Masallıdakı həbslə bağlı yeni təfərrüatlar
Masallının icra nümayəndəsi Laçın Əsgərzadənin həbsilə bağlı yeni məlumatlar əldə etmişik. Xatırladaq ki, Laçın Əsgərzadə dekabrın 9-da rüşvət ittihamı ilə həbs edilib. Icra nümayəndəsi Daşkəsənin icra başçısı Əhəd Abıyevin yaxın qohumu, iş adamı Hacı Abının kürəkənidir.
Laçın Əsgərzadə həbs edilən zaman onun adı müğənni Xatirə Islamla hallandırılan Spartak adlı qaynı polislərə müqavimət göstərdiyinə görə xuliqanlıq ittiham ilə saxlanılıb.
Dünən əldə etdiyimiz məlumatlarda deyilir ki, Laçın Əsgərzadənin həbsi axşam saatlarına təsadüf edib. Icra nümayəndəsindən şikayət edən sahibkarlardan biridir. Bildirilir ki, Masallıda abadlıq adı altında həmin sahibkarın obyekti sökülməsi planlaşdırılmış. Laçın Əsgərzadə sahibkara deyibmiş ki, obyektinin sökülməməsini istəyirsə pul verməlidir. Sahibkar icra nümayəndəsilə razılaşıb. Dekabrın 9-da Laçın Əsgərzadə pulu almaq üçün sahibkarın obyektinə gedib. Icra nümayəndəsi pulu alıb obyektdən çıxan zaman hüquq-mühafizə orqanlarının 3 əməkdaşı onu həbs edib. Bildirilir ki, Laçın Əsgərzadəyə rüşvət verilən əskinaslar qacaqdan işarələnibmiş.
Icra nümayəndəsi həbs olunduqdan sonra dərhal onun kabineti möhürlənib.
Məlumatlarda həmçinin deyilir ki, Laçın Əsgərzadə Əhəd Abıyevin qohumu olsa da, Abıyevlərin Masallının icra başçısı Qəzənfər Ağayevlə konfliktində ikincinin tərəfini saxlayıb. Bu baxımdan Laçın Əsgərzadə Qəzənfər Ağayevin kadrı hesab olunur.
Həbs olunan icra nümayəndəsi dekabrın 9-da gecə saatlarına qədər Masallı Rayon Polis Şöbəsində saxlanılıb. Bu, icra başçısının onu buraxdırmaq cəhdlərilə izah edilir.
Laçın Əsgərzadənin qaynı Spartaka gəlincə, bildirilir ki, ona hələlik 15 sutka inzibati cəza verilib. Spartak Laçın Əsgərzadəni həbs etdirən sahibkarı döyübmüş. Onun barəsində cinayət işi başlanıb-başlanmayacağı bəlli deyil.
Informasiya şöbəsi