Hüquq müdafiəçiləri əfv komissiyasında görüş keçirəcək

Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları davam edir. “Media forum” saytının məlumatına görə, komissiya dekabrın 8-də toplanıb və əfv üçün daxil olan müraciətlərə baxıb. Komissiya gələn həftənin əvvəlində yenidən toplanacaq.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Media forum” saytına açıqlamasında deyib ki, bir neçə hüquq müdafiə təşkilatının təmsil olunduğu Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu gələn həftə Əfv Məsələləri Komissiyasının üzvləri ilə görüş keçirəcək: “Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu prezident İlham Əliyevə və Əfv Məsələləri Komissiyasına məktub da yazıb. Qarşıdan İlham Əliyevin 50 illik yubileyi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il gəlir. Belə bir əlamətdar günlər ərəfəsində əfvin verilməsini istəyirik. İstəyirik ki, Azərbaycanda siyasi məhbus məsələsi qurtarsın”.

Hüquq müdafiəçisi deyib ki, Əfv Məsələləri Komissiyasının üzvləri ilə görüşə Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun hazırladığı siyasi məhbuslar siyahısını aparacaqlar: “Siyahımızda 28 nəfərin adı var. Onların əfv olunmasını istəyirik və bunu müzakirə edəcəyik. İlk növbədə İctimai Palatanın 2 aprel mitinqində həbs olunanlar azadlığa buraxılmalıdır. Eyni zamanda, “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, keçmiş nazirlər Fərhad Əliyev, Əli İnsanov, Fərhad Əliyevin qardaşı Rafiq Əliyev, onlarla birlikdə həbs olunan şəxslər, Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, Vidadi İsgəndərli, bir neçə nəfər keçmiş “OMON”çu azadlığa buraxılmalıdır. Əfv Məsələləri Komissiyasının üzvləri ilə bu şəxslərin azadlığa buraxılmasını müzakirə edəcəyik, çünki onları azadlığa buraxmağın vaxtı çatıb”.

Novella Cəfəroğlunun sözlərinə görə, əvvəllər də əfv sərəncamı imzalanmamışdan öncə Əfv Məsələləri Komissiyasının üzvləri ilə görüşüblər: “Belə görüşlərin həmişə müsbət nəticəsi olub. Bizim siyahıda adı olan siyasi məhbusların əksəriyyəti Əfv Məsələləri Komissiyasının üzvləri ilə apardığımız müzakirə və məsləhətləşmə əsasında azadlığa buraxılıb. Siyasi məhbusların azadlığa buraxılması Azərbaycanın imici üçün vacibdir”.