Müasir ümummilli liderlər

Diktatorlar bir-birinə heyrətamiz dərəcədə bənzəyirlər

Diktatorların bir-birinin dalınca devrildiyi indiki günlərdə onları bir-birinə bağlayan, daha dəqiq ifadə etsək, bənzədən parametrlər də tədqiqatçıların diqqət mərkəzinə düşür. Bu, həm də başqa cəhətdən vacib sayılır. Indi dünyada milli hökumətlərin açıq siyasi yolla formalaşması, demokratik idarəçilik və cəmiyyətin hakimiyyət üzərində ardıcıl nəzarəti mexanizmi daha böyük coğrafiyada tətbiq olunur. Totalitar və ya avtoritar idarəçilik, eləcə də diktatorların özləri isə arxaikləşməkdədir. Buna görə də müasir tədqiqatçılar siyasi mədəniyyətin hələ formalaşmadığı dövrlərin məhsulu olan bu fenomenin müasir dünyada mövcudluğunun səbəblərini maraqla öyrənirlər.

Azərbaycanda da avtoritar idarəçiliyin və bu avtoritarizmi öz simasında ümumiləşdirən bir diktatorun mövcud olduğunu nəzərə alsaq, bu tədqiqatların bizim cəmiyyət üçün də maraqsız olmadığını söyləmək olar.

Onların hamısı çirkli bizneslə qazanır

Diktatorları ümumiləşdirən ən qabarıq parametr onların hüdudsuz və şübhəli mənbələrdən formalaşan sərvətləridir. Məsələn, Misir prezidenti Hüsnü Mübarək devriləndən sonra bəlli oldu ki, onun var-dövlətinin həcmi 76 milyard dollardır və o, “dünyanın ən varlı adamı” elan edildi. Maraqlıdır ki, diktatorun bu qədər sərvəti olduğu halda, ABŞ Misir ordusunun ehtiyacalarını təmin etmək üçün hər il 5 milyard dollar yardım ayırırdı. Amma məlum oldu ki, Hüsnü Mübarək ABŞ-ın yardımı olmadan həmin ehtiyacları tam 15 il ərzində ödəyə bilərmiş. Hüsnü Mübarək öz kapitalını Ingiltərə banklarında saxlamağa üstünlük verib. Mübarək ayda 800 dollar əməkhaqqı da alırdı və bunu nə üçün aldığı anlaşılmır.
Sərvətinin həcminə görə ikinci yeri Müəmmər Qəzzafi tutub: 62 milyard dollar. Bəzi mənbələrdə isə onun sərvətinin hətta 200 milyard dollara çatdığı da söylənilir, amma bu fakt təsdiq olunmur.
Müəmmər Qəzzafinin 30 milyard dolları Ingiltərə banklarında, 30 milyard dolları ABŞ-da, 1,66 milyard dolları isə Avstriyada üzə çıxarıldı və donduruldu.
Üçüncü yerdə Sudan diktatoru Ömər əl Bəşirin durduğu hesab olunur: 9 milyard dollar.
Daha sonrakı yerləri də sadalamaq olar, amma öz diktatorumuzu da unutmayaq. Hələ 1998-ci ildə mediada belə bir rəqəm yayıldı ki, Heydər Əliyevin sərvətinin həcmi 26-30 milyard dollar arasındadır. Bundan 2 il sonra Rusiya mətbuatı Ilham Əliyevin öz adına olan kapitalın həcminin 6 milyard dollara qədər ola biləcəyini yazdı. O zaman hələ böyük neft çıxarılmırdı və Azərbaycan iqtisadiyyatında orta təbəqə anlayışı var idi. 2005-ci ildən üzü bəri aparılan iqtisadi siyasət nəticəsində Azərbaycanda bütün iqtisadi hakimiyyətin olduqca məhdud bir qrupun əlində tam şəkildə monopoliyalaşdırılmasını da nəzərə alsaq, Ilham Əliyevin Müəmmər Qəzzafi ilə rəqabət apara biləcəyini söyləmək mümkündür. Ən azı, Müəmmər Qəzzafidən sonra 3-cü yeri tutan əl Bəşiri xeyli geridə qoya biləcəyi dəqiqdir.
Yeri gəlmişkən, Rusiyanın əvvəlki prezidenti və indiki baş naziri Vladimir Putinin Hüsnü Mübarəkdən kasıb olmadığını ehtimal edən ekspertlər də çoxdur. Bu ekspertlər başqalarının pullarını hesablamırlar, sadəcə, diktatorların öz xalqından oğurladıqlarını hesablayırlar.
Bu sırada o qədər də “qürurlu” görünməyəcək diktatorlar da var:
– Tunisin devrilən prezidenti Zin əl-Abidin ben Əli – 5,5 milyard. Onun sərvəti Tunisin ÜDM-in 4,5 faizini təşkil edib;
– Haiti diktatoru Jan Klod Düvalyenin 1 milyardı var idi;
– Fil Dişi Sahilinin devrilən diktatoru Loran Qbaqbonun da bu qədər pulunun olduğu üzə çıxdı.
Bu pulların əldə edilməsi yolları da eyni olduğu qədər, eyni qanunsuzluq üzərində qurulur: ölkənin bütün təbii sərvətləri və iqtisadi resursları üzərinə əl qoymaqla. Məsələn, Hüsnü Mübarək turizm biznesi, Qəzzafi və Ilham Əliyev neft ehtiyatları üzərində şəriksiz nəzarətlə varlanır, onların biznesinin mərkəzində bu faktorlar dayanır. Amma məsələn, Ekvotarial Qvineyanın 1979-cu ildən hakimiyyətdə olan və hələ bu yaxınlarda hakimiyyətdən getmək niyyətinin olduğunu bəyan edən diktatoru Teodoro Obianq Nqemo Mbasaqo öz sərvətlərini koko (kokain istehsalı üçün xammal) biznesini monopollaşdıraraq toplayır.
Bu rəqəmlər diktatorların üzə çıxarılması mümkün olan sərvətlərinin həcmidir. Ümumiyyətlə isə, onların sərvətlərinin həcmini müəyyənləşdirmək olmur, çünki avtoritar ölkələrdə diktatorların əmlakı ilə dövlət əmlakı arasında sərhədlər bəlli olmur.

