“10-15 ildir vəzifədədirlər, bu qədər vəzifədə oturmaq olmaz”

«Damarlarında erməni qanı axanlar milli maraqlarımıza zərbə vurur»

Əli Ömərov: “Demokratik islahatların xalqa faydası var”

Azərbaycan Deportasiya Qurbanları Mərkəzi yarandığı gündən bu təşkilatın regional bir qurum olduğu və yalnız qərbi azərbaycanlıların maraqlarına xidmət etdiyi barədə söhbətlər dolaşır. Bu baxımdan təşkilatın yaradıcılarından olan sabiq baş prokuror Əli Ömərovla müsahibəmizə elə bu məsələdən başladıq.
Sona qədər mübarizə aparmaqda israrlıyıq

– Əli müəllim, Azərbaycan Deportasiya Qurbanları Mərkəzinin regional təşkilat olması barədə iddialar var. Bu iddialar nə dərəcədə əsaslıdır?   
– Azərbaycan Deportasiya Qurbanları Mərkəzi xalqın görkəmli ziyalıları tərəfindən yaradılıb. Mərkəzin regional təşkilat olması barədə fikirlər yanlışdır. Təşkilatın adından da görünür ki, bu, bütövlükdə Azərbaycanla bağlı bir qurumdur. Mərkəzin mətbu orqanı “Irəvan” qəzetində də belə bir deviz var: Bütöv Azərbaycan Uğrunda.
Mərkəzdə təkcə Qərbi Azərbaycandan deyil, Qarabağ və ölkənin digər bölgələrindən qaçqın düşmüş şəxslər də təmsil oluna bilər. Ümumiyyətlə, Azərbaycan Deportasiya Qurbanları Mərkəzinin əsas məqsədi Qarabağı ermənilərin cəngindən qurtarmaqdır. Xatırlayırsınızsa, ermənilər tələb edirdilər ki, Dağlıq Qarabağda referendurm keçirilsin. Bu, Azərbaycanın tarixi torpaqlarını Ermənistana birləşdirmək üçün məkrli bir siyasət idi. Sayca az olan ermənilər səsvermədə çoxluq təşkil edəcəkdilər və beləliklə də Qarabağ əbədi olaraq Azərbaycanın əlindən çıxıcaqdı. Biz ermənilərin məkrli siyasətinin qarşısını almaq üçün məsələ qaldırdıq ki, əgər Qarabağda yaşayan ermənilərə öz müqəddəratlarını həll etmək hüququ verilirsə, o halda Ermənistandan deportasiya olunmuş azərbaycanlılara da bu huquq verilməlidir. Aydın məsələdir ki, ermənilər bununla razılaşmayacaqdı. Ona görə də biz beynəlxalq təşkilatlar qarşısında da bu məsələni qaldırdıq. Mərkəzin beynəlxalq təşkilatlarla əlaqəsini qurumun yaradıcılarından olan tanınmış politoloq Eldar Namazov həyata keçirir. O, beynəlxalq qurumlarda keçirdiyi görüşlərdə dəfələrlə bu məsələni diqqətə çatdırıb. Bizim irəli sürdüyümüz alternativ variant Azərbaycan cəmiyyətində müsbət qarşılandı. Eyni zamanda Ermənistan rəhbərliyi də bu tələbdən bir qədər ehtiyatlandı. Hesab edirəm ki, biz bu məsələni qaldırmaqla müəyyən nəticə əldə etdik. Hər halda Ermənistan rəhbərliyinin referendum tələbi artıq gündəmin mövzusu deyil.

– Mərkəz bir müddət əvvəl təklif etmişdi ki, Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların şəxsiyyət vəsiqələrində onların anadan olduqları rayon və kəndlərin əski adı yazılsın. Amma hökumət bu təklifi qulaqardına vurdu. Sizcə, bunun səbəbi nədir? 
– Burada kiminsə məkrli əli var. Ermənilərlə qohumluğu olan, damarlarında erməni qanı axan adamlar milli maraqlarımıza, tariximizə zərbə vurur. Məsələn, Vedi rayonunu adını ermənilərin dəyişdirib Ararat edib. Deportasiya olunmuş insanların şəxsiyyət vəsiqəsinə də elə bu cür yazırlar. Bəs sabah tarixçilərimiz, alimlərimiz beynəlxalq təşkilatlar qarşısında həmin torpaqların Azərbaycana aid olduğunu necə sübut edəcək? Biz bu məsələdə geri çəkilmək niyyətində deyilik. Bununla bağlı ölkə başçısı Ilham Əliyevə müraciət hazırlayırıq və sona qədər mübarizə aparmaqda israrlıyıq.
 

