Məleykə Abbaszadə Misir Mərdanovun ünvanına yeni ittihamlar səsləndirdi; Qarşı tərəf bunu cavabsız qoymadı
Təhsil naziri Misir Mərdanovla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə arasında ziddiyyətlər açıq müstəviyə keçib. Bir neçə gün əvvəl TQDK sədri Misir Mərdanova qarşı saxta diplomalarla və orta məktəbdə keçirilən imtahanlarla bağlı ittihamlar irəli sürmüşdü. Daha sonra TQDK sədri universitetlərə köçürmələrlə bağlı faktiki olaraq Misir Mərdanovu korrupsiyada ittiham etmişdi.
Bundan sonra Məleykə Abbaszadə dərsliklərlə bağlı iradlarını səsləndirib. Təhsil Nazirliyi də TQDK sədrinin ittihamlarını cavabsız qoymayıb. Misir Mərdanovun müavini Qulu Novruzov APA-ya açıqlamasında bildirib ki, TQDK alternativ dərslik hazırlaya bilər, amma dərslik çap edəndə digərlərinin səhvlərini jurnalistlərə deyib ictimailəşdirmək yox, Təhsil Nazirliyinə bildirmək daha yaxşı olar.
Təhsil Nazirliyinin Dərslik və Nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı isə APA-ya bildirib ki, Təhsil Nazirliyi Azərbaycanda çap edilən dərsliklərin bütün problemləri ilə bağlı məsuliyyət daşıyır: “Təhsil Nazirliyi dövlətin təhsil siyasətini həyata keçirən qurumdur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə tələbə qəbulu ilə məşğul olan təşkilatdır. Hər qurumun öz missiyası var və onu yerinə yetirməlidir”.
Qeyd edək ki, telekanallarda da bu mövzuya geniş ayrılıb. Beləliklə əgər əvvəllər Məleykə Abbaszadə ilə Misir Mərdanov arasındakı konflikt üstüörtülü şəkildə davam edirdisə, indi tərəflər bir-birlərinə qarşı açıq şəkildə ittihamlar irəli sürürlər. Bu ziddiyyətlərin kökündə isə əlbəttə ki, Azərbaycan təhsilinin inkişafı dayanmır. Bu, hakimiyyətdaxili ziddiyyətlərin təzaühürüdür. Sirr deyil ki, Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə Misir Mərdanov yola getmir. PA rəhbəri dəfələrlə Misir Mərdanovun işdən çıxarılmasına çalışıb. Lakin hələ ki, məqsədinə çata bilməyib. Məlyekə Abbaszadə isə Ramiz Mehdiyevin komandasında təmsil olunur. TQDK sədri ilə nazir arasındakı qarşıdurmanın əsl səbəbi budur. Görünür, qarşı tərəf Misir Mərdanovun 3 müavinin işdən çıxarmaqla özünü qoruması və yerini daha da möhkəmlətməsini həzm edə bilmir. Ona görə də nazirə qarşı yeni hücum dalğasına start verilib.
Biz tərəflərdən heç birinin müdafiəçisi qismində çıxış etmək istəmirik. Hesab edirir ki, həm Misir Mərdanovun, həm də Məlyekə Abbaszadənin fəaliyyətində kifayət qədər ciddi nöqsanlar var. Hər iki şəxs Ilham Əliyevin başında dayandığı korrupsioner rejimin məmurlarıdır. Və onlardan hər hansı birinin korrupsiyadan xali olmasına inanmaq sadəlövhlük olardı.
Azad