Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən “Yerin təki haqqında” qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini araşdırmaq məqsədilə reyd keçirilib.
APA-nın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, reyd zamanı Pirşağı qəsəbəsində “Qızılqum” sanatoriyasının yaxınlığında, Xəzər dənizinin sahil mühafizə zolağında “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 1 nömrəli Yol İstismar İdarəsinə məxsus maşın və mexanizmlər vasitəsilə Xəzər dənizinin sahil zolağından qeyri-qanuni olaraq 3238 kubmetr həcmində qum qarışıq balıqqulağının qazılıb aparılması faktı aşkar edilib.
Qanun pozuntusu faktı ilə bağlı ətraf mühitə 17780 manat məbləğində ziyan vurulub və qanunamüvafiq qaydada sənədləşdirilib. Nazirliyin əməkdaşları tərəfindən qeyri-qanuni qazıntı aparan maşın və mexanizmlər həmin sahədən çıxarılmış və ərazi nəzarətə götürülüb. Hazırda faktla bağlı “Azəryolservis” ASC-nin inzibati məsuliyyətə cəlb olunması və ətraf mühitə vurulan ziyan müqabilində cəmiyyətə qarşı iddia qaldırılması üçün aidiyyəti tədbirlər görülür.Qeyd edək ki, “Azəryolservis” ASC nəqliyyat naziri Ziya Məmmədovun müavini, deputat Cavid Qurbanov rəhbərlik edir.