Türkiyə Suriyayla sərhədə qoşun yığır

Əsədə qarşı “Şərəf etirazları” nümayişləri keçirildi; müxalifət ümumxalq tətilinə hazırlaşır

Suriyada Bəşər Əsəd rejiminə qarşı növbəti ənənəvi cümə etirazları keçirilib. Ötən gün Suriyanın müxtəlif şəhərlərində etirazçılar cümə namazından sonra küçələrə axışıb. Müxalifət fəalları aksiyalara “Şərəf etirazları” adını verib. Başda Homs şəhəri olmaqla Həma, Deyr əz Zor, Qamışlı kimi iri bölgələrdə Əsəd əleyhinə keçirilən mitinqlərə minlərlə adam qatılıb.

Nümayişçilər Bəşər Əsədin istefasını tələb ediblər. Onlar Suriya diktatoru hakimiyyətdən gedənə qədər etirazları davam etdirəcəklərini bildiriblər. Hökumət qüvvələri yenə də mitinqlərin dağıdılması üçün odlu silahdan istifadə edib. Əsgərlərin açdığı atəş nəticəsində Homs şəhərində ondan artıq nümayişçi həyatını itirib. Suriyalı fəallar digər bölgələrdə keçirilən mitinqlərə hökumət qüvvələrinin müdaxiləsi nəticəsində xeyli sayda aksiyaçının öldüyünü bildirib. Ölən və yaralananlar barədə dəqiq məlumat olmadığı da vurğulanıb.

Bu arada suriyalı müxaliflər ölkə əhalisini bazar günü ümumxalq tətilinə çağırıb. Onlar bu aksiyaya Bəşər Əsəd rejiminə “vətəndaş itaətsizliyi” kampaniyasının ilk addımı kimi baxırlar. Müxalifət bəyan edib ki, yeni kampaniya tətillər, mağazaların, məktəblərin və digər ictimai sektor müəssisələrinin bağlanması daxildir. Ümumxalq tətilinə milyondan artıq insanın dəstək verməsi gözlənilir.

Dekabrın 8-də səhər saatlarında Əsəd rejiminə qarşı üsyanın mərkəzlərindən olan Homs şəhərindəki neft kəmərində partlayış baş verib. Hakimiyyət və müxalifət fəalları bu hadisəyə görə bir-birilərini ittiham ediblər.

Partladılan kəmər Homsda Suriyanın böyüklüyünə görə üçüncü neft emalı zavoduna neft nəql edir. Neft kəmərinə hücum Avropa Şurasının Suriya neftinə embarqo qoymasından və ölkənin neft şirkətlərini “qara siyahı”ya salmasından sonraya təsadüf edib.

Suriya ordusundan uzaqlaşaraq özlərini “Azad Suriya Ordusu” adlandıran keçmiş hərbçilər isə neft boru kəmərinin hökumət qüvvələri tərəfindən partladıldığını bəyan edib. Onlar bunu sübut edən videoyazı da təqdim edib. Kadrlarda partlayışın nəticələri əks olunub, fonda isə partlayışı Bəşər Əsəd rejiminin tərəfdarlarının törətdiyini bildirən insanların səsi eşidilir.

ABŞ-da yayımlanan ABC kanalına danışan Bəşər Əsəd isə bildirib ki, ölkəsində baş verənlər xarici qüvvələrin planına uyğun həyata keçirilir. Onun sözlərinə görə, Türkiyə və Ərəb dünyasının Suriyayla bağlı gizli hədəfləri var: “Bu ölkələrin bizimlə bağlı gizli və mərkli planları var. Onlar Suriyada ölənləri, bu ölkədə demokratiyanı nəzərə almırlar”.

Türkiyə mediası isə hərbi təlimlər keçirməklə Ankara və müttəfiqlərinə əzələ nümayiş etdirən Suriyaya Türkiyənin cavab verdiyini yazıb. “Sabah” qəzetinin məlumatına görə, Türkiyə Suriya ilə sərhədə 700-1000 nəfərlik xüsusi təyinatlılardan ibarət qrup göndərmək qərarına gəlib. Xəbərdə deyilir ki, Türkiyənin Suriyada uçuşa qadağan zona elan edilməsi məsələsinin gündəmə gəldiyi bir vaxtda belə bir addım atması nəzərdən qaçmamalıdır. Çünki prezident Abdulla Gülün “ən pis ssenarilərə hazırıq” kimi açıqlaması yaxın günlərdə Suriyayla bağlı ən sərt addımların atılacağına işarədir.