“Bu, həm də Azərbaycanın ləyaqət məsələsidir”

İctimaiyyətdən Istanbul aeroportundakı olaya sərt təpki

Əli Kərimli: «Bu, ya özbaşınalığından harınlamış hüquq-mühafizə orqanı əməkdaşının cinayəti, ya da bir ucu Azərbaycana gəlib çatan siyasi sifarişin nəticəsidir»

 

Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti, tanınmış hüquqşünas Intiqam Əliyevə qarşı Istanbuldakı Atatürk hava limanında baş vermiş zorakılıqla əlaqədar dünən Azərbaycan ictimaiyyətinin tanınmış simaları Türkiyənin Bakıdakı səfirliyinə müraciət qəbul edib. Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyi iki gün əvvəl açıqlama yayaraq, medianı Intiqam Əliyevlə bağlı olayı şişirtməkdə günahlandırmışdı. Səfirliyin baş verənlərə bu cür yanaşması Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olub. Dünən ölkənin tanınmış vəkilləri, siyasi partiya rəhbərləri, media təmsilçiləri bir araya gələrək, Intiqam Əliyevə qarşı baş verən cinayət və bu olayla bağlı daha sonra yaşananlar, həmçinin atılacaq addımlar ətrafında müzakirələr aparıblar. Məruz qaldığı zorakılıq nəticəsində başında kəskin ağrılar yaranan Intiqam Əliyev özü də həkimlərin qadağasına baxmayaraq, tədbirdə iştirak edirdi.
Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli qısaca məlumat verib ki, Türkiyədə Intiqam Əliyevin hüquqlarının müdafiəsilə məşğul olan vəkillər artıq Istanbul valisi, prokuror və digər səlahiyyətli şəxslərlə görüşüblər. Onlar vəkilləri əmin ediblər ki, məsələ araşdırılacaq və günahkarlar cəzalarını alacaqlar.

Ənnağı Hacıbəyli həmçinin Türkiyə səfirliyinin açıqlamasıyla bağlı narazılığını ifadə edib: “Açıqlamadan belə anlaşılır ki, sanki hadisənin Türkiyəyə heç bir aidiyyəti yoxdur. Bildiyim qədər Istanbul Türkiyənin şəhəridir və olay orada baş verdiyindən Türkiyə səfirliyinə, hökumətinə müraciət etmək, irad bildirmək haqqımız var”.
O da məlum oldu ki, Intiqam Əliyevin Türkiyədən deportasiya edilməsi məsələsi hələ tam dəqiqləşməyib. Çünki hüquqşünasın pasportuna Türkiyə giriş və çıxışı barədə sadə möhür vurulub, hər hansı başqa sənəd də təqdim olunmayıb.
Ənnağı Hacıbəyli deyir ki, Intiqam Əliyevə qarşı baş verənlər tək bir məmurun işi deyil: “Çünki o qədər adam ayağa qalxandan sonra yenə Intiqam Əliyevi döyüblər. Ya bunu edən şəxs psixi xəstə olub, ya da bu məsələdə onlara kənardan təsir olub”.
 

