Demokratik dünyanın MDB-yə aid planı işə düşdü

Ərəb inqilablarına Avropa dövlətlərinin dəstəyi təkcə müxtəlif siyasi-iqtisadi sanksiyalar səviyyəsində deyildi, həm də xalq hərəkatlarının uğurla başa çatmasında diktatorların xarici banklardakı hesablarına qoyulan həbslər öz sözünü dedi.
Elə də olmalıydı, çünki milli sərvəti yağı malı kimi talayıb, xarici banklardakı hesablarına yığan və sərvətləri artdıqca allahlıq iddiasına düşən, bütləşdirdikləri heykəllərini ölkələrinin hər tərəfinə sancan diktatorların əsas güvənci, dayağı, arxası xalq deyil, pul, var-dövlətdir. Xalqının qanından, canından, dərisindən topladıqları qızıl külçələrin, əskinasların onları nəinki bütün bəlalardan, “Qəzəb günü”ndən, inqilabdan, hətta ölümdən belə hifz edib, əbədi həyat qazandıracağına əmindir bu hökmdarlar. Ona görə də bank hesablarına həbs qoymaq artıq son deməkdir – ən azı, psixoloji baxımdan.
Indi isə bir qədər fərqli taktikanın şahidi oluruq – Nursultan Nazarbayevin timsalında. Qazaxıstanda heç bir inqilab, silahlı qarşıdurma yoxdur, amma Avropa qazax diktatorunun bank hesablarına həbs qoymağa hazırlaşır.
Maraqlı tendensiyadır: Ərəb dövlətlərində xalq siyasi baxımdan təşkilatlanmamış vəziyyətdə idi və silahlı üsyan labüd görünürdü, MDB ölkələri haqqında isə bunu söyləmək olmaz. Deməli, burda əks proses başlanmalıdır və başladı da. Artıq diktatorların bank hesablarına həbslər demokratik təzyiqin əsas elementinə çevrilir və küçə inqilabı hüquq müstəvisi üzərinə gətirilir.
Diqqət etdinizsə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Isveçrədəki bank hesablarına qoyulan həbs prokurorluğa edilən müraciətlə əlaqələndirilir. Bəs, Azərbaycandan belə müraciətlər yoxdurmu və ya olmayacaqmı?
Təkcə “Zülfüqarlı qardaşları” və Elşad Abdullayevin müraciətləri araşdırılma aparılması və şanlı diktatorumuzun hesablarına həbs qoyulması üçün kifayət qədər hüquqi imkan yaradır. Amma bu, hələ hamısı deyil. Azərbaycanda korrupsiya layihələri, monopoliyalar, siyasi təzyiqlər haqda Qərbin qənaəti, bir-birinin ardınca dünyanın ən nüfuzlu media orqanlarında çıxan yazılarda özünü göstərir. Artıq Azərbaycan iqtidarının var-dövlətini Avropada saxlayıb, Rusiyanın diqtəsi altında siyasi iradə nümayiş etdirməsi beynəlxalq gücləri qıcıqlandırır; artıq “Avropaya inteqrasiya yolu tutduğunu” bəyanlayan “gənc perspektivli”nin Rusiyanın Qəbələ RLS-i NATO-ya qarşı əsas izləyici obyektə çevirmə istəyinə razılaşması dünyanın diqqətindədir; artıq insan haqlarını ayaqları altında gəbərdən Ilham Əliyevin demokratik çağırışlara “bizə kimsə təsir edə bilməz” hədəsindən təngə gəliblər; artıq ABŞ və Türkiyə liderlərinin təkidli dəvətlərini vecinə almayan Ilham Əliyevin Medvedevin bir çağırışı ilə ayda 15 dəfə Rusiyaya getməsi göz deşir; artıq Qərbə uzatdığı neft borusundan axan milyardları Rusiyada Medvedevlə xizək sürməyə və at minməyə xərcləyən Azərbaycan siyasi elitası hamını boğaza yığıb! Bu gərginliyin hüquqi çözümü tapılmamalıydımı?
Adidən adi bir həqiqət var: Çin əhali və iqtisadi gücünə görə dünya liderliyinə iddiasını ortaya qoyur və Qərb analitikləri 2020-ci ilə qədər demokratiyanın Çin sərhədlərinə söykənməsində birmənalı qərarını hələ ötən əsrin 80-ci illərindən gündəmə gətiriblər. Bu plana mane olan nəinki “cırtdanlar”, hətta iri diktatorlar bir-birinin ardınca sıradan çıxır. Iş o yerə çatıb ki, Çin diktaturası “üçüncü dünya müharibəsi bahasına olsa belə, Iranı müdafiə edəcəyik” bəyanatı ilə demokratik təhlükədən xəbərdar olduğunu açıq şəkildə ifadə edir. Amma nə olsun?
Çin xəbərdardır, onun qarşısını almaqda isə acizdir. Ən zorakı aktların icraçısı Rusiyadırsa və diktatorların ümid-pənahı Moskvadırsa, baxın şimal qonşumuzun halına! Bu ölkə artıq siyasi kataklizmlərə qədəm qoyur. 20 subyekti olan federativ Rusiyanın daha hansı problemlərlə qarşılaşacağını Tatarıstan rəsmilərinin münasibəti üzə çıxarır. Diktatorların dirənişi üçün daha hansı siyasi meyar qaldı?
Rusiya idarəetmə sistemində olan iqtidarlar yaşam haqqını itiriblər və buna qarşı daxili dirənişdən Qərb çox məharətlə istifadə edəcək – birmənalı. Sən nə deyib bu dalğanın əleyhinə gedə bilərsən?