Rusiyanın baş naziri Vladimir Putin ABŞ-a və Qərb dövlətlərinə hədə-qorxu gəlməklə, Rusiyada baş verən qalxınmanı onların ayağına yazmaqla, başqa diktatorlardan zərrəcə fərqlənmədiyini ortaya qoydu.
Ərəb dövlətlərinin devrilən diktatorları, bu gün hələ dirəniş göstərən ərköyün avtoritar başçıları da ölkələrində başlayan inqilablara eynən belə reaksiya vermişdilər. Hətta Azərbaycan və onun dövlət başçısı, həvəskar diktatorumuz da hər bir fürsətdə eyni ittihamlarla çıxış edir və ya onu öz məmurlarının dilindən səsləndirir. Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun bu günəcən olan, xüsusilə də bu yaxınlarda Iranda səsləndirdiyi bəyanatlar da buna misal ola bilər. Bu adamlar millətin kökünü kəsə-kəsə, mənəviyyatını rəzil günə sala-sala belə məqamlarda dərhal millətçi olur, milli dəyərləri önə sürür, hətta “demokratiyanın millisi” adlanan bir əcaib şeydən də danışırlar.
Bizə ixrac olunan demokratiya lazım deyilmiş, bizim öz milli demokratiyamız varmış… Oturub fikirləşirsən ki, görəsən bu, nə olan şeydi. Axı yenə də Azərbaycan Iran tipli dini bir dövlət olsaydı, heç olmasa “teokratik demokratiya” anlayışından istifadə eləmək olardı. Yəni, başında diktatorun durduğu demokratik bir dövlət. Haradasa Məhəmməd Peyğəmbərin sağlığında qurduğu Allah dövləti kimi. Ancaq milli demokratiyanın nə olduğunu yəqin ki, dünyada kimsə bilmir – təkcə diktatorlardan başqa.
Rusiya, Azərbaycan hakimiyyətinin arxalandığı, bütün avtoritar layihələrini sevə-sevə təkrar etdiyi Putin Rusiyası bu gün ayaq üstədi. Bu etirazların kökündə bircə səbəb durur: seçicilərin səslərinin Putin partiyası tərəfindən oğurlanması. Halbuki, bu qədər oğurluqdan sonra da Putinin partiyası gözlədiyi qələbəni, üstünlüyü qazana bilmədi və başda Kommunist partiyası olmaqla, o biri partiyalara uduzmalı oldu. Ancaq Rus xalqı özünün bu qələbəsindən razı qalmayıb və seçkinin nəticələrini ləğv etməyi, baş nazirin istefa verməsini tələb edir.
Bugünkü məlumatlarda Moskvanın meydan və küçələrində 40 mindən çox vətəndaşın, etirazçının, səsləri oğurlanan rusiyalının toplaşdığı və Putinə qarşı şüarlar səsləndirdiyi bildirilir. Hətta şəhərin dövlət qurumlarının nümayəndələri körpülərin çökə biləcəyi ehtimalını aksiyaçılara çatdırıb. Lakin heç bir tədbir tökmək mümkün deyil, çünki xalq ayağa qalxıb və meydanlara axışmaqda davam eləyir. Küçələr, meydanlar dolduğuna görə adamlar körpüləri də ayaq altına alır. Zənnimcə, bu boyda insan kütləsi hətta “ərəb baharı” ölkələrinin özündə də bir araya gələ bilməmişdi.
Bu, bizimkilərin “namussuz, əxlaqsız” adlandırdığı ruslardı. Azərbaycan parlamentinə sonuncu seçkidə belə bir söz yazmışdım: “Səsimiz namusumuzdur!” Və məlum oldu ki, parlament seçkisi elə bir miqyasda oğurluqla (səslərin oğurlanmasından gedir söhbət), saxtakarlıqla keçdi ki, hətta bir müxalifət nümayəndəsi belə, heç olmasa, nümunə üçün, eksponat kimi parlamentə buraxılmadı. Yenə 5-10 müxalifətçini Məclisə buraxmaqla kimisə aldatmaq, “bunlar bu qədər səs toplaya bilir” demək və xalqa kəf gəlmək olardı. Ancaq bircə nəfərin də Məclisə buraxılmaması, artıq bütün dünyaya, bütün xalqa meydan oxumaq idi. Xalqın namusu çalınmışdı. Xalq hələ də bu xəcalətlə yaşayır və deyəsən, namusunun oğurlanmasını ya heç hiss etmir, ya da özünü bilməməzliyə vurmaqla pis addan canını qurtarmaq istəyir.
Rus xalqı isə namusunun ləkələndiyini, əxlaqına təcavüz edildiyini çəkinmədən dilə gətirir və irz düşmənlərindən öcünü almaq istəyir. Bu gün mənimçün Rus xalqından namuslu ikinci bir xalq yoxdu. Hər halda, Azərbaycan xalqı Rusiyada nə baş verdiyini görür və ümid etmək olar ki, papağını qabağına qoyub fikirləşir…

Günün ən namuslu xalqı haqda
•
•