Cənubi Osetiyanın rəhbəri istefaya məcbur oldu

Kütləvi etirazlar Eduard Kokoytının hakimiyyətdən getməsilə nəticələndi

Tanınmamış Cənubi Osetiyada keçirilmiş “prezident” seçkilərindən sonra bölgədə yaranmış gərginliyin aradan qaldırılması istiqamətində razılıq əldə olunub. Spearatçı rejimin rəhbəri Eduard Kokoytı istefaya getməyə məcbur olub. Onun səlahiyyətlərini baş nazir Vadim Brovtsev icra edəcək. Əlavə edək ki, ardıcıl ikinci müddətə “prezident” vəzifəsini başa vurduğu üçün onun ötən ay baş tutmuş seçkilərdə iştirak hüququ olmayıb.

Xatırladaq ki, Cənubi Osetiyada noyabrın 27-də keçirilən seçkilərin ikinci turunda müxalifət namizədi Alla Cioyeva hazırkı “fövqəladə hallar naziri” Anatoli Bibilovu qabaqlayaraq qalib gəlmişdi. Bibilov seçkinin nəticəsindən Ali Məhkəməyə şikayət etmişdi. Ali Məhkəmə də səsvermənin nəticəsini ləğv edərək, 2012-ci il martın 25-ə yeni seçki təyin etmişdi. Seçki qərargahında pozuntular aşkarlandığı üçün Alla Cioyeva seçkiyə qatılmaq hüququndan məhrum olunmuşdu. Amma Ciyeva özünü “seçilmiş prezident” elan edib və bundan sonra onun tərəfdarları paytaxt Sxinvalidə küçələrə axışaraq etiraz aksiyaları keçirmişdi.

Bölgədə sabitliyin qorunması və hakimiyyət böhranının aradan qaldırılması məqsədiylə dekabrın 9-da Alla Cioyeva və Eduard Kokoytı arasında razılaşma imzalanıb. Sənədə əsasən hazırkı “prezident” postunu tərk edir və Ali Məhkəmə sədri ilə baş prokuroru Cioyeva tərəfdarlarının etirazları dayandırması müqabilində vəzifələrindən kənarlaşdırır.