Sayılı günlərinin qaldığını etiraf edən Suriya diktatoru, bu günlərdə Rusiyadan olan rəsmilərlə görüşdə növbəti dalğa məkanının postsovet ölkələri olacağını bəyan etdi. Indi həmin rejimlər dilemma qarşısında qalıb, axı bu günə qədər ərəb despotlarını devirən xalqı qiyamçı adlandırmaqdan çəkinməyən oxşar rejimlər, bundan sonra hansı addımları atacaq? Bəşər Əsəd “nankor” çıxdı, yoxsa onu müdafiə edənlərə “çalışın mənim günümə düşməyin” mesajını verdi?
Aydındır ki, Bəşər Əsəd Baltikyanı ölkələri və Gürcüstanı nəzərdə tutmur. Bu məkanda biz də varıq və bizim rəsmilər də heç vaxt onu diktator adlandırmırlar. Artıq geriyə yolu olmayan əliqanlı despot, ona həmrəy olmuş postsovet ölkə başçılarına “bu yoldan çəkinin” deyir.
Yəqin ki, Qəzzafinin ölüm səhnəsini seyr etmisiniz. Son sözü amiranə tərzdə deyilmiş “vurma” oldu. Diktator ölümünün son dəqiqəsinə qədər nə baş verdiyini anlaya bilmədi. Ona elə gəlirdi ki, gec-tez liviyalılar ondan üzr istəyəcək və sitayişə davam edəcəklər. Axı 40 ildən çox müddətdə, xalqdan narazılıq pıçıltıları belə eşitməyən diktator, əksini necə düşünə bilərdi?
Bəşər Əsəd isə Ingiltərə təhsili görmüş bir diktatordur. Bu günə qədər onu saxlayan beynəlxalq qüvvələr mövcud idi. Rusiya başda olmaqla, qeyri-demokratik rejimlər, eləcə də beynəlxalq qeyri-şəffaf iqtisadi qurumlar sonadək dirəndilər, sonunda ağ bayraq qaldırdılar.
Bəşər Əsəd peşimandır. Hazırda, özünün və ailəsinin təhlükəsizliyi təminatını alanadək, geri çəkilməyəcəyini bəyan edir.
Artıq onu nə yığdığı milyardlar, nə də itirəcəyi post maraqlandırır. Bir arzusu var, sağ-salamat yaşaya biləcəyi bir dövlət!
Bu gün sadə bir suriyalı Bəşər Əsəddən daha xoşbəxtdir. Çünki o, öz doğma torpağında sərbəst gəzə biləcək. Bəşər Əsədin cah-cəlal içində yaşadığı həyat tərzini yaşamayanlar sadə suriyalılar buna heç təəssüflənmirlər. Əksinə, Bəşər böyük məmnuniyyətlə onlardan biri olmağa razılaşardı, qurulacaq yeni Suriyada sayılıb seçilən həkimlərdən biri olardı, insanlara sağlamlıq bəxş edər, hörmət-izzət sahibi olardı.
Bax, məhz bu həyatı Bəşər postsovet diktatorlara arzu edir, onu müdafiə etdikləri üçün, yəni təşəkkür edirəm sizlərə dəstək üçün, amma məğlubiyyət qaçılmazdı – “dalğanı gözləməyin, başınızın çarəsinə baxın, ətrafınız sizə yanlış məlumat verirlər, islahatlara başlaya bilmə şansınız varsa, dərhal başlayın, yoxdursa, Bin Əlinin etdiyini edin”.
Azərbaycanda isə, rəsmilər bu xəbərə heç “əhəmiyyət” vermədilər. Əlbəttə, zahirən. Gərginlik isə, hər bir məmurun üzündən aydın-açıq sezilməkdədir. Elə iki gün əvvəl bir qrup gəncin şəhərin mərkəzində eyni kitabı oxuması, hakimiyyəti təşvişə saldı, gənclər polisin gücü ilə dağıdıldı. Yəqin ki, bu yaxınlarda şəhərdə iki və daha çox insanın hərəkəti məhdudlaşdırılacaq. Açıq şəkildə xalqa mesaj verilir ki, “ölkəni biz bu hala salmışıq, biz də düzəldəcəyik, istəsək, əlbəttə. Hələlik isə, istəmirik. Vəssalam”.
Bu, istənilən diktatura üçün kodeksdir. Bu prinsiplərdən, bəziləri sonda, digərləri isə iş-işdən keçəndə əl çəkirlər. Yadınızdadırsa, Hüsnü Mübarək bütün hakimiyyət resurslarından məhrum edildikdən, hətta qurduğu partiyanın ondan imtina etməsindən sonra, danışıqlara hazır olduğunu (!) bəyan etdi, yeni hökumət isə onu həbs elədi.
“Işin içində” olan Əsəd, ona edilən dəstəyin “qarşılığını” bu cür verir – “deməsi məndən, açması sizdən əziz həmkarlarım, bir zamanlar xalqın cibindən oğurladıqlarınız gərəyiniz olmayacaq. Onu banklara yerləşdirənlər, xalqa qaytaracaqlar, ölkəni bir quru canla tərk etmək ən böyük arzu olacaq”.
…Diktatorlar əyləci olmayan və qırmızı işığa məhəl qoymayan sürət qatarlarının maşinistlərinə bənzəyirlər. Əks istiqamətdən gələn qatarların ona yol verməsinə adət etmiş bu “maşinistlər” nəhayət, bir gün dilemma qarşısında qalırlar və eyni sürətlə gələn qatarın “zarafat” etdiyini düşünürlər. Məsafə daraldıqca, xilas olmaq üçün seçimlər də, tükənir. Şəxsən mən buna sevinmirəm, “maşinist”in vaxtında düzgün qərar verməsini istəyirəm, hərçənd buna inanmasam belə…

Bəşər Əsədi dinləyin
•