“Sədərək” “Eurovision” üçün 10 milyon ödəyəcək

Rəhbərliyin «sandıq əməliyyatı»

50 manatlıq sandıqlar dükanlara 300 manata satılır

“Sədərək” Ticarət Mərkəzində işləyən sahibkarlar qan ağlayır. Onlar ildə iki-üç dəfə min bir bəhanə ilə qaldırılan yer haqlarından, lazımsız əşyaların məcburi aldırılmasından, bu və başqa problemlərdən əziyyət çəkir. Qazanan bazar rəhbəri olur, çökən isə…

250 manat qazanc gətirən stollar

Sahibkarlar indi stolla sınağa çəkilib. Onlara məcburi qaydada stol satılır. Əslində bunun adı stol yox, sandıqdır. Keçmişdə nənələrin öz var-yoxlarını yığdığı qutuya bənzəyən stol-sandıqlar 5-10 manat qiymətində deyil. Satıcıların dediyinə görə, bir sandığın qiyməti 300 manatdır. Hər kəs bunu mütləq almalıdır. Hər bir dükana ən azı 2 sandıq, ən çox 6 sandıq düşür. “Sədərək”də 10 mindən artıq dükan var. Bir sandığın hazırlanması üçün isə 50 manat gərəkdir. Deməli, qazanc 250 manat civarındadır. Orta hesabla hər dükana 4 sandıq satılsa, bu, 40 min edir. 40 min sandıq 250 manatdan 10ÿmilyon manat edir. Sahibkarların dediyinə görə, bu pullar “Eurovision-2012″ musiqi yarışması üçün yığılır. Ticarət Mərkəzində işləyən və adının çəkilməsini istəməyən sahibkarın dediyinə görə, ”Sədərək”in rəhbəri qarşısında bu qədər “tas” qoyulub: “Hər bir idarə rəhbəri musiqi yarışması üçün pul ödədiyi kimi ”Sədərək”in sahibi Yusif Qədimbəyli də bu “töycü”nü verməlidir. O da cibindən pulu ödəməmək üçün belə plan hazırlayıb”.
Sahibkar deyir ki, məcburi satılan sandıqları özləri də hazırlaya bilərlər: “Adi bir sandıqdır. Xüsusi özəlliyi ilə seçilmir. Alkapondan hazırlanıb. Əksinə, əvvəlki stollar daha yaxşı idi. Əvvəlcə yalandan dedilər ki, yeni satılan stollar daha yaraşıqlıdır. Ancaq heç bir yaraşığı yoxdur”.
“Əgər gözəllik üçün bunu nəzərdə tutublarsa, məqsəd bazarın ümumi yaraşığına xüsusi bəzək gətirməkdirsə, onda icazə versinlər özümüz istədiyimiz yerdə yenə sandıqdan sifariş verək. Qoymurlar, çünki məqsədləri özlərinə lazım olan pulu əldə etməkdir. Biz sandıqları başqa yerdə sifariş verə bilmərik. Çünki hər bir sandığın üzərində ”Sədərək” emblemi qoyulub. Bunu isə heç bir yerdə sifariş edə bilmirik. Bu azmış kimi, bazarda haqq yığanlar hər gün gəlib dükanalara nəzarət edirlər”.

Depozitlər qaytarılmır, qiymətlər qaldırılır

Səs-küy yaratmamaq üçün “Sədərək”in rəhbərliyi dükan sahiblərinə “güzəşt” də tətbiq edib. Dükan sahibləri sandıqları kredit yolu ilə də ala bilərlər. Belə ki, bir il ərzində sahibkar yer haqqını verəndə sandıqların pulunu ödəyə bilər. Yəni bir dükana 4 sandıq verilibsə, bu, 1200 manat edir. Hər ay yer haqqından əlavə sahibkar 100 manat ödəməlidir.
“Sədərək”in qanunsuzluqları bununla bitmir. Sahibkarlar deyir ki, bazarda dükan alanda depozit verirsən: “Depozit 5-15 min manat civarında olur. Elə dükan sahibi var ki, 20-30 min manat ödəyir. Bu depozitlər bazarda işlədiyi müddət sahibkar həmin dükanın sahibidir. Yəni bazar rəhbərliyi həmin dükanı heç kimə sata bilməz. Əks halda verilən pul qaytarılmalıdır. Ancaq rəhbərlik qaytarmır, bu isə sahibkarı sona qədər bazarda qalmağa məcbur etməkdir. Burada ikinci məsələ yer haqqının qaldırılmasıdır. Depozitini ala bilmədiyi üçün sahibkar hər əzaba dözüb bazarda işləyir. Rəhbərlik yer haqqını üç-üç, beş-beş qaldırır. Ya sən bazarı tərk edib depozitini itirməlisən, ya da qaldırılan yer haqqı ilə razılaşmalısan…

Bazarın inhisarları

Əvvəllər “Sədərək”də siqaret və konturlar əldə satılırdı. Indi buna da qadağa qoyulub. Çünki əldə beş-on siqaret və kontur satan şəxs gündə polisə 1-2 manat hörmət edib işini bitmiş sayırdı. Hazırda bu mümkün deyil. Konturlar və siqaretlər inhisara alınıb. Satmaq istəyənlər bazarın “optovoy”undan almalı, yer götürüb satmalıdırlar. Deməli, bazar rəhbərliyi bir güllə ilə iki dovşan vurur. Həm siqaret və konturu inhisara alıb özü dükanlara satır, həm də satıcılar daha əldə yox, bazarda yer götürüb satmalıdır. Inhisarlar bununla yekunlaşmır. “Sədərək”də başqa suların satışına icazə yoxdur. “Fanta”, “Coca-cola”, “Sprite” kimi sular kafe və restoranlarda olur. Dükanlarda daha çox “Dübrar” adlı sular satılır.
“Başqa suların satışına icazə yoxdur. Axşamdan gəlib sifarişi götürürlər, səhər də malları gətirirlər. Onların da icazəsi olmadan başqa suların satışına icazə verilmir” – deyir, satıcılardan biri.
“Dübrar”ın yarım litrinin qiyməti 40-50 qəpik, bir litrinin qiyməti isə 60 qəpikdir. Baxmayaraq ki, şəhərdə bu cür adi suların yarım litri 20-30 qəpiyə, bir litri isə 40 qəpiyə satılır.
“Sədərək” bir neçə hissədən – “Elit”, “Şirniyyat”, “Geyim dükanları”ndan ibarətdir. “Elit” poliqon rolunu oynayır. Orada qiymət artımı və başqa özbaşınalıqlar sınaqdan keçir. Nəticə rəhbərliyin xeyrinə olandan sonra bütün bazara tətbiq edilir.

***

“Sədərək” balaca Azərbaycandır. Burada qanunlar daha sərtdir. O qədər sərtdir ki, burulğana düşənlər çıxa bilmir…

Ramin DEKO