Rafiq müəllimin birləşmək çağırışı haqda

Rafiq Əliyev haqda son dövrlərdə tez-tez yazmalı oluruq. Çünki bu nüfuzlu alim ictimai rezonans yaradacaq haqsızlıqlarla üzləşdi. Üstəlik, ona qarşı atılan addımlar siyasi niyyətli idi, Rafiq müəllimin ölkəmizdəki ağır ictimai durum barədə həqiqətləri dilə gətirməsindən sonra ortaya çıxdı. Bir daha deməli oluram: bu insan həqiqi alimdir. Əsl elm adamıdır. Bütün dünyada qəbul edilir. Bizdə belə adamlar azdır. Təəssüf ki, qondarma alimlər o qədər çoxdur ki, nadir elm adamlarımızın hamısını yaxşı tanımırıq. Məsələn, az adam bilir ki, akademik Cəlal Allahverdiyev dünya elmində adı olan biridir. Məhz onun adına bağlı olan elmi nəticələr var.
Mən hələ pul-para ilə alimlik dərəcəsi alan məmurları demirəm, elm sahəsində çalışan əksər alimlərimiz nəinki Biləcəridən o yana çıxarılası deyil, heç Biləcəridə də saxlanılası deyil. Elə bu səbəbdən son illərdə Azərbaycan elmi nailiyyətləri təyin etmək üçün istifadə edilən bir göstəriciyə – iqtibas indeksinə görə dünyada ən axırıncı qrupda, Şri-Lanka, Zimbabve kimi ölkələrlə bir yerdə durur. Bu indeks nüfuzlu elmi nəşrlərdə ölkəni təmsil edən alimlərdən gətirilən iqtibaslara görə qurulur.
4 il öncə bir alimimiz konfrans keçirib mələyin uçma sürətini hesablamışdı. Elmlər Akademiyasının mətbuat katibi isə münəccimdir. Elm sahəsində vəziyyət bu qədər biabırçı həddə çatıb…
Belə bir durumda gənc alimlərin və yeni kadrların yetişməsi üçün Rafiq müəllim kimi uğur qazanmış alimlərin varlığı özünəinamı artırır, məhz bu adamların mövcudluğu və fəaliyyəti gələcək uğurların qarantıdır. Təzyiqlərlə üzləşdikdən sonra Rafiq müəllimin ilk çıxışı olan yazısı da bunu sübut etdi. Yazıda sadə və qısa izahlarla hər bir suala cavab vardı. Ölkədəki duruma qiymət verilmişdi, bizim gələcəyimiz haqda baxışlar aydın və səlis idi.
Lakin mən yazıdakı bir məqama toxunmaq istəyirəm. Rafiq müəllim fikirlərini milli birliyə çağırışla yekunlaşdırıb. Milli birlik haqda həmişə çağırışlar olur, cavabsız qalır və ən pisi odur onun mahiyyəti düzgün anlaşılmır. Çünki bəzən bu çağırışı edənlər və yaxud bunu eşidənlər onu ölkəmizdə mövcud olan müxtəlif fərqli qüvvələrin barışığı kimi anlayır. Bu isə tamamilə yanlışdır…
Hazırda Azərbaycanda heç bir kəskin qarşıdurma, qeyri-dinc toqquşma yoxdur. Düzdür, vəziyyətin gərgin olmadığını da demək mümkün deyil. Amma bu da sadəcə avtoritar hakimiyyətin yaratdığı basqılar, özbaşınalıqlar hesabınadır.
Azərbaycanın bu və bütün başqa problemləri indi ölkədə fərqli qüvvələrin olmasında deyil, ölkənin idarəçiliyindəki əyriliklərdədir. Bunlar korrupsiya, məmur özbaşınalığı, ayrı-seçkilik, ədalətli məhkəmə sisteminin olmaması, seçkilərin saxtalaşdırılmasıdır. Demokratiyanın, ədalətin yoxluğundadır. Bu amillər aradan qaldırılmırsa, necə barışasan? Barışıq, köhnəni arxada qoymaq bunları aradan qaldırmaq naminə deyilsə, nə üçün lazımdır?
Hamı anlayır ki, bizim cəmiyyətdə barışmazlıq, qarşıdurma, gərginlik təhlükə həddinə də çata bilər. Bundan ciddi itkilər də ola bilər. Amma qarşı-qarşıya duran qüvvələr, qütblər birləşsə də, ölkənin problemi həll edilmir. Hamımız YAP-çı olsaq belə, Azərbaycan problemlərdən qurtula bilmir.
Çünki gərginliyi, mövcud və arta biləcək qarşıdurmanı, inqilabları aradan qaldırmağın yolu yuxarıdakı amilləri aradan qaldırmaqdır. Yeni düzən yaratmaqdır. Barışıq bunun naminə deyilsə, hətta baş tuta da bilməz. Onda belə çıxar ki, müxalifət və narazı fəallar da qoşulur iqtidara, onlar da varlanıb, pullanır, mövcud vəziyyət isə dəyişmir. Bəs bundan Azərbaycana nə xeyri var?
Müasir dünyada milli barışıq adlı ictimai paradiqma xüsusi əhəmiyyət daşımır. Çünki onun yolu başqa bir paradiqmadan keçir. Bu, fərqli qüvvələrin  rəqabətindən inkişaf yaradan demokratik sistemdir. Qurd quzu ilə otlayan cəmiyyətlərdə də demokratiyasız tərəqqiyə, mütərəqqiliyə nail olunmur. Belə cəmiyyətlərin müsbət cəhətləri də müvəqqətidir.
Odur ki, biz milli birlik istəyərkən demokratik quruluşa keçid, islahatlar istəməliyik. Əks halda xalq necə birləşə bilər? Biz hamımız bir partiyanın bayrağı altına yığışası deyilik ki?! Biz hamımız eyni cür düşünəsi, eyni siyasi liderə rəğbət bəsləyəsi deyilik ki?!
Mən inanıram ki, Rafiq müəllim və milli barışıq çağırışı edən digər ziyalılar da məhz bu cür düşünür, onların yeni dövrün paradiqmalarına çağırış və tələbləri isə gələcəyimiz üçün böyük töhfə olacaq…