Məleykə Abbaszadə: «Köçürmə halları ilə yalnız TQDK deyil, ictimaiyyət, müvafiq orqanlar da mübarizə aparmalıdır»
“Rusiya və Ukraynada müəyyən demoqrafik problemlər var. Əhali azalıb, ona gərə də, bizim abituriyentlərimizi xarici tələbə kimi qəbul etmək istəyirlər”. Bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə bildirib ki, Rusiya və Ukraynanın ali məktəblərdə boş plan yerləri qaldığı üçün həmin yerlərə azərbaycanlı abituriyentləri yalnız attestatla və imtahansız qəbul edirlər:”Onlar tələbəni sıfır balla qəbul edib, onu öyrədir və mütəxəssis kimi yetişdirirlərsə, bu, müsbət haldır. Amma formal olaraq, tələbələri sentyabrda qəbul edir, yanvarda isə Azərbaycanın ali məktəblərinə köçürəcəksə, bu yaxşı hal deyil”.
Komissiya sədri deyib ki, hazırda Azərbaycanda xaricdəki ali təhsil məktəblərindən yerli ali təhsil müəssisələrinə kütləvi şəkildə köçürmələr yoxdur:”Köçürmə halları ilə yalnız TQDK deyil, ictimaiyyət, müvafiq orqanlar da mübarizə aparmalıdır”.
«Azərbaycanda çap olunan orta məktəb dərsliklərində səhvlər var»
“Azərbaycanda çap edilən orta məktəb dərsliklərində nöqsanlar var”. Bunu da TQDK sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il yeni çap olunan Biologiya və Tarix dərsliklərində də səhvlər yer alıb:”Şagirdlər həmin səhvləri düzgün məlumat kimi qəbul edə bilərlər”.
TQDK sədri deyib ki, “Abituriyent” jurnalının yanvar ayında çap olunacaq 1-ci sayında dərsliklərdə olan səhvlər haqda düzəlişlər veriləcək. Jurnalın 57-ci səhifəsindən 69-cu səhifəsinədək səhvlərdən bəhs olunacaq. M.Abbaszadə bildirib ki, qəbul imtahanları üçün test bankında olan suallara düzgün cavab tələb olunacaq, ona görə də abituriyentlər bu jurnalı oxumalıdırlar: “Tarix dərsliyində səhvlər mənəvi, həm də siyasi nöqteyi-nəzərdən yaxşı hal deyil”. Təhsili Nazirliyi nəzdində Dərsliklərin Qiymətləndirilməsi Şurasının sədri Elmina Kazımzadə isə TQDK sədrinin fikirlərinə münasibət bildirərkən Biologiya və Tarix dərsliklərində olan səhvləri bu dərsliklərin yeni meyarlarla hazırlanmaması ilə əlaqələndirib (APA).