Intiqam Əliyev özü də bu fikirdədir ki, başına gələnlər bir nəfərin işi deyil: “Birmənalı şəkildə o, bir nəfərin işi deyildi. Yaxınlaşıb soruşmadılar ki, bunu niyə eləyirsiz? Belə çıxır, o adama deyiblər ki, get, nə istəyirsən, elə. Onu kim deyib – mənə də maraqlıdır. Hamı ondan çəkinirdi. Burada nəsə var ki, o adam özünü o qədər arxayın hiss edirdi”.
Hüquqşünas deyir ki, bu olay Intiqam Əliyevin özü ilə yanaşı, bütövlükdə Azərbaycanın və Türkiyənin də ləyaqət məsələsidir. Məhz bunu nəzərə alaraq, tədbirə qatılmağa razılıq verib: “Insanların qarşısına döyülmüş adam kimi çıxmaq, cəmiyyəti sındırmaq istəmirəm. Hərçənd, cəmiyyət yaxşı bilir ki, o kriminal sistemdə eləyə biləcəyimi elədim. Yəni, utanacağım bir şey yoxdur. O adama da dedim ki, hamının gözü qarşısında sən məni iki dəfə döydün, ultimatum verdin, başa düşdüm ki, mənə nə istəsən eləyə bilərsən. Amma mən səndən qorxmuram və mütləq biz səninlə yenidən görüşəcəyik. Əvvəla, bu, mənim ləyaqət məsələmdir. Eyni zamanda, həm də ictimai məsələdir. Yəni, təkcə bir nəfərin yox, bütövlükdə Azərbaycanın ləyaqət məsələsidir. Cinayətkarlar cəzalandırılana qədər bu həqarət mənim üzərimdədir və bunu qəbul eləmək fikrində deyiləm, sona qədər mübarizə aparacağam”.
Azərbaycan hökumətinin öz vətəndaşına sahib çıxmadığını deyən Intiqam Əliyev əslində, hakimiyyətdən başqa cür münasibət də gözləmirdi: “Hər bir halda, vətəndaşı kimi məni müdafiə eləmək hökumətin borcudur. Amma mən bunu görmədim, əslində, heç gözləmirdim də. Mitinqə çıxdığına görə həbs olunan 17 nəfər vicdan məhbusu hələ də həbsxanadadırsa, Elmar Hüseynovun qatilləri bu günə qədər tapılmayıbsa, bu hökumətdən mən nə gözləməliydim?..”
Türkiyə səfirliyinin açıqlamasına gəlincə, orada qeyd olunanlar zərərçəkmişi yumşaq desək, məyus edib. Hüquq müdafiəçisi deyir ki, bu həm də Türkiyənin özünün ləyaqət məsələsidir. Türkiyə demokratik ölkə olduğunu sübut etməlidir: “Göstərməlidir ki, biz kameraları yoxladıq, bu insanları dindirdik, məlum oldu ki, yalan deyir, ona görə də bizdən üzr istəməlidir. Yaxud da yoxladıq, məlum oldu ki, həqiqətən baş verib və biz buna görə Azərbaycandan üzr istəyirik, günahkarlar cəzalanacaq”.
Intiqam Əliyevin Azərbaycan hakimiyyətini tənqid etdiyini nəzərə alaraq, olayın siyasi sifarişin nəticəsi olması ehtimalına gəlincə, zərərçəkmiş bu məsələdə birmənalı fikir bildirməyin əleyhinədir: “Nə demirəm ki, siyasi sifarişin nəticəsidir, nə də bu versiyanı istisna eləmirəm. Baş verənlər çox ciddi hadisədir, onun arxasında hər şey ola bilər. Türkiyə dövləti araşdırsın və nəticəni ortaya qoysun”.
Tədbirdə iştirak edən politoloq Leyla Əliyeva maraqlı bir məqama diqqət çəkdi: “Mən tez-tez xarici səfərlərdə oluram. Yalnız ”Türk Hava Yolları”nın biletlərində Bakı əvəzinə “Heydər Əliyev” sözü yazılır. Məsələn, Istanbul-Heydər Əliyev-London. Bu mənada başqa oyunların olduğunu istisna etmirəm”.
AXCP sədri Əli Kərimli də Azərbaycan mediasının olayı şişirtməsinə dair ittihamlarla razılaşmır. AXCP sədrinin sözlərinə görə, Azərbaycan ictimaiyyətinin məsələyə münasibəti adekvatdır: “Intiqam Əliyevin şəxsiyyətilə, ona qarşı həyasız cinayətin müqayisəsində bizim cəmiyyətin belə bir sərt təpki göstərməyə əsası var”.
Olayın başvermə səbəblərinə gəlincə, Əli Kərimli də əsas iki versiya üzərində dayanır: “Bu, ya özbaşınalığından harınlamış hüquq-mühafizə orqanı əməkdaşının cinayətidir, yaxud da bir ucu Azərbaycana gəlib çatan siyasi sifarişin nəticəsidir. Mən bu versiyaların heç birini istisna eləmirəm. Çünki özüm də vaxtilə Türkiyədə hava limanında təxribata məruz qalmışam. O zaman araşdırılanda məlum oldu ki, bu təxribatın birbaşa Azərbaycanla bağlılığı var. Amma hansı versiya olursa olsun, araşdırıb cəmiyyətə cavab versinlər. Bunu ört-basdır eləməyə imkan verməyəcəyik”.
Əli Kərimli onu da əlavə edib ki, bu olaya ictimaiyyətin münasibətini heç kim Azərbaycanın demokratik qüvvələrini Türkiyəyə qarşı qoymaq fürsəti kimi görməsin: “Azərbaycanda son 20 ildə başımıza gətirilənlərə baxmayaraq, bu dövləti sevməkdən heç bir halda vaz keçmədiyimiz kimi, Türkiyədə də başımıza gəlmiş və gələcəklərə görə Türkiyə dövlətinə qarşı qardaş münasibətimizdən əl çəkməyəcəyik. Amma Türkiyə rəsmiləri də bilməlidir ki, dostluq, qardaşlıq ritorikaları hansısa cinayəti ört-basdır eləməyə əsas olmamalıdır. Bu, üzdə olan cinayətdir, çoxlu şahidləri, hava limanındakı kameraların timsalında konkret sübutları var, ona görə də mütləq araşdırılmalı və günahkarlar cəzasını almalıdır.
Bir daha qeyd edirəm ki, indidən Azərbaycanda Türkiyə əleyhinə dalğa yaratmağa cəhd göstərilməsin. Azərbaycanda da Türkiyə vətəndaşlarına qarşı qanunsuzluqlar baş verib. Hansısa məmurun mənfur əməllərinə görə onların Azərbaycana küsməyə haqqı olmadığı kimi, bizim də orada yaramaz məmurun bu cür hərəkətinə görə Türkiyəyə münasibətimiz dəyişməyəcək. Biz həm də Türkiyənin vətəndaş cəmiyyəti, mediası ilə işləməliyik ki, onlar da ölkələrindəki bu tipli problemlərin üstünə getsinlər”.
Tədbirdə iştirak edən “bp” şirkətinin əməkdaşı Seymur Həmzəyev də məlumat verdi ki, o da dekabrın 5-də Atatürk hava limanında bənzər zorakılığa məruz qalıb. Onu da heç bir səbəb olmadan Intiqam Əliyevin döyüldüyü otağa salaraq, fiziki güc tətbiq ediblər. Olayın detalları barədə ətraflı danışan Seymur Həmzəyev faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini və Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıca müraciət hazırladığını qeyd edib.

Aytən Məmmədova