AXCP sədri Əli Kərimli partiyanın Gənclər Komitəsinin fəalı, vicdan məhbusu Elnur Məcidlini doğum günü ilə əlaqədar təbrik edib. Təbrikdə deyilir:
Əzizizmiz, Elnur bəy!
Bu gün (dekabrın 10-da – red.) sənin doğum günündür, 22 yaşın mübarək, səni bütün cəbhədaşların adından ürəkdən təbrik edirəm. Hələ çox gənc olsan da, sən artıq seçilmişlərdənsən. Çünki məhkəmədə dediyin kimi, sürünməyi, yalanı yox, yaşamağı, azadlıq uğrunda mübarizə yolunu seçmisən. Cəbhəçi ailəsində doğulduğuna görə tutduğun yolun çətin və məşəqqətli olduğunu kiçik yaşlarından dərk edib, hazırkı həyat tərzini könüllü seçmisən. Sən vətəninin, xalqının ləyaqətini ucalara qaldırmaq naminə, insanların hürr olması uğrunda qəddar rejimlə mücadiləyə qalxdın, Azərbaycanı canından artıq sevdiyinə görə öz rahatlığını düşünmədin. Təkcə valideynlərinə yox, bütün ata-analara, elinə-obana xeyirli övlad olmusan. Istədiyin korrupsiyadan uzaq, sərbəst toplaşmaq azadlığına hörmət qoyulan, insanların söz və mülkiyyət azadlığının qorunduğu ölkə qurmaqdır. Vətən sevginin ailəndən, kökündən qaynaqlandığını göstərdin, haqsız yerə həbs olunsan da, 2 il cəza alsan da, əyilmədin, sınmadın, vüqarını, mərdliyini məhbəsdə də qoruyub saxladın.
Sən məhkəmədə də müdafiə olunmadın, ədalətsiz hakimləri ittiham etdin, xalqı istismar edən bu mənfur rejimə meydan oxudun. Bir il öncəyə qədər sən öz ad gününü doğmaların və dostlarınla keçirirdinsə, bu gün sənin doğum gününü bütün demokratik ruhlu insanlar qeyd edir, səninlə bağlı bloq yazıları, statuslar, qəzet məqalələri yazılır, “Facebook” sənin şəkillərinlə bəzənib. Beynəlxalq təşkilatlar səni “Vicdan məhbusu” elan ediblər, çünki sən həqiqətən millətimizin vicdanısan. Saf, səmimi, həyat eşqi ilə dolu, mübarizə əzmi ilə yetkinləşmiş… Yaşıdların səninlə qürur duyur, yaşlılar səni övladlarına nümunə göstərir, dostların sənə layiq olmağa çalışırlar…
Əziz Elnur bəy, sən haqq yoldasan, demokratiyanın tezliklə Azərbaycanda bərqərar olacağına inamın güclüdür və doğrudur. Vətənimizin gələcəyi sənin kimi mətin gənclərdir. Səninlə fəxr edirəm, tezliklə azadlığına qovuşmanı və müqəddəs amallarını gerçəkləşdirməni arzulayıram! Allah qapını açsın!
Hörmətlə, AXCP sədri Əli Kərimli