Onlar hakimiyyətə eyni yollarla gəlirlər və qalırlar

Diktatorların hakimiyyətə gəlişi də bir-birinə bənzəyir. Onları bir-birinə bənzədən parametr şübhəli yol və ya qanunsuz uzurpasiyadır.
Misir prezidenti Hüsnü Mübarək 1981-ci ildə prezident Ənvər Sadat sui-qəsd nəticəsində öldürüldükdən sonra hakimiyyətə gəldi. Bu sui-qəsddə Hüsnü Mübarəkin əlinin olub-olmadığı müzakirə olunur. Hüsnü Mübarək hakimiyyətə gəldiyi gündən Misir inqilabı başlayan zamana qədər ölkədə fövqəladə vəziyyət tətbiq etdiyi üçün bu müzakirələr də getmədi və heç bir araşdırma aparılmadı.
Müəmmər Qəzzafi də hakimiyyətə çevriliş yolu ilə gəldi. Onun 1969-cu ilin sentyabrında qansız hərbi çevrilişlə hakimiyyətə gəlməsi ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi arasında ciddi bənzərliklər var. Sudanın diktatoru Ömər Həsən Əhməd əl Bəşir də hakimiyyətə hərbi çevriliş yolu ilə gəlib (Yeri gəlmişkən, əl Bəşir əjdadlarını ərəb tayfası olan “caali”yə calasa da, onun ata tərəfdən babasının Nigeriyadan olan tayfasının “falata” qəbiləsinə mənsub olduğu bəllidir).
Tam dəqiq bənzərlik devrilmək üzrə olan Suriya prezidenti Bəşər Əsəd və Ilham Əliyev, eləcə də KXDR diktatoru Kim Çen Ir arasında da mövcuddur. Onlar hakimiyyəti atalarından miras alıblar.
Demək olar ki, bütün müasir diktatorlar yeni yaranmış demokratik sistemlərin böhranı dalğasında hakimiyyətə gələrək fövqəladə vəziyyət yaradıblar. Bu müddət ərzində isə niyyət edilən totalitar sistemin bütün atributlarını təmin ediblər. Bu təcrübəni Rusiyada Vladimir Putin də çox “mükəmməl” şəkildə tətbiq etdi. Demokratik islahatların, sanki geridönməz xarakter aldığı Rusiya, məhz onun sayəsində dünyanın ən avtoritar ölkələrindən birinə çevrildi.
Buradaca qeyd etmək lazımdır ki, müasir diktatura rejimlərinin əksəriyyəti ilkin mərhələdə böyük demokratik dövlətlərin dəstəyinə arxalanıblar.

