Qarabağda dağıdıcı müharibə başlaya bilər

Veyn Merri: «Rusiyanın Ermənistana, Türkiyənin Azərbaycana qahmar çıxması regional müharibəyə səbəb ola bilər»

Tom de Vaal: «Liderlər münaqişənin həllindən daha çox, öz siyasi mövqelərinin qorunmasında maraqlıdır»

Dekabrın 7-də ABŞ Konqresi nəzdində ATƏT üzrə Helsinki Komissiyası “Qafqazda münaqişələr: həll perspektivləri” mövzusunda dinləmələr keçirilib.  Konqres üzvü Maykl Burgess və Helsinki Komissiyasında siyasi müşavir qismində çalışan Maykl Oksun vasitəçiliyi ilə keçirilən tədbirə Vaşinqtonun Qafqaz üzrə tanınmış ekspertləri dəvət olunub.
“Amerikanın səsi”nin məlumatına görə, Brukinqs Institutunun tədqiqatçısı Fiona Hill, Karnegi Beynəlxalq Sülh Fondunun eksperti Tom de Vaal və Amerika Xarici Siyasət Şurasının eksperti Veyn Merri Qafqazda dondurulmuş münaqişələrin həlli perspektivi və hərbi qarşıdurmanın yenidən alovlanması təhlükəsini müzakirə ediblər.
Fiona Hill Qafqazda cərəyan edən münaqişələri ərazi bütövlüyü və öz müqəddəratını müəyyən etmə prinsipləri arasında çəkişmə kimi dəyərləndirib:”2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi regionda balansı dəyişdirdi. Rusiyanın qəfildən Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıması həm regionda, həm də beynəlxalq müstəvidə təlaş doğurdu. Qısa, amma qanlı müharibə göstərdi ki, “dondurulmuş” sayılan münaqişələrin yenidən alovlanma şansları kifayət qədər yüksəkdir və xarici qüvvələrin bu münaqişəyə cəlb olunması situasiyanı büsbütün nəzarətdən çıxara bilər”. O, Şimali Qafqazda vəziyyətin tədricən gərginləşdiyini və buradakı ekstremal durumun Cənubi Qafqaza sirayət edəcəyi qənaətində olduğunu söyləyib.
Müharibə hər iki tərəfə baha başa gələcək
Tom de Vaal bildirib ki, tərəflər bir-birinə qarşı qəddarlıq törətdiklərindən bu növ münaqişələrdə mələk axtarmaq düzgün olmaz: “Ermənistan müharibədə qalib çıxdığını israr edərək tutduğu ərazilərə iddialarından geri çəkilmək istəmir. O biri tərəfdən neft sərvətinə arxalanan Azərbaycan iqtisadi potensialını əsas gətirərək status-kvonu öz xeyrinə dəyişdirəcəyini güman edir. Ən pisi isə odur ki, sülh danışıqları prosesi qapalı gedir və danışıqların predmeti ictimaiyyətdən gizlədilir. Liderlər münaqişənin həllindən daha çox öz siyasi mövqelərinin qorunmasında maraqlıdırlar. Belə bir dinamika Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülhə hazırlanmasının qarşısını alır. Bu üzdən də ATƏT Minsk Qrupunun həmsədr dövlətləri aydın etməlidirlər ki, müharibə variantı hər iki tərəfə baha başa gələcək”.
Amerikalı ekspertin təhlili
Bu yaxınlarda Dağlıq Qarabağdan qayıtmış Veyn Merri hərbi təhlillə müşayiət olunan çıxışında müharibənin başlanmasına dair həyəcan təbili çalıb. Qarabağı dünyanın ən hərbiləşmiş regionlarından biri adlandıran Merri minalarla örtülmüş bu ərazidə çox sayda tank, zirehli maşın və artilleriya qurğularının cəmləşdiyini söyləyib. “Mən Ağdamda cəbhə xəttindəki səngərdə Azərbaycan qüvvələrindən 200 metr aralıda idim”, deyən xanım Merrinin sözlərinə görə, hər iki tərəfdə müharibənin labüdlüyünə dair qənaət formalaşıb və tərəflər bir-birinin hərbi imkanlarını yanlış dəyərləndirərək hərbi vasitə ilə problemi həll edəcəklərinə ümid bəsləyir.
ABŞ Qarabağda müharibə olacağından narahatdır
Veyn Merri Dağlıq Qarabağ münaqişəsinin perspektivləri barədə bir neçə tezis irəli sürüb.  Onun sözlərinə görə hazırkı atəşkəs vəziyyəti sülhün möhkəmlənməsinə deyil, əksinə, müharibə ehtimalının artmasına xidmət göstərir.  Yüksək rütbəli kəşfiyyat və hərbi rəsmilərlə təmasda olduğunu vurğulayan Merri Amerikanın siyasi dairələrində də Dağlıq Qarabağ münaqişəsinin alovlanacağına dair narahatlıq olduğuna diqqət çəkib:”Yeni müharibə 1991-94-cü illər müharibəsinə bənzəməyəcək. O müharibə piyada əsgərlər arasında toqquşmalardan ibarət idi. Ara-sıra artilleriya və zirehli texnikadan istifadə olunurdu. O vaxtdan bəri Dağlıq Qarabağ əsl istehkama çevrilib – həm təbii topoqrafiya baxımdan, həm də eşelon müdafiə sistemi baxımdan. Qarabağ uğrunda yeni müharibə əslində mühasirə olacaq”.
Onun sözlərinə görə, vəziyyəti ağırlaşdıran başlıca amillərdən biri Rusiyanın Ermənistana, Türkiyənin isə Azərbaycana qahmar çıxmasıdır ki, bu, da məhdud münaqişəni regional müharibəyə çevirə bilər(Turan).