Sülhəddin Əkbər: «Rəsmi Bakı Irandan ehtiyatlandığından Tehrandan gələn hədələrə cavab vermir»
Irandan Azərbaycana gələn təzyiqlər gücləndikcə hakimiyyətin baş verənlərə reaksiyası da hər kəsi təəccübləndirir. Iqtidar yetkililəri ya ümumiyyətlə, açıqlamalara cavab vermirlər, cavab verəndə isə səslənən bəyanatların Iranın rəsmi mövqeyini əks etdirmədiyinə iddia edirlər. Məsələn, parlamentin vitse-spikeri Bahar Muradova mətbuata Irandan gələn təhdidlərə münasibətini açıqlayarkən söyləyib ki, Iran mollasına qoy Azərbaycandakı mollalar cavab versin.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında Irandan gələn təhdidlərin dövlətin rəsmi mövqeyini əks etdirmədiyini dilə gətirib. Amma bir məqamı da qeyd etmək yerinə düşər ki, bir çox hallarda Azərbaycana qarşı ittihamları səsləndirənlər dini rütbələrə sahib şəxslər, ordu generalları olub. Iran isə, bilindiyi kimi, dini dövlət olduğundan bu ölkədə din xadimlərinin səsləndirdiyi açıqlamalar dövlətin rəsmi mövqeyini əks etdirir. Maraqlıdır, Azərbaycan hakimiyyətinin baş verənlərə yanaşması nə dərəcədə dövləti maraqlara uyğundur?
Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbərin sözlərinə görə, Azərbaycan hakimiyyətinin Irandan gələn təhdidlərə, hədələrə, hörmətsiz yanaşmalara reaksiyası yanlışdır. Iranda ali dini rütbənin daşıyıcısının həm də orduya rəhbərlik etdiyini deyən S.Əkbər vurğuladı ki, Iran bir dövlət kimi başqalarından fərqlənir. Ona görə Iranın dini xadimlərinin dilindən səslənən bəyanatlara daha ciddi yanaşmaq lazımdır: “Iran teokratik bir rejimdir. Burada din xadimləri nəinki ölkənin siyasətinə təsir edir, elə Iranın xarici siyasətini birbaşa müəyyənləşdirənlər də onlardır. Bu həqiqəti Azərbaycan hakimiyyətinin təmsilçiləri də bilməmiş deyil. Amma, göründüyü kimi, Azərbaycan iqtidarının Irana qarşı reaksiyası bu reallığa əsaslanmır. Çünki rəsmi Bakı Irandan ehtiyatlanır və Tehrandan gələn hədələrə cavab vermir”.
Məsələ ilə bağlı Azərbaycanın dini qurumlarının da mövqeyini öyrənməyə cəhd etdik. Sualımız isə bundan ibarət oldu ki, Irandan gələn təhdidlərə onların reaksiyası nədən ibarətdir?
Qafqaz Müsəlmanları Idarəsinin mətbuat xidmətindən bu suala cavab üçün gələn həftənin birinci günü əlaqə saxlamağımızı istədilər.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə bildirdilər ki, Irandan səslənən bəyanatlarla bağlı onlar vaxtaşırı açıqlamalar veriblər.
Hikmət