hazırlaşır? Polislər, əsgərlər, yoxsa dinc vətəndaşlar?
Mən dərhal öz aksiyalarımızı xatırladım. Yəqin, elə siz də onları xatırladınız. Indi Rusiyada etiraz edən gənclərə qarşı bir neçə tədbir planlaşdırılır. Həmin tədbirlər çox az vaxtdan sonra Azərbaycanda da peyda olanda buna təəccüblənməyin: bəli, dünya gör-götür dünyasıdır! O sarıdan heç narahat olmayın. Bizim hakimiyyət başqa hökumətlərin zorakı, repressiv praktikasını böyük uğurla mənimsəməkdə davam edir! Kaş o biri şeyləri də belə həvəslə öyrənəydilər!..
Amma Rusiyada aksiyaların davamlı xarakter alması ümidverici detaldır. Rusiya indi avtoritarizmin dayağıdır və digər dövlətlər gərək çoxdan bu amilə diqqət yetirəydilər. “Ərəb baharı”nın Rusiyaya yan alması çox yaxşı olardı. Lakin Rusiyada demokratik atmosfer hələ zəifdir. “Qığılcımdan alov doğar!” – hər halda, bu, rusların şüarıdır.
Mən burada başqa bir detalı da qeyd etmək istəyirəm, baxmayaraq ki, bu detal bir az yaxın tarixin ştrixidir. Lenin inqilabdan bir az əvvəl onu gələcək nəsillərin edəcəyini demişdi. Amma az bir müddət keçdi və Rusiyada silsilə inqilablar baş verdi və təbii ki, Lenin də özünə xas riyakarlıqla dedi ki, bolşeviklərin dəfələrlə irəlidən dedikləri inqilab artıq baş tutmuşdur!.. Indi hələ ki, heç kim bu gün Rusiyada inqilabdan ciddi şəkildə danışmır. Amma kim bilir?..
Bu məqamda yadıma bir mistik detal düşdü. Rusiya tarixinin 12 illik tsikli, yəni, periodu var. Özünüz diqqət yetirin: 1905, 1917, 1929, 1941, 1953, 1965, 1977, 1989 və s. Diqqət yetirsəniz, görərsiniz ki, bu illərin hamısı Rusiya tarixində mühüm illər olub. Ruslar bunu həmişə bir sirr, mistika kimi yozurlar. Növbə 2013-cü ilindir! Görən, bu tarix Rusiya üçün hansı mənada mühüm olacaq və nə ilə yadda qalacaq? Bəlkə tarix bir il səhv edəcək, hər şey elə 2012-ci ildə həll olunacaq? Kim bilir? Hər halda, Rusiya tarixi, eləcə də fəlsəfi fikri mistik elementlərlə çox zəngindir. Ümid edək ki, onların nə vaxtsa tarixi mistik örtüksüz, bütün reallıqları ilə görmək imkanı olacaq.
Üzvləri saymağın vaxtı yetişib?
Keçək sırf öz problemlərimizə. Deyəsən, siyasi partiyalar haqqında qanun da reallığa çevrilir. Böyük ehtimalla o, 2012-ci ildə qəbul ediləcək. Hər halda, bu haqda çox danışırlar. Həm də ortalıqda titanik bir iş var. 55 partiyanı indi təzədən qeydiyyatdan keçirmək lazım gələcək, çünki qeydiyyat üçün zəruri üzvlərin sayı artırılacaq. Mən partiyaların özlərinin dilindən çıxan ədədləri saydım. Ölkədə təxminən 700 min partiya üzvü var! Bunların düz 500 mini YAP-ın üzvüdür. Biz təxminən hansı partiyaların nə qədər üzvə malik olması haqda mühakimə yürüdə bilərik. Amma maraqlıdır ki, soruşulan partiyaların demək olar ki, əksər hissəsi üzvlərinin 20 mindən az olmadığını deyib. Bir sual yaranır. Əgər ölkədə ən azı 200 min fəal müxalifətçi varsa, nədən bizlər belə zəifik? Yaxud nədən YAP-ın üzvlərinin sayı 500 mindən bir qədər çox göstərilir, amma 9 milyon göstərilmir? Axı xalqımız bütünlüklə – uşaq, qoca və orta nəsil hamısı YAP-ı dəstəkləyir!..
Mən riyazi politologiya haqda bir az oxumuşam, amma onunla bağlı mükəmməl bir dərslik, kitab, yaxud yazı tapa bilməmişəm. Istədim bu kiçik qeyddə özüm onu “yaradım”. Necədir? Saya bilirəmmi? Hər halda, YAP-ın üzvlərinin sayının 9 milyon olmaması məni çox düşündürür. Riyaziyyatda D.Hilbertin bir neçə problemi olub. Bir əsr ərzində bu problemlərin bir qismi həll edilib, bir qismi isə hələ də həllini gözləyir. Hakim partiyamızın üzvlərinin də əsl sayını adlandıraq “D.Hilbertin növbəti problemi”! Ümid edək ki, gələcək nəslə bunu bilmək nəsib olacaq!

Tarixin 12 illik mistik periodu
•


