Cəbhəçi gənclər həbsdəki dostlarının doğum gününü və 10 dekabr İnsan Haqları gününü qeyd etdi
AXCP Gənclər Komitəsi dekabrın 10-da 22 yaşı tamam olan 2 aprel məhbusu, qurumun İctimai Əlaqələr Koordinatoru Elnur Məcidlinin doğum gününü və 10 dekabr İnsan Haqları gününü qeyd edib. Dekabrın 10-da VHP-nin akt zalında keçirlən tədbirdə Gənclər Komitəsinin üzvləri, gənc fəallar iştirak edib. Tədbirin keçirildiyi zalın divarlarına üzərində “Elnur Məcidliyə Azadlıq – Freedom for Elnur Mejidli” yazıları olan gənc məhbusun fotoları yapışıdırlmışdı. Qonaqları salamlayan AXCP GK-nin Media koordinatoru Orxan Rza iştirakçıları dövlət himinini səsləndirməyə dəvət etdi. Himnin birgə oxunuşundan sonra aparıcı bildirdi ki, Gənclər Komitəsi Elnur Məcidli ilə bağlı dekabrın 5-dən “Məhbəsdəki Gənc” adlı kampaniyaya başlayıb. “Kampaniya çərçivəsində E. Məcidliyə həsr olunmuş köşə və bloq yazılarının yazılması, sosial şəbəkələrdə virtual aksiya keçirilməsi, Elnurun olduğu 17 saylı Cəza çəkmə müəssisəsinə ölkə içindən və xaricdən təbrik məktublarının göndərilməsi və ayın 10-da doğum günü tədbirinin keçirilməsi nəzərdə tutulub. Bu istiqamətdə mümkün olan addımlar atılıb.”
Sonra çıxış üçün söz AXCP GK-nin sədri Əbülfəz Qurbanlıya verildi. E. Məcidlini və iştirakçıları doğum günü və 10 dekabr İnsan Haqları günü münasibətilə təbrik edən Əbülfəz Qurbanlı dedi ki, E. Məcidli o gənclərdəndir ki, niyyətlərini, istəklərini Azərbaycanın xoş gələcəyi ilə uzlaşdırıb. Ruslan Bəşirlini, Cabbar Savalanlını, Bəxtiyar Hacıyevi, Tural Abbaslını, Əhəd Məmmədlini, Rüfət Hacıbəylini, Elnur İsrafilov və Ülvi Quliyevi də İnsan haqları günü münasibəti ilə təbrik edən Ə. Qurbanlı dedi ki, əslində bu tədbir, burda səslənəcək təbriklər həm də hər bir siyasi məhbusa bizim dəstəyimizi, insan haqları günündə dəstəyimiz kimi qəbul edilməlidir. “Apellyasiya məhkəməsində Elnur Məcidli çıxışının sonunda bir amerikan yazıçısından sitatı gətirdi. Sitat belə idi ki, suçlular məhkəmə önünüə gəlməyincə, gələcək özü gəlməyəcək. Biz əminik ki, bizim xəyallarda qurduğumuz gələcək bu gün doğum günü olan Elnur Məcidli ilə, həbsdə olan dostlarımızla, azadlıqda olub mübarizəsini davam etdirən hər bir gənclə gələcək”E.Məcidlinin vəkilləri- Mənsum Bayramov və Xalid Bağırova, eləcə də başqa vəkillərə məhkəmə prosesindəki əməyinə görə təşəkkür edən aparıcı növbəti çıxışçını, Məcidlinin vəkili Xalid Bağırovu çıxışa dəvət etdi. Xalid Bağırov dedi ki, Elnur Məcidliyə qarşı ittiham tərəfində üç polis dayanmışdı ki, onarın hər birisi məhkəmə prosesində yalan danışdığı ifşa olundu. “Şahidlərdən birinə sual verdik ki, Elnuru necə tanıyırsan? Şahid polis etiraf etdi ki, tanımır, ona şəkli göstəriblər. Bu kimi faktların varlığı bəs edirdi ki, Elnur həbsdən azad olunsun. Təəssüf ki, qərarları sifarişlə verən məhkəmə bunu etmədi.”
Daha sonra söz verilən AXCP Gənclər Komitəsinin sədr müavini Ramil Qafarov çıxışında dedi ki, Elnur bizim hər birimizdən qat-qat optimistdir. “Bunu onun məhkəmələrdəki davranışından da, tez-tez kitab sifarişləri verməsindən də hiss etmək olar. Azərbaycanda insan haqlarının bərpa oluncağı, Elnurun da, dostlarının da tezliklə həbsdən azad olunacağı gün uzaqda deyil.”