Əli Həsənovun həddi deyil ki, bizi hədələsin

–  Bir müddət əvvəl Mərkəzin üzvü olan Eldar Namazovla Firudin Cəlilov Qaçqın və Məcburi Köçkünlərlə Iş Üzrə Dövlət Komitəsində Qərbi Azərbaycandan deportasiya olunmuş 220 minədək azərbaycanlının sənədlərinin məhv olunması barədə açıqlama vermişdi. Komitə sədri Əli Həsənovun da bu məsələyə reaksiyası sərt oldu. Hətta Mərkəzi hədələməkdən də çəkinmədi. Amma nədənsə sonradan bu məsələ səngidi. Əli Həsənovun hədələrindən ehtiyat etdiniz? 
– Bu məsələ gündəmdədir. Mərkəzi heç kim hədələyə bilməz. Əli Həsənovun da həddi deyil ki, bizi hədələsin. Azərbaycan Deportasiya Qurbanları Mərkəzi xalqın maraqları uğrunda mübarizə aparır və bu mübarizədə heç kimdən çəkinmir. Deportasiya olunmuş insanların, bütövlükdə xalqın hüquqları kim tərəfindən pozulacaqsa, biz ona qarşı mübarizə aparacağıq. Hazırda biz bu məsələ ilə bağlı araşdırmalarımızı davam etdiririk. Bir daha müvafiq qurumlara müraciət edəcəyik. Həmçinin ölkə başçısının da diqqətinə bu məsələni çatdıracağıq. Başqa məsələlər də var. Məsələn, Qərbi Azərbaycandan deportasiya olunmuş insanlarla bağlı güzəştlərə əməl olunmur. Milli Məclisdə formal olaraq bu məsələləri ləğv etsələr də, ortada qərar yoxdur. Düşünürük ki, bu məsələ ilə bağlı da ölkə başçısı Ilham Əliyevə müraciət ünvanlayaq.
Mən tövsiyyə edirəm ki, məmurlar da öz vəzifələrini yerinə yetirsinlər. Xalqda, o cümlədən deportasiya olunmuş insanlarda narazılıq yaratmasınlar. Hesab edirəm ki, narazılıq yaradanlar hakimiyyətə xəyanət edirlər.

– Mərkəz başqa təşkilatarla əməkdaşlıq edirmi?
– Əlbəttə. Yaxın vaxtlarda Bakı Kəndlər Birliyi, “Borçalı” və “Qarabağ” cəmiyyətləri ilə görüşlər keçirəcəyik. Məqsəd ölkənin bütövlüyünü qorumaq, Qarabağ probleminin həllinə töhvə verməkdir. Yəni, burada hakimiyyət davası aparmaq niyyəti yoxdur.

Ciddi-cəhd göstərsələr Rafiq Tağının qətli açılar

– Uzun müddət orqanda çalışmısız, baş prokuror olmusunuz. Yazar Rafiq Tağının qətli ilə bağlı hansı mülahizələriniz var?
– Bilirsiniz, bu məsələ barədə istintaq materialları ilə tanış olmadan danışmaq bir qədər çətindir. Mən bir şeyi bilirəm ki, isti izlərlə bu cinayətin üçtünü açmaq mümkün idi. Rafiq Tağı sıradan bir şəxs deyil. Tanınmış yazardır, xalqın hörmətini qazanmış adamdır. Ona görə də bu işə ciddi yanaşmaq və bütün vesiyalar üzərində işləmək lazımdır. Hesab edirəm ki, ciddi-cəhdlə yanaşsalar bu cinayətin üstü açılar. Ümumiyyətlə, mənə qəribə gəlir ki, indiyə qədər bəzi hay-küylü cinayətlərin üstü açılmayıb. Məsələn, Elmar Hüseynovun, general Rail Rzayevin. Axı necə olur ki, bu cinayətlərin üstünü aça bilmirlər?!

– Dediniz ki, Rafiq Tağı ilə bağlı cinayətin üstünü isti izlərlə açmaq mümkün idi. Amma hüquq-mühafizə orqanları bunu bacarmadı. Hər halda hadisənin üzərindən 20 gün keçib. Sizcə, bu qeyri-peşəkarlığın nəticəsidir, yoxsa başqa səbəb var?
– Istintaqı aparan qeyri-peşəkardısa, onu peşəkar birisi ilə əvəzləmək olar. Ona görə də hesab edirəm ki, səbəb qeyri-peşəkarlıq deyil. Sadəcə ciddi-cəhd yoxdur.

