İnsan hüquqları – türmə rejimində

Insan hüquqları – Demokratiyanın dörd ÖZÜL prinsipindən biri. Əliyevçi rejimin demokratiyanın bütün prinsiplərinə, ayrıca olaraq Insan hüquqları prinsipinə yağıcasına yanaşması üzündən Azərbaycan insan hüquqsuzluğu türməsinə çevrilib. Əliyevlər Azərbaycanında insan hüquqları başda olmaqla Demokratiyanın bütün prinsipləri tapdandığından, ölkəmiz demokratik dünyanın başlıca qınaq obyektlərindən birinə çevrilib. Demokratik rejim demək aşağıdan yuxarıya özgür seçim yoluyla xalqın ağalıq-hegemonluq statusu qazanması deməkdir. Əliyevçi rejim deməksə, ölkədə bəlli bir ailənin, bəlli bir tayfanın ağalığı-hegemonluğu deməkdir.
Bütün demokratik prinsiplərin, ayrıca olaraq Insan hüquqları prinsipinin daşlandığı, tapdandığı Azərbaycan bu gün əliyevçi ailə-tayfa rejiminin caynağında can verməkdədir. Bu rejimin başında duranlar ölkədə Demokratiyanın bircə prinsipini belə, gerçəkləşdirməsələr də, “demokratik dövlət” qurduqlarından danışırlar. Bugünlərdə Iranda olan Əli Həsənov özünün yalançı liderlərinin yalanlarını bir daha tirajlayıb: “Azərbaycan Respublikası hüquqi… dövlətdir. Azərbaycan insan hüquqlarının qorunmasına, azad sözün və mətbuatın inkişafına… hörmətlə yanaşır və bunların hər birinə təminat verir”.
Bu adam hər gün “Azadlıq” qəzetinin üçüncü səhifəsinin yuxarısındakı şəkillərə baxıb acıqlanır, sonra da bu sayaq yalanlar danışır. Ə.Həsənovun da, onun başında duranların da hər gün baxıb sinirləndiyi o şəkillər onlara hər gün, hər baxanda bunu deyir: “Siz yalançısız, XALQA düşmən YALAN rejiminin başçılarısız!”. Bu adamlar əliyevçi rejim antihüquq rejimi olduğundan; insan hüquqlarına, söz, media özgürlüyünə düşmən olduğundan dustaq ediliblər! Bu adamlar Insan hüquqlarına, söz-media özgürlüyünə qarantiya yaradan hüquq dövlətində yaşamaq istəklərindən tutulub türməyə salınıblar!
Ə.Həsənov da, onun başında duranlar da demokratik hüquq dövlətindən danışırlar. Bütün seçkilərin saxtalaşdırıldığı, parlamentin korrupsioner-kriminal rejim maraqlarına uyğun formalaşdırıldığı, hüququ qoruma qurumlarının, məhkəmələrin korrupsioner-kriminal rejim maraqlarına qulluq etdiyi ölkədə “demokratik hüquq dövləti” anlayışı yalnız demokratiyanın da, hüququn da, dövlətin də dırnaq türməsinə salındığı anlayış anlamında ola bilər. Azərbaycanda bu gün yalnız demokratik hüquq dövləti istəyənlər deyil, bu anlayışların özləri türmə-dustaq faktoruna çevrilib. Bu isə indilikdə doğal bir görsənişdir: rüşvətin, korrupsiyanın, oğurluğun, soyğunçuluğun DÖVLƏT SIYASƏTINƏ çevrildiyi ölkədə demokratik hüquq dövləti anlayışının özü kəsinliklə türmə-dustaq faktoruna çevrilməlidir. Belə olmasa bilirsizmi nə olar? Belə olmasa, ata Əliyevin qurduğu, oğul Əliyevin bu gün başında durduğu SISTEM bir neçə ayın içində darmadağın olar.
40 ildən bəri əliyevçi rejimin başlıca dayaqlarından birinə çevrilən, indilikdə bu rejimin baş ideoloqu olaraq tanınan, Azərbaycanın 40 illik keçmişini çürüdən R.Mehdiyevə oğul Əliyev bugünlərdə ölkənin yaxın gələcəyini də tapşırdı. Bunu onun administrator-filosof uğurları, seçkiləri saxtalaşdırma ustalığı, antikorrupsiya yetənəkləri ilə bağlı ödülləndirilməsi saymaq olar. Hakimiyyətin gözəlliyini yalnız diktaturada – despotik yönətimdə görən Ilham Əliyev üçün Ramiz Mehdiyev yerini kimsənin verə bilməyəcəyi fenomenal kadrdır. Ölkənin yaxın gələcəyini 40 illik türmə-dustaq rejiminin başlıca dayaqlarından birinə tapşırma görsənişi bizdə Insan hüquqlarına bundan sonra da belə bir rejim içində qarantiya yaratmaq deməkdir. Proqnoz: Tunisdən başlayan devrim dalğası Azərbaycana daha çox yaxınlaşdıqca R.Mehdiyev daha çox əliyevçi rejimin favoritinə çevriləcək – rejim başçısı bundan daha əlverişli yol görmədiyinə görə. Bu isə rejim üçün qarantiyalı dalan yoludur.