Alimilərimiz xaricdəki professor köməkçisindən 10 dəfə az maaş alır

Yaxın-uzaq ölkələrin hamısından geridəyik

 

Müəllim və həkimlərin ardınca Ilham Əliyev dövlət büdcəsindən maliyyələşən elm və elmi-tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin də əməkhaqlarının 10 faiz artırılması haqqında sərəncam imzalayıb. Qeyd edək ki, artıma qədər bu sahədə çalışanlardan ən yüksək əmək haqqı ali məktəblərdə dərs deyən professorlarda olub və onların maaşı 500 manatdan yüksək olmayıb. Elm və elmi-tədqiqat müəssisələrində çalışan digər işçilərin əmək haqqı isə təxminən 200 manat civarındadır. Bu da onu deməyə əsas verir ki, prezidentin 10 faizlik artımla bağlı sərəncamı bu şəxslərin maddi durumuna ciddi təsir göstərməyəcək.

Dövlət “qayğısı”, yoxsa dilənçi payı?

Əhalinin bütün təbəqələrinə qayğı və diqqətin göstərildiyini bəyan edən hakimiyyət elm xadimlərinin də bu diqqətdən kənarda qalmadığını deyir. Lakin mövcud vəziyyət bunun əksini göstərir. Bu günlərdə qəzetimizdə əmək haqqı artırılan həkim və müəllimlərin maaşı, həmçinin uşaq müavinətləri ilə bağlı araşdırma yer aldı. Nəticədə özünü regionun lideri kimi təqdim edən, inkişafa görə dünyada az qala birinci yerdə dayandığını bəyan edən hakimiyyətin yalanları növbəti dəfə üzə çıxdı. Bəlli oldu ki, həkim və müəllimlərin əmək haqqına, uşaq müavinətinə görə Azərbaycan dünyada bəlkə də ən axırıncı yerlərdən birini tutur. Bu dəfə də aliminə qiymət verməyən hakimiyyətin elm adamlarına göstərdiyi “qayğı” ilə digər ölkələrdəki bu sahədə vəziyyət müqayisə olunacaq. Bəs hökumətin özünü müqayisə etməyə həvəskar olduğu ölkələrdə elm adamlarının aldığı əmək haqqı nə qədərdi?

Qonşudan da daldayıq

Məsələn, qonşu Rusiyada elm sahəsində çalışanların əmək haqqı təxminən 960 dollardır. Ukraynada da elm müəssisələrində çalışanların əmək haqqı bu qədərdi.
Dünyanın inkişaf etmiş ölkələrində isə alimlər ən çox əmək haqqı alan təbəqəyə aiddir.
Məsələn, ABŞ-da elm müəssisələrində çalışanların əmək haqqı 3-6 min dollar civarındadır. Universitetlərdə dərs deyən professorların əmək haqqı isə 30-40 min dollardan başlayır. Üstəlik, bu şəxslərin əlavə imtiyazları da olur. Burada ali məktəbdə dərs deyən şəxsin təcrübəsi və nailiyyətləri də rol oynayır. Məsələn, fəaliyyətə yenicə başlayan riyaziyyat və fiziklər 20 min dollar əmək haqqı alırsa, bu sahədə təcrübəsi olan professorların əmək haqqı hətta 50 min dollara qədər çatır. Bu ölkədə hətta 90 min dollar əmək haqqı alan professorlara da rast gəlmək olar. Kanadada professor köməkçisinin əmək haqqı 5 min dollardan başlayır. Təbii ki, təcrübə artdıqca bu göstərici də artır.
Yaponiyada elmi müəssisədə çalışmağa başlayan şəxsin əmək haqqı 2500 dollardan aşağı olmur. Avstraliyada isə bu sahədə çalışan təcrübəli elm xadimlərinin əmək haqqı 30 min dollardan başlayır. Almaniyada isə elmi müəssisələrdə çalışanlardan 5 min avrodan az əmək haqqı alan yoxdu. Fransada isə bu sahədə çalışanların əmək haqqı 5,5 avrodan başlayır. Ali məktəbdə dərs deməyə başlayan şəxsin əmək haqqı təxminən 6-7 min avro təşkil edir. Avropanın digər ölkələrində də elm xadimləri ən çox əmək haqqı alan təbəqəyə aiddir. Bu da həmin ölkələrdə elmə verilən qiymətin göstəricisidir.
Uğurlu inkişaf nağılını təkrarlayan Azərbaycan hakimiyyətinin isə elm xadimlərinə verdiyi qiymət göz qabağındadır. Aliminə hörmət qoymayan hakimiyyətin digər təbəqələrə dəyər verməsini isə gözləməyə dəyməz.

Fizzə