Olbrayt Putinə yerini göstərdi

“Putin etirazçılarla hesablaşmaq məcburiyyətində qalacaq”

Rusiyada parlament seçkilərinin nəticələriylə bağlı keçirilən etirazların qızışdırılmasına görə başda dövlət katibi Hillari Klinton olmaqla ABŞ-ı ittiham edən baş nazir Vladimir Putinin cavabı verilib. Karnegi beynəlxaq sülh fondunun Vaşinqtonda keçirilən toplantısında çıxış edən ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın sözlərinə görə, Putin Qərb ölkələrini və Hillari Klintonu ittiham etməklə Rusiyada başlanan etirazların hakimiyyətin yürütdüyü siyasət üzündən baş qaldırdığını ört-basdır etməyə çalışır. Olbrayt Rusiyadakı etirazların məhz ölkədaxili proseslərdən qaynaqlandığını xatırladıb.

“Putin xalqın adından qərar vermək haqqına sahib olduğunu zənn edir. Mənim fikrimcə, onun bu haqqı yoxdur və olmayıb. Putin ölkədə ən nüfzulu şəxs olduğuna dair iddialara özünü inandırıb. O, bu vəziyyətiylə “Lüt Kral”a (Andersonun nağıllarından birinin obrazı) bənzəyir. Putin paltarsız bütün ölkəni dolaşaraq Rusiyanı yaratdığını, rus mədəniyyətini, dövlətçilik sistemini gormalaşdırdığını və ölkəni beynəlxalq arenada tanıtdırdığını iddia edir. Ancaq rusiyalılar üçün səslərinin oğurlanması və saxtalaşdırılmasından daha ağır zərbə ola bilməz. Məhz buna görə də rusiyalılar ayağa qalxıb və Putin də onlarla hesablaşmaq məcburiyyətində qalacaq”, -deyə ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt bildirib.