Türkiyənin Azərbaycanlaşması

Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyevin Türkiyə məsələsini heç cür anlaya bilmirəm. Bilmirəm, gözlərimə inanmıram deyim, qulaqlarıma inanmıram deyim, ama əsas budur ki, mən Intiqam bəyə inanıram.
Türkiyəyə gedib-gələn çox adamla söhbət etmişəm. Türkiyə polisinin, təkcə polisinin deyil, bütün dövlət məmurlarının, ticarət sektoru işçilərinin çox mədəni, nəzakətli olduğunu deyirlər və təbii ki, onların nəzakətini, məsələn, bizim polisin necəliyi ilə müqayisə edib, dərindən ah çəkirlər. Indi Türkiyədə Atatürk hava limanında bu arzuolunmaz və az inandırıcı səslənən, lakin gerçəkliyinə heç bir şübhə yeri olmayan insident baş verib.
Gömrük məmuru Intiqam bəyin sənədlərini hirslə masanın üstünə atıb, sonra da qışqırıb ki, götürün. Intiqam bəy onu sakitliyə dəvət edib. Yəqin ki, həmin anda bizim bəy fikrindən Türkiyəyə olan sevgimizi keçirib və çox pis olub. Yoxsa biz azərbaycanlılar ölkəmizdə o qədər kobudluqla, mədəniyyətsizliklə qarşılaşmışıq ki, hətta dünyanın ən mədəni ölkəsində hər hansı məmur bizmilə kobud davransa, bu bizim halımıza o qədər də təfavüt eləməz. Çünki öyrəncəliyik. Dünyanın ən murdar kobudluğu belə, bizimkilərin davranışları ilə müqayisədə əsl nəzakət nümunəsi kimi görünür. Mən Intiqam bəyin onu sakitliyə dəvət etməsində, sırf Türkiyə ilə bağlı sevginin rol oynadığını düşünürəm, əlbəttə, şəxsin özünə qarşı mədəni davranış tələb etməsi də qayət ciddi səbəbdi.
Həmin gömrük məmurunun kobudluğunun da bir neçə səbəbi ola bilər. Həmin anda ovqatının nə üçünsə təlx olmasından tutmuş, ümumən azərbaycanlılara olan hansısa qıcıqlı münasibətinə qədər. Bəlkə Intiqam bəydən az əvvəl hansısa vətəndaşımız, deyək ki, bu, sıradan bir alverçi olub, öz qeyri-mədəni və tərbiyəsiz davranışı ilə bu məmuru çiləyə mindiribmiş. O da acığını hələ soyutmayıbmış. Ama dərhal haradan bilsin ki, qarşısındakı ləyaqətli bir şəxsdi və həm də hüquqçu, Hüquq Maarifçiliyi Cəmiyyətinın prezidentidi.
Həmişə belə olub, eşşəklərin acığını insanların üstünə töküblər. Mümkündü ki, onlar bütün proses boyu cəmi azərbaycanlılardan yığdıqlarını Intiqam bəyin – insanın üstünə töküblər. Bu, psixoloji yanaşmadı. Psixoloji cəhətdən əsaslandırılan və anlaşılandı. Lakin…
Lakin əgər səbəb bu isə və bütün proses boyu aqressivliyə, qeyri-insani, qeyri-hüquqi yanaşmaya əsas verən bu olubsa, onda daha bunun nəyi Türkiyə dövləti oldu, Türk məmuru, polisi, insanı oldu? Avropa Ittifaqına qoşulmaq istəyən dövlət bumudur? Bu mədəniyyətləmi Avropa ailəsinə qoşulmaq istəyirlər və biz Türkiyəsevərlər də Avropanın bəzi dövlətlərinin bu istəyə qarşı çıxmasından yanıb-yaxılır, qəzəblənirik? Bu cür yetkinləşməmiş, qanunu, hüququ, insanlığı unudub özünü hisslərinə əsir eləyən məmurları olan bir ölkə Avropa ailəsinə hansı üzlə qoşula bilər? Siyasi çəkinin, iqtisadi sabitliyin artımı buna yetərlidirmi? Öncə insan və onun hüquqları, aliliyi deyilmi?
…Hollandiyadan qayıdan dostum Zərifə xanım qatarların hansısa səbəbdən ləngiməsi üzündən vaxtında Fransa aeroportuna çata bilməyəcəyinə görə əndişəyə düşüb ağladığında hətta həmin nəqliyyat şirkətinə aidiyyəti olmayan şirkətin işçiləri tam səfərbər edilərək, bir insanın “krizə” girməməsi üçün tam səfərbər olunubmuş. Onu taksiylə harasa yola salıblar, başqa bir qatarda bələdçi xanıma onunla ilgilənməyi tapşırıblar və s. Uzun söhbətdi, özü bunu bir gün qəzetimizə yazsa, çox gözəl olardı. Və sonunda bunu niyə elədiklərini deyiblər: “Siz Hollandiyanın qonağısız. Sizi gözü yaşlı yola salmaq Hollandiya üçün ayıbdır!..”
Mən bundan belə, Türkiyənin Avropaya yox, Azərbaycana inteqrasiya etdiyini düşünməyə məcburam. Azərbaycan avtoritarizminə nəzakətlə, demokratiyasına isə bu cür davranmaq əslində, elə bu bir millətin bir də dövləti olduğunu göstərir. Əgər Atatürk hava limanındakı məmurlarla H.Əliyev hava limanındakı məmurlar eyni mədəniyyətin sahibidirlərsə, nədən belə sayılmasın?