Prezidentin qızları necə milyarder olub

Kərimova bacılar 200 milyon itirdilər, amma hələ də milyardları var

Isveçrədə çap olunan “Bilan” biznes dərgisi hər il ölkənin 300 ən varlı adamlarının siyahısını dərc edir. Son beş ildə jurnalın tərtib etdiyi siyahılara Özbəkistanın prezidenti Islam Kərimovun böyük qızı Gülnarə Kərimovanın da adı düşürdü. Bu il isə ora Kərimovun kiçik qızı Lolanın da adı əlavə olunub.
Gülnarə və Lola bacılarının hədsiz var-dövlətə sahib olmaları əslində, təzə xəbər deyil. Yeni olan budur ki, jurnalın dekabrın 2-də yaydığı hesabata görə, bu bacılar son bir ildə xeyli pul itiriblər.
Luzannada çap olunan rusdilli “Nasha Qazeta” yazır ki, Kərimova bacıları son bir ildə azı 200 milyon dollar ziyandadırlar. Bunun səbəbi haqqında məlumat yoxdur.
“Bilan” jurnalına görə də bacıların adı 2011-ci ildə biznesi ən çox zəifləyən supervarlılar siyahısındadır. Amma dərgi hesab edir ki, itkiləri olsa da, bu qadınların əlində hələ də azı 1 milyard dollar var.
Bu rəqəm dərhal sual yaradır ki, prezidentin qızlarında bu qədər pul hardandır?

Bunun bir hissəsi ola bilər ki, Kərimov klanının sahib olduğu “Zeromax” şirkətindən qazanıla bilər. Özbəkistanın ən böyük özəl şirkəti olan “Zeromax” Kərimovlar ailəsinin və onlara yaxın olan adamların ən böyük gəlir mənbəyi hesab edilir.
Özbəkistanda iqtisadiyyatın bütün sahələrinə nəzarət edən bu şirkəti məlum olmayan səbəblərdən 2010-cu ildə dövlət alıb.

Prezidentin “hamının zəhləsi gedən” zəngin qızı


“The Guardian” Özbəkistandakı ABŞ diplomatlarının şəxsi qiymətləndirmələri kimi yazırdı ki, Gülnarə Kərimova bu ölkədə az qala, hamının zəhləsi gedən bir şəxsdir.
“WikiLeaks” saytı vasitəsilə yayılan səfirlərin gizli məktublarına istinad edən qəzet yazır ki, Özbəkistanda Gülnarəni “oğrular baronu” kimi xarakterizə edirlər. Iddiaya görə, bu xanım ona boyun əyməyən biznes sahiblərinin hamısını dövlət aparatı vasitəsilə cəzalandırır.
Gülnarə həm də bəzi kriminal dairələrlə əlaqədə ittiham edilir. “The Guardian” Daşkənddəki ABŞ səfirliyindən yazıldığı iddia edilən gizli məktublara istinadən bildirir ki, bu xanım yerli mafioz dairələrdəki əlaqələri vasitəsilə ölkədəki xam neft layihələrində də pay ələ keçirir.

Lola 14 milyon dollarlıq malikanəyə niyə 46 milyon verib?..


Bu yaxınlarda Gülnarənin kiçik bacısı Lola da Britaniya mətbuatına mövzu olub. “The Daily Mail” xəbər verib ki, Lola Kərimova və onun əri Timur Tillayevin adı Cenevrə yaxınlığında dəyəri 46 milyon dollar olan bir malikanənin qapısında yazılıb.
Isveçrədəki bu ev Britaniya mediasının diqqətini ona görə çəkib ki, evi satan da yaxınlarda Londona geri dönən Britaniya Işçi Partiyasının maliyyə dəstəkçisi Andru Rosenfelddir. Rosenfeld 2009-cu ildə həmin evi cəmi 14 milyon dollara alıbmış.
Bircə il sonra isə onu Lola Kərimovaya 46 milyon dollara sataraq, azı 30 milyon dollar qazanc əldə edib.
Qaranlıq olan odur ki, Kərimova və onun əri birdən-birə niyə həmin malikanəyə bazar dəyərindən az qala iki dəfə yuxarı pul veriblər.
Britaniyanın Daşkənddəki keçmiş səfiri və hazırda hökumətin kəskin tənqidçisi olan Craig Murray bildirir ki, adətən bazar dəyərindən yuxarı olan bu cür sövdələşmələr pul yumaq üçün olur. Yəni, əslində iri məbləği alan adam pulun bir hissəsini qaytarıb geri verir.
Kiçik Kərimovanın qazanc mənbəyi isə Özbəkistana Çindən mal gətirən “Abu Sahiy” şirkətindədir. “Azadlıq” radiosunun araşdırmalarına görə, “Abu Sahiy” ilk dəfə Kərimovanın paya sahib olduğunu açıq nümayiş etdirib və bu şirkət Çindən mal gətirilməsi sahəsində faktiki monopoliyaya sahibdir.