– Niyə yoxdur bu ciddi-cəhd?
– Bunu demək bir qədər çətindir. Məsuliyyətsizlik ola bilər, yaxud cinayətin açılması hansısa qüvvələrin marağında olmaya bilər. Sovet dövründə belə bir ənənə var idi ki, hansısa ərazidə cinayət baş verirdisə və o vaxtında açılmırdısa, işi aparan müstəntiq, həmin ərazinin polis rəisi, prokuroru, bəzən daxili işlər naziri işdən çıxarılırdı. Amma indi belə bir şey yoxdur. Qəzetlərdən oxuyuram ki, hansısa cinayətlə bağlı hüquq-mühafizə orqanlarından nəsə soruşursan deyirlər istintaq sirridir. Bu istintaq sirri nədir axı? Deyirsiniz, Elmar Hüseynovu qətlə yetirənlər Gürcüstandadır. Di gedin həbs edin. Daha burada hansı istintaq sirrindən söhbət gedə bilər.

Rafiq Əliyevin işdən çıxarılması çox səbatsız addım idi

– Əli müəllim, professor Rafiq Əliyevin işdən çıxarılmasını necə dəyərləndirirsiniz? Bu nəyin təzahürü idi sizcə?
– Bu çox səbatsız bir addım idi. Və fərqli fikrə dözümsüz yanaşmanın təzahürü idi. Azərbaycan Deportasiya Qurbanları Mərkəzi bu məsələyə öz münasibətini bildirib. Rafiq Əliyev Azərbaycanda və dünyada tanınmış alimdir. Ona qarşı belə bir hərəkət yolveilməzdir. Bir də axı deyirlər ki, demokratiya var. Demokratiya varsa, onda nə üçün Rafiq Əliyevi hansısa fikrinə görə işdən çıxarıblar?!
Hər bir insanın çıxışını araşdırmaq lazımdır. Doğrudursa, tədbir görsünlər. Yalandırsa, desinlər ki, böhtan atır və bunu sübut etsinlər. Rafiq Əliyev nə deyib ki? Deyib demokratik islahatlar aparmaq lazımdır. Dünyanın hər yerində demokratik islahatlar həyata keçirilir. Demokratik islahatların dövlətə, xalqa faydası var.
Su bir yerdə qaldıqca iylənər. Azərbaycanda məmurlar 10-15 ildir ki, vəzifədədirlər, bir məmur bu qədər vəzifədə oturmaz. Buna görə də heç kimi saymırlar. Gözləri ayaqlarının altını görmür. Belə olmaz. Dəyişiklik lazımdır. Yeni qüvvələr gəlməlidir ki, bir az qanundan qorxsunlar. Köhnələr qanundan qorxmur. Mən hesab edirəm ki, məmur 5 ildən artıq vəzifədə olmamalıdır. Bu gün cəmiyyətdə hamı görür ki, məmur özbaşınalığı hökm sürür. Hara gedirsən şikayət baxan yoxdur.

Adamlar var ki, dünən sənə yaltaqlanırdı, bu gün məmur olub heç kimə salam vermir

– Sizcə, əsl dövlət məmuru necə olmalıdır?
– Mən düşündüyümü deyəcəm. Mən hesab edirəm ki, əsl məmur dövlətə, dövlətçiliyə xidmət etməlidir. Xalqını sevməli, xalqına sədaqətli olmalıdır. Insaflı olmalıdır. Məmuramsa, gözüm ayağımın altını seçməməlidir düşüncəsi ilə yaşamamalıdır. Adamlar var ki, dünən sənə yaltaqlanırdı, bu gün məmur olub heç kimə salam vermir. Hesab edir ki, burda odur, Bağdadda kor xəlifə.

– Bəlkə elə məmurların adlarını çəkəsiniz?
– Yox ad çəkməyəcəm. Çünki belələrini hər kəs tanıyır.

– Bəs sizin dediyiniz kriteriyalara uyğun məmur varmı Azərbaycanda? 
– Mən məclislərdə, xalq arasında çox oluram. Camaatdan eşitdiyimi deyəcəyəm. Bəlkə də o adam mənim haqqımda mənfi fikirdədir. Amma mən obyektiv adamam. Camaatın arasında danışırlar ki, kasıba əl tutan, insaflı, işə qəbul zamanı təmənna güdməyən məmur fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Əgər doğrudan da belədirsə, mən onu kişi adam hesab edirəm.