Gənclərin istəkləri mövzusunda çıxış edən Azadlıq qəzetinin köşə yazarı Elnur Astanbəyli həbsdəki hər iki adaşını, Elnur Məcidli və Elnur İsrafilovu salamlayaraq dedi ki, 2011-ci il Azərbaycan xeyli maraqlı oldu. “Bu ildə Əliyev hakimiyyəti onu sevməyə, qəbul etməyən gənclərin müqavimətini gördü. Çünki bu ölkənin gəncliyi dəyərsizliyə qarşıdır, bu dəyərsizliyin yayıcısı olan hakimiyyətə qarşıdır. Bu hakimiyyət Azərbaycan gəncinin ən adi istəklərini ifadə etmir. Bu səbəbdən meydanlara çıxır. Gəncliyin etirazından da qorxanlar onaları şərləyərək həbsə atırlar. Gəncliyin istəkləri hamıya bəllidir. Bu respublikaçılıq dəyərlərinin qorunmasıdır. Bu, hüquqi dövlətdir. Bu, ədalətli cəmiyyətdir. Tezliklə biz bütün istəklərimizi gerçək edəcəyik.
”Tədbirdə xanımı Rəhimə Məcidli ilə birlikdə iştirak edən E. Məcidlinin atası Arzuman Məcidli tədbirə görə cəbhəçi gənclərə təşəkkür etdi. Arzuman bəy dedi ki, Elnur Gənclər Komitəsinə qoşulmazdan öncə müxtəlif siyasi təşkilatların fəaliyyəti ilə tanış olub. “Hətta YAP-ın toplantılarında iştirak edib, son nəticədə istəklərinə cavab vermədiyinin şahidi olub. Necə deyərlər su axıb çuxurun tapdığı kimi, Elnur da belə tanışlıqlardan sonra AXCP Gənclər Komitəsini seçdi. İnanıram ki, haqq-ədalət tezliklə öz yerin tapacaq və Elnur da azadlığa çıxacaq.”
Növbəti çıxışçı AXCP sədrinin müavini Gözəl Bayramlı hər iki hadisə ilə bağlı iştirakçıları təbrik edərək dedi ki, Elnurun həbsi ilə heç nə dəyişmədi. “Elnur bu gün fiziki olaraq bizim aramızda deyil. Ancaq prinsipləri ilə, ideyaları ilə bizimlədir. Gəncliyi həbsə atmaqla heç bir avtoritar lider nəsə qazanmayıb, İlham Əliyev də bir şey qazana bilməyəcək. Mən Azərbaycan gəncliyi ilə qürur duyuram, onun qalib olacağına heç kimin şübhəsi olmasın”
Çıxış üçün sözü AXCP GK-nin sədr müavini İlham Hüseynə verən aparıcı bildirdi ki, İlham bəy “şüşə qırmaq və demokratiya” mövzusunda çıxış etdi . İ. Hüseyn dedi ki, Elnuru şüşə qırmaqda ittiham etmək gülüş doğurur. “Şüşə qıran adamın ad gününə bu qədər gənc gəlməz. Sadəcə, ölkəni idarə edənlər gülməli durum yaradıb,artıq onların hökmləri də gülüş doğurur.”
Tədbirdə iştirak edən VHP-nin təşkilat şöbəsinin müdiri Samir Asadlı çıxışnı E. Məcidlini təbriklə başlayaraq dedi: “Mən Elnur kimi gənclərlə fəxr edirəm. Elnur bizim üçün təkcə AXCP-nin üzvü deyil, həm də VHP-nin üzvüdür. Mərd adamlara hər kəsin qəlbində də, partiyasında da xüsusi yer var.”
Azad Gənclik Təşkilatının İdarə Heyətinin üzvü Asim Əhmədzadə E. Məcidli və ailəsini azad gənclikçilər adından təbrik edərək dedi ki, bu gün onlarla gənc həbsdəkiləri əvəz edir. “Onların həbsindən sonra yeni-yeni gənclər təşkilatlanır və biz hamımız Elnuruq, hamımız şüşə qıranıq.”
ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev Elnurun valideynlərini təbrik edərək onları məyus olmamağa və qürur duymağa çağırdı.
Müsavat Gənclər Təşkilatının üzvü Rauf Məmmədov Məcidlini təbrik edərək Elnura tezliklə azadlığa çıxmağı arzu etdi.
Sonda bağlı Nida Gənclər Təşkilatının üzvü Etibar Salmanlının hazırladığı və gənc fəalların Elnurla bağlı çağırışlarını əhatələyən video-çarx izlənildi. Daha sonra E. Məcidlinin anası Rəhimə xanım cəbhəçi gənclərin Elnurun şərəfinə hazırladığı tortu kəsməyə dəvət olundu. Öncə Rəhimə xanım tədbirə görə Gənclər Komitəsinə təşəkkür edərək dedi ki, “bura gələnədək çox darıxırdım. İndi artıq o ovqatdayam ki, sanki Elnur da burdadı.”