İki adaşımdan biri

2011-ci il hər mənada maraqlı il oldu. Başından sonunadək qaynar keçdi. Dinamik, həyəcanlı bir il yaşadıq. Hakimiyyət üçün 2011-in hər günü, hər saatı devrim əndişəsi, inqilab qorxusu ilə belə məcbur oldular – ömrü hər nə qədər az çəksə və komediya filmlərinə bənzəsə də korrupsiyaya qarşı mübarizə elan etdilər, ölkədə çoxlu problemlər olduğunu boynuna aldılar.
Təcrübədən bilirik: Azərbaycanda siyasi dinamizm, ictimai aktivlik adətən seçki illərində baş verir. Amma ilk dəfə seçkisiz bir il hadisələrlə, təlatümlərlə, gərginliklərlə zəngin idi. Üstəlik, nəzərə alsaq ki, 2010-cu ilin rüsvayçı parlament seçki-şousu təzəcə başa çatmışdı, ancaq ilk dəfə idi ki, cəmiyyət bir seçki şousundan sonra da depressiyada deyildi, ümidsiz deyildi, əksinə dəyişikliklərə daha çox ümid edir, Əliyev irticasının çöküşdən başqa yolunun qalmadığına bütün varlığı ilə inanırdı.
Əlbəttə, bütün bunlarda ərəb ölkələrindəki tiranlıqların domino daşı kimi yıxılmasının da rolu vardı. Xalqların azadlıq mübarizəsinin qaçılmaz bir prosesə çevrilməsi, dünyanın demokratiyadan geri dönüşü olmayan bir yola girməsi bizi də ruhlandırmış, ayaqlandırmışdı. Amma məncə, 2011-ci ili bu qədər qaynar, həyəcanlı edən daha çox Azərbaycan gəncliyinin xidmətidir.
Azərbaycan gəncliyi 2011-ci ilə damğasını vurdu. Hakimiyyət bu gün həbsdə olan çox sayda gəncin və onların dava arxadaşlarının timsalında yeni yetişən gəncliyin bütün ruhu, ağlı və qəlbi ilə ona qarşı olduğunu anladı. Və…
Və bu rejim 18 illik tarixində ilk dəfə gəncliyə qarşı çirkin təbliğata başladı. Bu dəfə efirləri, yandaş qəzetlərin səhifələrini antigənclik şouları bürüdü. Hər halda mart, aprel aylarında Azərbaycan gəncliyinin mübariz, vicdanlı, döyüşkən kəsiminə qarşı aparılan mənəvi terroru yaxşı xatırlayırıq.
Beləcə, Ilham Əliyev rejimi qorxduğu ən böyük gücün ünvanını göstərmiş oldu. Bu ünvan – respublikaçılıq dəyərlərinə sahib çıxan, ölkənin krallığa, monarxiyaya götürülməsinə qarşı cəbhə açan, Azərbaycanın illah ki, bir demokratik ölkəyə çevrilməsini istəyən Azərbaycan gəncliyidir.
Dünən həmin gəncliyin nümayəndələrindən biri, hazırda həbsdə olan Elnur Məcidlinin 22 yaşı tamam oldu. Onun ad gününü yaxınları və silahdaşları ilə birgə qeyd etdik.
Elnur bu gün mənim qondarma ittihamlarla həbsdə olan iki adaşımdan biridir. Onunla birgə Elnur Isrəfilov da şərlənərək dəmir barmaqlıqlar ardına göndərilib. Hər ikisinin və məhbəsdə olan bütün digər dostlarımızın tək suçu Ilham Əliyevdən fərqli olaraq bu ölkəni sərvətlərinə görə yox, dərd-sərlərinə görə sevmələridir. Azərbaycanın bu tayfa-klan rejimindən xilas olması və aydın sabahlara, işıqlı gələcəyə qovuşmasıdır.
Elnur Məcidlini şüşə sındırmaqda günahlandırıb həbs ediblər. Onun ittihamnaməsinin nə qədər qondarma, komik olduğunu məhkəməsində gördük, üstəlik, dünənki tədbirdə vəkili, təkcə gerçək hüquqşünas yox, həm də əsl vətəndaş duruşu ilə hamımız üçün çox dəyərli olan Xalid Bağırovun çıxışından bir daha anladım. Bu öz yerində.
Amma mənə Elnur Məcidlinin şüşə sındırdığına görə həbs edilməsi bir az da mistik göründü. Bəli, bu bir az da simvolikadır: sanki nağıllarımızdakı o bədheybət, qarınqulu div kimi, bu hakimiyyətin canı da şüşədədir. Elnur da əslində həmin şüşəni sındırıb – divin axırına çıxmaq üçün!
O və həbsdəki digər dostlarımız istəklərinə nail oldular – hakimiyyətin ölkədə yaratmağa çalışdığı qorxu imperatorluğunu çökdürdülər. Rejimə göstərdilər ki, bütün basqılar, təhdidlər əbəsdir, bizim gözümüzü qırmaq, bizi geri çəkilməyə məcbur etmək mümkün olmayacaq. Dəmir kimi, biz də döyüldükcə bərkiyirik. Rejim bizi alçaltmağa çalışdıqca ucalırıq.
Bu, elə irtica adlı divin canını almaq kimi bir şeydir. Çünki belə rejimləri ayaqda saxlayan qorxudur. Xofdur. Qorxu aradan qalxırsa, xof bitirsə, despotizmin sonu gəlir deməkdir.
Buradan o sonu yaxınlaşdıranlardan biri – Elnur Məcidliyə təbriklərimi və salamlarımızı çatdırıram. Şübhə yoxdur ki, onun və məhbəsdəki digər dostlarımızın şücaəti, fədakarlığı, ləyaqəti Azərbaycan tarixinin ən şərəfli, qürurlu səhifələrindən biri olacaq.
Heç vaxt unudulmayacaq və ehtiramla xatırlanacaq.