Dünən gecə İspaniya La Liqasında XV turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
Turun açılış oyunu “Levante” və “Sevilya “ komandaları arasında baş tutub. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan bu komandaların dueli böyük maraqla gözlənilirdi. Lakin “Levante” bu görüşdə 1:0 hesabı ilə qələbə qazanaraq “Sevilya” ilə xal fərqini 5-ə yüksəldib.
La Liqanın iddialı klublarından olan “Valensiya” isə bu tur Betisə səfər edib. Hazırda 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “yarasalar” bu görüşdə qələbə qazanmaqla “Barselona” ilə xal fərqini bir qədər də azaltmaq niyyətində idi. Lakin matçın son dəqiqələrində Martinin qollarına mane ola bilməyən “Valensiya” meydanı xalsız tərk edib – 1:2.
Turun və mövsümün ən maraq doğuran görüşü isə Madriddə baş tutub. Burada iki əzəli rəqib – “Real” (Madrid) və “Barselona” klubları üz-üzə gəlib. Mövsümün ilk “El-Klassiko”su bütün dünyada böyük səbirsizlikə gözlənilirdi. Bu görüşün nəticəsi eyni zamanda La Liqada çempionluq mübarizəsinə də ciddi təsir göstərəcəkdi. Lakin “Barsa” bunaimkan verməyib.
Ötən mövsümdə yalnız “kral kuboku”nda “Barselona”nı məğlub edən “Real” bu dəfə də rəqibi ilə bacarmayıb. Hərçənd oyun Madrid təmsilçisi üçün yaxşı başlamışdı. Matçın 1-ci dəqiqəsində hesabda önə çıxan “Real” bu üstünlüyünü sonadək qoruya bilməyib. Nəticədə səfərdə 3:1 hesabı ilə qələbə qazanan “Barselona” “Real”la xal fərqini bərabərləşdirib.