Mahal İsmayıloğlu: “Əsas suallardan biri budur ki, yaradılacaq yeni partiyanın YAP-dan nə fərqi olacaq
YAP-ın qurucularından biri, Azərbaycanın Belarusdakı sabiq səfiri, hazırda işsiz olan Əli Nağıyevin partiya yaratması barədə məlumatlara mətbuatda tez-tez rast gəlinir. Reaksiyamıza daxil olan məlumatlardan birinə görə, Əli Nağıyevin partiya yaratması hakimiyyətdəki Bakı-Şirvan klanının hazırladığı xüsusi plandır. Bu addımın atılmasında da başlıca məqsəd iqtidardakı başqa bir klanı – Naxçıvan klanını parçalamaqdır. Bakı-Şirvan klanı düşünür ki, Əli Nağıyevin vasitəsilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin nəzarətində olan YAP-dakı naxçıvanlıları, o cümlədən hakim partiyanın “köhnə qvardiyası”nı öz tərəfinə çəkə biləcək.
Məlumatlarda deyilir ki, Bakı-Şirvan klanı təşkilatlanma işində Əli Nağıyevə hər cür dəstək verəcəyini vəd edib. Plana görə, onun yaratdığı təşkilat ikinci iqtidar partiyasına çevrilməlidir.

Mövzu ilə bağlı suallarımıza “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal Ismayıloğlunun fikirlərini öyrəndik. Paşayevlərin YAP-a alternativ yaratmaq istəklərinin yeni gündəmə gələn məsələ olmadığını deyən M.Ismayıloğlu vurğuladı ki, iki dəfədən artıq dövlət başçısı seçilmək üçün Konstitusiyadakı məhdudiyyətin aradan qaldırılmasından ötrü keçirilən referendum zamanı da bu məsələnin aktual idi. M.Ismayıloğlunun sözlərinə görə, o zaman dövlət başçısının xanımı Mehriban Əliyevanın prezident seçilə biləcəyi fikri daha tez-tez səslənirdi: “Azərbaycan hakimiyyətinin bir növ Putin-Medvedev modelinə uyğun olaraq addım atacağı gündəmə gəlmişdi. Amma bu ideyanın qarşısı alındı. Amma, görünür, bu qədər zamanın keçməsinə baxmayaraq bu ideya hələ də aktualdır. Bunu hazırda yayılan informasiyalar da təsdiqləyir. Amma bu ideyanın olduqca təhlükəli tərəfləri də var. Bu layihə işə düşəcəyi təqdirdə hakimiyyət dərhal parçalana bilər. Bu zaman isə cəmiyyətdəki narazı kütlə dünyada baş verən demokratikləşmə dalğasını əsas götürərək hərəkətə keçə bilər”.
Bu baxımdan hakim partiyaya alternativin yaradılmasının heç də bütün hallarda istənilən effekti verə bilməyəcəyini deyən M.Ismayıloğlu qeyd etdi ki, bu cür planlarda hakimiyyətin hər iki tərəfinin müəyyən olunmuş oyun qaydaları çərçivəsində hərəkət etməsi vacibdir. M.Ismayıloğlunun sözlərinə görə, amma heç də hər zaman bunu reallaşdırmaq mümkün olmur və dünya təcrübəsi göstərir ki, bu addım həmin iqtidarların sonunün başlanğıcı olur. Hazırda hakimiyyət daxilində daha bir planın nəzərdən keçirildiyini deyən M.Ismayıloğlu vurğuladı ki, bu hakimiyyətin nəzarətində olan, amma əvvəlki “cib müxalifətindən” daha radikal olan “müxalifətin” yaradılmasıdır. Hakimiyyət bu planları qurduğu zamanda isə tarix öz işindədir: “Hakimiyyətdə bu cür planlar irəli sürüldüyü bir zamanda Rusiyada, Iranda, Suriyada ciddi proseslər gedir. Azərbaycanda isə ənənəvi siyasi proseslərin axarının dəyişməsi, heç şübhəsiz, bu ölkədəki hadisələrin Azərbaycana da sirayət etməsi ilə nəticələnə bilər”.
Ə.Nağıyevin YAP-a alternativ partiya yaratmaq layihəsi üçün nə dərəcədə uğurlu namizəd olmasına gəlincə, M.Ismayıloğlu vurğuladı ki, adı halanan şəxsin bu cür proyektin həyata keçirilməsi üçün münasib şəxs deyil. Digər tərəfdən, YAP-a alternativin yaradılması ideyası özü çoxlu suallar yaradır: “Əsas suallardan biri budur ki, yaradılacaq yeni partiyanın YAP-dan nə fərqi olacaq. Mən deyərdim ki, heç bir. Hazırda ölkədə korrupsiya elə həddə çatıb ki, onun bölüşdürülməsi uğrunda mübarizə getməkdədir. Elə yeni partiyanın yaradılması da bu məqsəd daşıyır. Digər bir məqsəd isə hakimiyyətdə daha böyük nüfuz sahibi olmaqdır. Amma bu layihə ilə bağlı adı halanan Əli Nağıyev xaraktercə bu rola uğurlu namizəd deyil. O, Heydər Əliyevin zamanından göstərişləri icra edən şəxs olub. Onun özünün təşəbbüsü, fikri olmayıb. Digər tərəfdən, YAP-da hakimiyyətə sadiq adamlar saxlanılır. Görünür, Əli Nağıyev yetərincə sədaqət göstərə bilmədiyindən hakimiyyətdən uzaqlaşdırılıb”.
Hikmət


