Sıra Nazarbayevdən başladı; onun dostları da pullarını itirə bilər
İsveçrə Qazaxıstan prezidentinin 600 milyon dollarına həbs qoyub
Fuad Qəhrəmanlı: « Proses yalnız Nazarbayevlə yekunlaşa bilməz »
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin İsveçrə banklarındakı 600 milyon dollardan çox puluna həbs qoyulub. Bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, 2010-cu ilin sentyabında İsveçrənin hüquq-mühafizə orqanları Nazarbayevin kürəkəni, bu yaxınlarda «Samruk-Kazın» dövlət fonduna sədr təyin edilmiş milyarder Timur Qulibayevə qarşı cinayət təhqiqatına başlayıb. Qulibayev rüşvət və ölkənin neft-qaz sərvətlərinin qanunsuz satışından əldə edilmiş çirkli pulları İsveçrə ərazisində yumaqda şübhəli bilinir. Təhqiqat adı gizli saxlanılan 5 Qazaxıstan vətəndaşının verdiyi ifadələr əsasında başlanıb.
Bu ilin iyulunda isə İsveçrə prokurorluğu əlavə məlumatlar əldə edib. Məlumatlar Nazarbayevin indi Cenevrədə diplomatik missiya yerinə yetirən bir qazax vasitəsilə “Xəbər” agentliyinə dair sövdələşmədən necə 100 milyon dollar “qazandığını” açıb göstərir. Bəlli olur ki, Nazarbayev 2006-cı ildə «Qazaxıstan Mərkəz TV» şirkətinin səhmlərinin 78 faizini həmin diplomat vasitəsi ilə (o indi ölkənin BMT-dəki nümayəndəliyində ikinci katib işləyir) əldə edib. Diplomat sadəcə, səhmlərin əldə edilməsində Nazarbayevin qızı Dariqa üçün pərdə rolunu oynayıb. Nazarbayevlər əllərindəki səhmlərin 50%-ni 2008-ci ilin martında 100,3 milyon dollara dövlətə satıb.
Başqa bir məlumatda isə göstərilir ki, Qulibayev 2004-2005-ci illərdə «KazMunayQaz» şirkətinin prezidenti olduğu vaxtlarda onun aksiyalarını çox ucuz qiymətə öz adamlarından birinin adına keçirib, daha sonra aksiyaları 300 milyon dollar mənfəətlə satıb. Bu vəsaitlərin bir hissəsi İsveçrədə «BNP Paribas» bankındakı hesaba köçürülüb.
Bütün bu təhqiqat və məlumatların nəticəsində İsveçrənin «Credit Suisse», «UBS» və «BNP Paribas» banklarında Nazrbayevlər ailəsinə məxsus hesablarda 600 milyon dollardan artıq vəsait dondurulub.
“Bu, ciddi proseslərin başlanğıcıdır”
Bu, MDB məkanında dövlət başçısına qarşı maliyyə sanksiyası kimi ilk hadisədir. Bir çox ekspertlər bunu MDB-nin başqa korrupsiyaya bulaşmış avtoritar liderləri üçün də ciddi siqnal kimi qiymətləndirir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Nazarbayevlə bağlı araşdırma ciddi proseslərin başlanğıcından xəbər verir. Onun fikrincə, artıq beynəlxalq birlik o qənaətə gəlib ki, xüsusi ilə avtoritar ölkələrdə çirkli pullara qarşı mübarizənin yolu prinsipial mövqenin sərgilənməsindən keçir.
F.Qəhrəmanlı hesab edir ki, korrupsioner rejimlərin vəsaitlərini dondurmaq həm də cəmiyyətlərə bir mesajdır ki, dünya artıq maddi maraqlarla proseslərə qiymət vermir. Eyni zamanda korrupsioner rejimlər də bu mövqedən nəticə çıxarmalı, bilməlidir ki, xalqları talamaqla toplanan sərvətlərə sahib olmaq mümkün deyil. Diktaturaların əsas qaynağının çirkli yollarla yığılan kapital olduğunu deyən AXCP funksioneri hazırda dünyada cərəyan edən proseslərin fonunda rejimlərin maliyyə işlərinin təftiş edilməsini təsadüfi saymır. F.Qəhrəmanlı hesab edir ki, başlanan proses yalnız Nazarbayevlə yekunlaşa bilməz: «Avtoritar rejimlərin çirkli kapitallarına qarşı mübarizənin daha da genişləndiriləcəyini gözləyirəm. Beynəlxalq birliyin demokratiya, insan haqları ilə bağlı çağrışlarına adekvat reaksiyanın verilməməsi, başqa avtoritar rejim başçılarının da adlarının bu sırada yer almasına gətirib çıxaracaq”.
F.Qəhrəmanlının fikrincə, Nazarbayevə qarşı aparılan araşdırmada diqqət çəkən daha bir məqam Avropa Birliyinin xüsusi sanksiya qərarı olmadan bu məsələnin gündəliyə gətirilməsidir. AXCP funksionerinin sözlərinə görə, bu o deməkdir ki, avtoritar rejimlər ətrafında halqa getdikcə daralmaqdadır.
Xəyal