Həkimləri niyə döy(m)ürlər?
(Birinci yazı)
Bir neçə gün əvvəl qəzetlər rayonlarımızın birində xəstə yaxınlarının həkimləri döydüyünü yazdı. Qeyd edim ki, belə hadisələr tez-tez baş verir, sadəcə, çoxundan mətbuatın xəbəri olmur. Bizim cəmiyyətdə həkimi məhkəməyə vermək nadir hallarda baş verir. Yol verdiyi xətaya, səhvə, həkim deontologiyası və etikasına riayət etmədiyinə görə nə qədər həkimin ağzını-burnunu dağıdıblar, təpiyin altına salıblar.
Həkim tanıyıram ki, xəstənin qohumlarının təcavüzü nəticəsində bir ay kəllə-beyin travması ilə xəstəxanada müalicə alıb.
Həkim göstərərəm ki, uşağı düzgün operasiya etmədiyi üçün silahlı basqına məruz qalıb və tibb işçiləri onu paltar şkafında gizlədib.
Həkim nişan verərəm ki, doqquz aylıq hamilə qadının və körpəsinin ölümünə səbəb olduqdan sonra diz çöküb mərhumun ailə üzvləri qarşısında yalvarıb. Sadəcə, xanım olduğuna görə fiziki təzyiqə məruz qalmayıb.
Bu tipli onlarla, yüzlərlə misal göstərmək olar.
Nədən döyürlər həkimləri? Dünyanın hər yerində bu müqəddəs məslək sahibinə xüsusi ehtiram göstərirlər, hörmət-izzətlə məclisin başına keçirirlər.
Nə baş verir ki, Azərbaycanda həkimə neqtiv münasibət formalaşıb?
Təbii ki, iradlar cümlə həkimlərimizə şamil oluna bilməz, nədən ki, bizdə də peşə prinsiplərinə məsuliyyətlə yanaşan, şəxsiyyətini pula satmayan, savadlı həkimlər var. Ancaq onların sayı çox azdır. O qədər azdır ki, barmaqla göstərirlər.
Azərbaycanda cəmiyyət həkimə etibar etmir, inanmır, yazsaq, cibində YAP-ın üzvlük vəsiqəsini gəzdirənlər hoppanıb-düşəcək, dişini qıcayacaq, buna əminəm. Bəri başdan deyirəm, əbəs yerə böyrəküstü vəzinin fəaliyyətini artırmağa dəyməz, mən də həkiməm və 10 ilə yaxın baş həkim vəzifəsində çalışdığım üçün səhiyyədə cərəyan edən cümlə anormallıqları, həkimlərə yaranan inamsızlığın səbəblərini yaxşı bilirəm.
Odur ki, opponentlik etmək iddiasında olanlar çiyinlərinin üstündə BAŞ olduğunu yaddan çıxarmasın və yalnız BAŞla düşündükdən sonra iradlarını ortaya qoysunlar.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Azərbaycan səhiyyəsinin mövcud durumu barədə qələmə alacaqlarım əsla müxalif düşərgədə dayanmağımdan irəli gəlmir. Sadəcə, həmkarlarımın acınacaqlı durumu məni ciddi narahat etməkdədir. Və elə buradaca, altını cızaraq yazıram ki, cəmiyyətdə həkimlərə neqativ münasibətin formalaşmasında ən birinci günah elə həkimlərin öz çiynindədir.
Niyə görə? Niyəsinə bir az uzaqdan gələk.
Dünyanın sivil dövlətlərində aşağıdakı 3 prinsip vətəndaş cəmiyyətinin formalaşmasında (oxu: millətin formalaşmasında) önəmli rol oynayır:
1. Zənginlər kasıblara dəstək olur;
2. Cavanlar qocalara ehtiram göstərir;
3. Sağlamlar xəstələrə yardım edir.
Xüsusən Qərbdə bu prinsiplərə ciddi riayət olunur və elə o səbəbdəndir ki, Qərb dünyasında həm dövlət, həm də cəmiyyətdə INSAN amilinə çox yüksək dəyər verilir.
Azərbaycanda bu sahədə vəziyyət necədir? Bir dəfə yazmışam, təkrar edirəm. Bizdə yüksək mənəvi dəyərlərə söykənən bu 3 prinsip tərsinə təzahür edir. Yəni:
– Zənginlər kasıbları istismar edir;
– Cavanlar qocaları saya salmır:
– Sağlamlar xəstələri zülmə məruz qoyur.
Ən acınacaqlı da odur ki, Azərbaycanda xəstə insanlara zülm edənlər xalqın dili ilə desək, həkim tayfasıdır.
Sirr deyil ki, Azərbaycanda həkim xəstəyə tibbi yardıma ehtiyacı olan INSAN kimi deyil, MÜŞTƏRI gözü ilə baxır. Dəllal-müştəri sövdələşməsində isə döyüb-döyülmə hər zaman təzahür edə bilər. Odur ki, “həkimləri niyə döyürlər” sualı kimsədə təəccüb doğurmamalı, əksinə, bisavad, dəllal həkimləri “niyə döymürlər” sualını çək-çevir etmək gərəkdir.
Dünyada 1 saylı humanist məslək sahiblərinin – həkimlərin XƏSTƏ insanların başına gətirdikləri müsibətlərin qaynaq mənbəyi yalnız və yalnız dövlətdir. Təbii ki, DÖVLƏT birbaşa həkimlərə “xəstələri istismar et” əmrini vermir. Lakin dövlətin qurduğu SƏHIYYƏ SISTEMI həkimləri humanizmdən uzaq düşməyə vadar edir.
Azərbaycanda səhiyyə sistemi nə vəziyyətdədir?
Bu barədə növbəti yazıda…