Putin çeçenlərin köməyinə sığındı (VİDEO)

Rusiyada inqilaböncəsi fövqəladə vəziyyət; Çeçenistandan 600 “boevik” gətirilib

 

“Kommersant” qəzetinin müxbiri Oleq Kaşin “Twitter” sosial şəbəkəsində məlumat yayıb ki, dekabrın 10-da Rusiya müxalifətinin Moskvada planlaşdırdığı mitinqi dağıtmaq üçün Çeçenistandan silahlı dəstə gətirilib. Jurnalist məlumat verir ki, “Akademik Kadırov Polku” artıq Moskvadadır və silahlıları yerləşdirmək üçün paytaxtda 600 mənzil ayrılıb.
Bu arada “Youtube” video portalında Kadırovun çıxışı yayılıb. O, mərkəzi hakimiyyəti müxalifətə qarşı yumşaq davranmaqda qınayıb. Kadırov Rusiya rəhbərliyini müxalifətçilərə qarşı ən sərt tədbirlər görməyə çağırıb.

Kremli mitinq qorxusundan hərəkətə gəldi; paytaxta əlavə qüvvələr və hərbi texnika yeridildi

Bu gün Rusiyada parlament seçkilərinin nəticələrinə etiraz və yeni seçkilərin keçirilməsi tələbiylə ümümxalq mitinqi keçiriləcək. Aksiya öncəsi sosial şəbəkələrdə mitinqə çağırışla bağlı bəyanatlar yerləşdirilib. Ümumrusiya mitinqinə ölkənin 22 şəhərinin qoşulacağı gözlənilir. Müxalif fəallar seçkilərin nəticələrinin saxtalaşdırılmasıyla bağlı faktlardan ibarət video-blok hazırlayaraq sosial şəbəkələrdə yayımlayıblar.
Hökumət aksiyanın Moskvanın “Inqilab Meydanı”nda keçirilməsinə icazə versə də artıq dünəndən paytaxta əlavə qüvvələr yeridilib. Paytaxta yaxın şəhərlərdə yerləşən hərbi qarnizonlardan əsgərlər və zirehli texnika Moskvaya gətirilib. Mitinq iştirakçılarının sayının 300 nəfərdən artıq olmaması xəbərdarlığını verən paytaxt rəhbərliyi aksiyaya kütləvi axın olacağını proqnozlaşdırdığı üçün təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçib.
Bundan öncə isə dekabrın 8-də axşam saatlarında ölkənin ikinci paytaxtı Sankt-Peterburq şəhərində növbəti etiraz aksiyası baş tutub. Parlament seçkisinin nəticələrinin saxtalaşdırılmasına qarşı nümayiş bu dəfə də “Qostinıy Dvor” metrostansiyasının önündə keçirilib. Aksiyaya mindən çox müxalifət tərəfdarı qatılıb. Polis aksiyanı dağıtmaq üçün rezin dəyənək və gözyaşardıcı qazdan istifadə edib.
Rusiya Daxili Işlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə baş idarəsindən verilən məlumata görə, nümayişçilər polisin icazəsiz aksiyanı dayandırmaq göstərişinə məhəl qoymayıblar. Mitinqin dağıdılması zamanı 127 nəfər saxlanılıb. Onların hamısı haqda müəyyən olunmuş asayiş qaydalarını, yaxud toplantı, mitinq, nümayiş, yürüş, piket keçirmək qaydalarını pozmağa və polis əməkdaşlarının göstərişlərinə əməl etməməyə görə protokol tərtib edilib.
Bu arada Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev istənilən icazəsiz aksiyanı polisin dağıdacağını bəyan edib: “Hər hansı icazəsiz tədbirin keçirilməsinə cəhd və asayişin pozulmasını mövcud qanunvericiliyə uyğun olaraq, daxili işlər orqanlarının əməkdaşları dağıdacaq. Günahkarlar isə məsuliyyətə cəlb ediləcək”.
Nurqaliyev həmçinin bildirib ki, aksiyalar zamanı digər insanların hüquqları məhdudlaşdırılmamalıdır: “Dekabrın 5-dən Moskva, Sankt-Peterburq və digər şəhərlərdə ictimai-siyasi kütləvi tədbirlər keçirilir. Praktik olaraq onların hamısı tətbiq olunmuş qaydada razılaşdırılıb. Ancaq bildiyiniz kimi, vətəndaşların öz mövqeyini ifadə etməklə bağlı konstitusiya hüquqlarının reallaşdırılması digər insanların da hüquqlarını məhdudlaşdırmamalıdır. Icazəsiz tədbirlərin keçirilməsi ilə bağlı istənilən cəhdlər və qayda-qanunun pozulmasının qarşısını Rusiya Federasiyasının mövcud qanunvericiliyinə müvafiq qaydada daxili işlər orqanlarının əməkdaşları almalıdır”.
Xatırladaq ki, parlament seçkisinin nəticələrinə etiraz aksiyaları əsasən paytaxt Moskva və Sankt-Peterburqda keçirilir. Bu günədək təkcə Moskvada 569 nəfər müxalifət tərəfdarı saxlanıb.