İnsan və insanlıq naminə…

Bu gün Beynəlxalq İnsan haqları günüdür. Bizim üçün xüsusilə “əlamətdar” gündür, çünki ölkə həbsxanalarında onlarla vicdan məhbusumuz yatır. Əsassız, motivsiz, sübutsuz, günahsız yerə… Onlar “sadəcə, yalansız yaşamağı seçən, düşündüyünü ucadan dilə gətirməkdən çəkinməyən, həmfikirləri ilə həmrəyliyini ifadə edən, dilədikləri kimi harmoniya içində yaşamaq və yaratmaq istəyən insanlardır…”

Dünyanın örnək mənəviyyat adamı və dissidenti Vatslav Havel idealları yolunda həbsxanadan da keçən ideya insanlarının obrazını belə ifadə edir. Bu günlər onun əlimdə oxuduğum “Gücsüzlərin gücü” essesində təsvir olunanlarla çevrəmizdəki hadisələr arasında çox yaxın paralellər görünür.  
Yaşadığımız cəmiyyətdə söz açılan ideya adamları ilə qarşılaşdırılan bir tərəf də var. “Soğan və yerkökü yeşiklərinin arasına hökumətin ənənəvi şüarını yerləşdirən” və bununla qulağı dinc yaşamaq haqqı olduğu barədə mesaj verən tərəvəz satıcısı. Əslində, heç bu şüarın mahiyyətinə varmayan, onun mənasını düşünməyən, sadəcə yuxarılara itaətkar olduğunu sərgiləyən satıcı.  Müəllifin dediyi kimi “şüar  dükançını potensial xəbərçilərdən qoruyan bir qalxan, onun ölüm-dirim məsələsidir…”

Bu obraz sizə çox tanış deyilmi? Axı onun 2 aprel məhbuslarının üzünə duran avtobus sürücüsü, limon və gül satıcısı, polis, bank işçisi, lap hakim və prokurorla fərqi nədir ki?  Axı onlar da öz yalanları ilə bu və ya başqa şəkildə ağalarının sözündən çıxmadıqlarını, “rahat yaşamaq hüququ”na malik olduqlarını nümayiş etdirirlər. Fərqi yoxdur,  polisin gözünün altını belə zorakılıqlara etiraz edən Məhəmməd Məcidli və Arif Hacılı qaraltmamışsa, bankın şüşəsini Elnur Məcidli və ya Əhəd Məmmədli qırmamışsa, avtobusun şüşəsini Arif Alışlı və Sahib Kərimov sındırmamışsa, tərəvəz satıcısının limonunu Elnur İsrəfilov və  Rüfət Hacıbəyli dağıtmamışsa, gülsatanın çiçəklərini  Tural Abbaslı və Ülvi Quliyev yolmamışsa da… Şahin Həsənli ömründə kiməsə güllə deyil, heç söz atmamışsa da, Cabbar Savalanlı narkotika deyil, heç siqaret çəkməmişsə də…Vidadi İsgəndərov, Zülfüqar Eyvazov, Bəxtiyar Hacıyev, Babək Həsənov, Elşən Həsənov və Ruslan Bəşirlinin öz ölkəsinə insanlıq və demokratiya gətirməkdən başqa bir istəyi yoxsa da… Demək ki, idarə etdiyi avtobusun şüşəsinə, dükanının vitrininə hansısa rəhbərin rəsmini, yaxud hansısa hökumətin mənasız plakatını yapışdırmaq,  bu əqidə adamlarının indiki yerində-həbsdə olmamaq üçün kimlərəsə “sığorta kartı”kimi lazımdır…

Bəlkə də, belə adamlar həmin o müvəqqəti “sığorta kart”ları ilə ölkənin ölü cəmiyyətə çevrildiyinin fərqində deyillər. Bəlkə, onların düşüncə səviyyəsi öz  başıaşağılıqlarının böyük çoxluğa necə fəlakət gətirdiyini anlamağa imkan vermir. Bəlkə heç onlar özləri də bir gün mütləq şəkildə bu amansız brakonyerliyin qurbanına çevriləcəklərini ağıllarının ucundan belə keçirmirlər. Axı bütün bunları dərk edən şəxs heç bir halda üç-beş günlük “rahatlığı” ömürlük azadlıqlara dəyişməzdi…

Azərbaycan həbsxanalarında cəmiyyəti belə eybəcərliklərin cəngindən almaq istəyən çoxlu sayda insan var. İnsan və insanlıq naminə seçdiyi  mübarizəyə, inancına, sözünə görə azadlıqdan məhrum edilmiş insanlar… Şübhəsiz, yer üzü yaranandan dəyişiklik, yenilik, müasirlik üçün kimlərsə hökmən qurban verməli olur. Tam olaraq bu gün bizim yaşadığımız gerçəklər kimi… Özlərindən, ailələrindən, şəxsi maraqlarından keçib, bütöv bir toplumu gözəl həyata qovuşdurmaq istəyində olanlar bəşəriyyətin ən böyük dəyəri olan insanlardır. Onların vətən torpaqları da min cür əzabla qoruyub yaşatdıqları azadlıq idealları ilə bir gün mütləq çiçək açacaq…

P.S. Bu gün həm də vicdan məhbusu Elnur Məcidlinin doğum günüdür. Ona növbəti doğum yaşını azadlıqda qeyd etmək diləyi ilə ən xoş arzularımı bildirirəm.