Keçmiş müşavir İran diplomatına cavab verdi

«Qonşu dövlətlər bir-birinin daxili işinə qarışmasa yaxşıdır»

Vəfa Quluzadə: «Səfirin müşavirinin təklifi qonşu ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirilməlidir»

 

Iki gün əvvəl Avro-Atlantik Şuranın təşkilatçılığı ilə keçirilən regionumuzdakı hazırkı durumla bağlı dəyirmi masada iştirak edən Iranın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Seyidəli Musəvi Azərbaycanın NATO-ya inteqrasiyası məsələsi ilə bağlı fikirlər səsləndirib. Onun sözlərinə görə, bu quruma inteqrasiya Qarabağ probleminin həllinə yardım etməyəcək. Çünki vaxtilə Gürcüstan da Rusiyaya qarşı NATO-nun köməyinə ehtiyac duyarkən belə yardım olmadı. S.Musəvi hesab edir ki, bundan başqa, Azərbaycan AB-yə inteqrasiya edərkən eyni zamanda qonşularının reaksiyasını da nəzərə almalıdır. Iran diplomatının sözündən belə çıxır ki, rəsmi Bakı bu istiqamətdə atacağı hər bir addımı Tehranla da müzakirə etməlidir. Iranın Azərbaycanın düşməni olmadığını deyən Musəvi hətta silahı olacağı təqdirdə belə onu ölkəmizə qarşı istifadə etməyəcəklərini dilə gətirib.
Qərblə gərgin münasibətlərdə olan Iranın bu mövqeyi və Tehranın rəsmi Bakını NATO-ya inteqrasiyadan çəkindirmək cəhdləri hansı məqsəd daşıya bilər?
Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Vəfa Quluzadənin sözlərinə görə, Seyidəli Musəvinin bu təklifi qonşu ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirilməlidir. Bu halda Azərbaycan da Irana nüvə proqramlarını dayandırmağı və Qərblə münasibətləri gərginləşdirməməyi məsləhət görə bilər. Çünki Iran xalqı bu müharibədən əziyyət çəkəcək. Ancaq Azərbaycan qonşu dövlətin işlərinə qarışmır. Iran da eyni mövqedə dayanmalı və ölkəmizin daxili işlərinə müdaxilə etməməlidir: “AB ilə əməkdaşlıq etmək, NATO-ya inteqrasiya Azərbaycanın öz işidir. NATO-ya inteqrasiya Qarabağ məsələsinin həllinə kömək edəcək. Gərək buna görə Tehran əlaqələri gərginləşdirməsin. Çünki bu işlərin Irana dəxli yoxdu”.
Iranın Ermənistan və Rusiya ilə əməkdaşlıq etdiyini xatırladan ekspert cənub qonşumuzun bununla Azərbaycana zərbə vurduğunu da qeyd etdi: “Iran ərazilərimizi işğal edən, Ermənistanı silahlandıran Rusiya ilə əməkdaşlıq edir. Digər tərəfdən Ermənistanın müttəfiqinə çevrilib. Ermənistanın ən çətin vaxtlarında Iran onlara əl uzadıb ki, o dövlət çökməsin və Azərbaycanın torpaqları işğal altında qalsın. Bunların hamısını demişik, Iran da bunu yaxşı bilir. Ona görə də Azərbaycanın işlərinə qarışmasın. Hansı istiqamətdə mümkünsə, o istiqamətdə əməkdaşlıq edək. Ticarət, turizm əlaqələrimiz inkişaf edib. Bu istiqamətdə də əməkdaşlığı davam etdirmək lazımdı. Daxili işlərə, siyasi problemlərə gəldikdə, ümumiyyətlə, qonşu dövlətlər bir-birinin daxili işinə qarışmasa yaxşıdı. Bunu Iranlı dostlarımıza da məsləhət görərdim”.

Fizzə