“Ad gününü Elnursuz keçirmək çox ağır oldu”

Arzuman Məcidli: «Çox istəyərdik ki, belə gündə yanımızda olsun»

Rəhimə Məcidli: «Elə bilirdim, harda olsa da, ad günündə gələcək…»

Dünən Məcidlilər ailəsində sevinclə qəm bir-birinə qarışmışdı. Evə hər kəs toplaşmışdı. Elnurun qohumları, dostları, bütün onu sevənlər… Rəhimə xanım ənənəni pozmayaraq yenə süfrə açmış, Elnurun sevdiyi yeməkləri bişirmişdi. Süfrənin ətrafında bircə o günün – 10 dekabrın səbəbkarı olan Elnurun özü yox idi. Bu cəsur və fədakar gənc ömrünün 22-ci ilini məhbəsdə qarşılamalı olmuşdu. Ad günlərini böyük həvəslə keçirməyi sevən, həmin gün doğum günü ilə bağlı hər detalın yerində olmasını istəyən Elnur bu dəfə məhbəsin soyuq divarları arasında ənənəni pozmalı olmuşdu…
Atası Arzuman bəy deyir ki, oğlunu təbrikə bir gün əvvəldən gediblər: “Çox istəyərdik ki, belə bir gündə yanımızda olsun. Amma təəssüf ki, Elnurla həbsxanada görüşdük. Ad gününü təbrik etdik, bütün qohumların, dostların salamlaranı çatdırdıq. O da təbrik edən, ona diqqət ayıran hər kəsə minnətdarlığını bildirdi. Elnur təkcə özünün yox, ona yaxın olan bütün insanların ad günlərinə çox həssas yanaşardı. Həm ad günlərini, həm bayramları böyük həvəslə gözləyirdi. Xoşlayardı ki, həmin günlər hər şey qaydasında olsun, süfrədə hər şey olsun. Tort da, başqa şeylər də. Bu il ilk dəfədir ki, Elnurun ad günün özü olmadan qeyd edirik. Hamımız – Elnurun bacısı, dayısı, əmisi, qohumları yığışmışıq. Özü olmadan ad gününü qeyd etmək bizim üçün çox çətin və ağırdır. Insanı ən çox ağrıdan odur ki, heç bir günahı olmayan bir gənc bu gün boş yerə həbsxanada cəza çəkir. Elnur niyə dörd divar arasında olmalıdır ki? Onun nə günahı var? Yəqin yeganə günahı onun əqidəli, prinsipial, həqiqətlərin üzərinə dik baxan bir gənc olmasıdır. Hamı yaxşı bilir ki, Elnuru qondarma ittihamlarla həbs ediblər. Söhbət, tək Elnurdan yox, onun kimi siyasi mənsubiyyətinə görə həbsxanada cəza çəkən bütün gənc fəallardan gedir. Bizim yeganə arzumuz Elnuru azadlıqda, evimizdə görməkdir. Qoy, həmişə valideynlərinin, dostlarının yanında olsun! Azadlığa çıxandan sonra da Azərbaycanda demokratik cəmiyyətin qurulması üçün fəaliyyət göstərsin”.
Rəhimə xanımla söhbət edib onun da bu günlə bağlı hisslərini öyrənmək istədik. Lakin oğlunun bu şad günündə evi əvəzinə, həbsxanada olması ananı çox qəhərləndirmişdi: “Mənim üçün danışmaq çox ağırdır. Dözə bilmirəm… Ilk dəfədir ki, ad gününü Elnursuz keçiririk. Elə bilirdim ki, harda olsa da, ad günündə gələcək. Belə alınması mənə çox pis təsir edir. Özümü heç cür ələ ala bilmirəm…”.
Dünən Elnurun doğum gününü onun silahdaşları, əqidə yoldaşları da qeyd edib. AXCP sədrinin müavini Gözəl Bayramlının, Ali Məclis sədrinin müavini Iradə Əliyevanın və cəbhəçi gənclərin iştirakı ilə geniş tədbir keçirilib və bütün iştirakçılar Elnura təbriklərini və xoş arzularını çatdırıblar.
“Azadlıq” qəzeti olaraq biz də, Elnur Məcidlini ad günü münasibətilə təbrik edir, ona və məhbəsdəki bütün fəallara tezliklə azadlıqda olmağı arzulayırıq!

Gültəkin