– Amma Kəmaləddin Heydərovun korrupsiya əməliyyatları barədə mətbuatda kifayət qədər faktlar dərc olunub…
– Mən bunları bilmirəm. Camaatın dediyini deyirəm.

– Bəs siz şəxsən kimi əsl məmur kimi görürsünüz?
– Mən təhlil etmişəm, araşdırmışam, deyirlər ki, Kəmaləddin Heydərov qohumlarını başına yığmayıb. Yəni, onun rəhbərlik etdiyi qurumda əksər bölgələrdən olan insanlar çalışır. Onu da deyim ki, hansı məmur vəzifələri qohumları arasında bölüşdürürsə o, dövlətə xəyanət edir. Çünki həmin məmurun məqsədi qanunsuzluq etməkdir. Bu halda əlbəttə ki, qohumları ona etiraz etməyəcək. Fikirlərim səhv anlaşılmasın. Mənim Kəmaləddin Heydərovla hər hansı əlaqəm yoxdur. Sadəcə mən eşitdiyimi, bildiyimi dedim. Yəni, belə desək daha yaxşı olar: Digər məmurlara nisbətən Kəmaləddin Heydərov yaxşıdır.

– Müxalifətdə daha çox kimə rəğbətiniz var?
– Mən açıq deyəcəyəm, heç kimdən çəkinəcəyim yoxdur. Müxalifətdə hörmət etdiyim şəxs Xalq Cəbhsi partiyasının sədri Əli Kərimlidir. Əli bəy savadlı insandır, savadlı hüquqşünasdır. Xalqını sevən, xalqına sədaqətli bir şəxsdir. Bu baxımdan mənim ona rəğbətim var.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə görmürəm

– Hakimiyyətin korrupsiyaya qarşı mübarizəsini necə qiymətləndirirsiz?
– Mən Azərbaycanda korrupsiyaya qarşı mübarizəni görmürəm. Faktiki olaraq mübarizə aparılmır. Ölkə başçısının korrupsiya barədə çıxışından sonra məmurlar qiyməti birə-iki artırıblar. Korrupsiyaya qarşı mübarizə o vaxt ola bilər ki, nazirlər, məmurlar buna görə işdən çıxarılsın, həbs olunsun. Yoxsa hansısa tibb bacısının, müəllimin işdən çıxarılması korrupsiyaya qarşı mübarizə deyil. Onlar heç korrupsiyanın subyekti də deyillər. Korrupsiyanın subyekti vəzifəli şəxslərdir.

– Ötən müsahibənizdə demişdiniz ki, oğlunuz işsizdir. Bundan sonra vaxtilə sizinlə bir yerdə işləyən və irəli çəkdiyiniz şəxslərdən sizinlə əlaqə saxlayan, oğlunuzu işlə təmin etmək istəyən olubmu?
– Xeyr. Belə bir şey olmayıb. Açığı heç mən də gözləmirəm bunu. Mən yenə deyirəm etdiyim yaxşılığa görə kimdənsə küsüb incimirəm. Məni arayıb axtarmamaqlarının da mənim üçün əhəmiyyəti yoxdur. Onu bilirəm ki, baş prokuror olanda mənə əmioğlu, dayıoğlu deyirdilər. Indi həmin əmioğluluqdan  əsər-əlamət qalmayıb. Bəlkə də özlərindən qorxurlar. Düşünürlər ki, Əli Ömərova yaxınlaşsaq karyeramız bitər. Amma Əli Ömərov Heydər Əliyevlə birgə mübarizə aparanda onlar Heydər Əliyevə qarşı mübarizə aparırdılar. Indi qara qüvvələr Heydər Əliyevə pərəstiş edənləri gözdən salıblar.  Bunu kimlər, nə üçün edib bilmirəm. Amma bu faktdır.
Amma məni arayıb-axtaranlar da var. Məsələn, Rumıniyadakı səfir Eldar Həsənov. Onunla mənim aramı vurmaq istəyirdilər. Lakin baş tutmadı. Mən onu sədaqətli dost kimi tanıyıram. Hər dəfə zəng vurur, arayır. Mənə bu lazımdır. Kiminsə pulu varı dövləti yox. Ictimaiyyətdə tanınmış şəxs olan, Eldar Həsənovla həmyerli olan Imamverdi Cəfərov da onun barəsində müsbət fikirdədir. O da  Eldar Həsənovun dövlətə, dövlətçiliyə sadiq şəxs olduğunu deyir.

Vidadi Məmmədov