Ümummilli sərvətlər və şəxsi ambisiyalar

Istisnasız olaraq bütün diktatorlar sahiblik etdikləri ölkələrin təbii sərvətlərini, geosiyasi üstünlüklərini və regional münaqişələrin həllində ehtimal edilən və ya gerçəkdən mövcud olan rolunu şəxsi üstünlükləri kimi təqdim ediblər. Buna görə də, onların bir çoxu, hətta ola bilər ki, hamısı mövcud olduqları siyasi münasibətlərin müstəvisində şəxsi mənafelərini təmsil etdikləri millətin mənafelərindən üstün tutublar. Məsələn, Hüsnü Mübarək Ərəb-Israil münaqişəsində Israilin maraqlarını ona görə təmin etmişdi ki, bu, onun şəxsi hakimiyyət iddialarına zəmanət verirdi. Lap bugünlərdə bəlli oldu ki, Bəşər Əsədin atası Hafiz Əsəd Suriya və Israil arasındakı mübahisəli ərazini – Colan təpələrini xeyli müddət bundan əvvəl yəhudilərə 100 milyon dollara satıbmış.
Azərbaycanda 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi dalğasında hakimiyyətə gələn, “Qarabağı pencəyimi çiynimə ataraq azad edərəm” deyən Heydər Əliyev 1994-cü il may ayının 5-də Bişkekdə ermənilərlə atəşkəs müqaviləsi imzaladı və bundan sonra isə həm o, həm də oğlu Ilham Əliyev münaqişənin hərb yolunu istisna edən protokollara imza atdılar.
Ərəb milliyyətçiliyi şüarı ilə hakimiyyətə gələn Müəmmər Qəzzafi ərəb ölkələrini birləşdirmək üçün bir neçə saxta cəhd edəndən sonra bu birliyi istisna edə biləcək lokal terror əməliyyatlarına himayədarlıq etməyə başladı.
Hüsnü Mübarək Misiri Ərəb-Israil münaqişəsində balansı saxlamaq üçün Qərb dövlətlərinə gərək idi. ABŞ-ın bu ölkəyə dəstəyi də həmin balansın qorunub saxlanması üçün edilirdi. Amma Hüsnü Mübarək bu dəstəyi özünün şəxsi siyasi keyfiyyətləri sayəsində əldə etdiyini təbliğ etdirirdi. Müəmmər Qəzzafi Rusiya, Çin və ABŞ arasındakı ziddiyyətlərdə istifadə olunur və böyük tərəflərin dəstəyilə ərköyünləşdirilirdi. Buna görə o da “analoqu olmayan” və ya “dünya şöhrətli” siyasətçi hesab edilirdi.
Azərbaycanda bu epitetlər camaatın qulağını yağır etdiyindən onların bizim yerli diktatorlara nə üçün şamil edildiyini də ikicə kəlmə ilə xatırlamağa dəyər: neft və Dağlıq Qarabağ münaqişəsi. Neft yalnız hakimiyyət elitasının təminatları üçün xərclənir, Dağlıq Qarabağ münaqişəsi isə həll olunmaq mərhələsinə gəlib çıxmır.
Sudanın özündən müştəbeh diktatoru əl Bəşir də iri dövlətlərin regional intriqalarında istifadə edilərək ərköyünləşdirilmişdi. Neft pulları hesabına əsasən Çinin və Rusiyanın silah bazarının yağlı müştərisi kimi “xətri əziz tutulan” əl-Bəşir Çini “Sudanın təhlükəsizliyinin və suverenliyinin təminatçısı” elan etmişdi.
Başqa bir regional diktator – Səudiyyə kralı Abdullah bin Əbdüləziz hər il ABŞ-dan 5-6 milyard dollarlıq silah-sursat alır, eyni zamanda “bu silahlar ABŞ-ın strateji dostlarına qarşı tətbiq edilməyəcək” şərtinin yer aldığı alqı-satqı müqaviləsinə də imza ataraq öz yerini möhkəmləndirir. Amma regionda Səudiyyə Ərəbistanının aldığı strateji silahların tətbiq ediləcəyi yalnız bir düşməni var: Israil. Əgər bu silahlar həmin düşmənlə ehtimal edilən konfliktdə tətbiq edilməyəcəksə, onları almağın nə anlamı var? Yalnız bir anlamı: ölkənin sərvətlərini və resurslarını şəxsi siyasi ambisiyalarına sərf etmək.

***

Təbii, diktatorları ümumiləşdirən bir çox başqa parametrlər də var və hətta bu yazıda sadalanan ölçüləri də daha geniş şərh etmək mümkündür. Şübhəsiz ki, müasir diktaturaların məntiqini, onların mövcudluq şərtlərini təhlil etmək tarixçilərin və politoloqların mühüm vəzifələrindən biridir və Azərbaycan cəmiyyətinin bu bilgiləri əldə etməyə çox böyük ehtiyacı var. Çünki bizim ölkəmiz müasir diktaturaların şəbəkəsində yer alır.